Modern.az

Gecikmiş sevgi etirafi

Gecikmiş sevgi etirafi

14 Noyabr 2019, 18:07

Hümbət HƏSƏNOĞLU

Esse


Bu gün Parkda təsadüfən məktəbdə sevdiyim qızı gördüm. Qısa tərəddüddən sonra yaxınlaşdım, tanışlıq verdim, yadına saldım. Çox güçlü göz yaddaşım var. Tanıdığıma çox təəccübləndi, axıra qədər də şübhələr içində qaldı deyəsən. Sinifdə o da mənə laqeyd deyildi, mənə həmişə təbəssümlə baxardı. Heç nə deyə bilmirdim ona. Elə baxışla sevişirdik. Sinfimizin əlaçıları idik. Əlaçı oğlanlar elə əlaçı qızları sevir. Əlaçı qızlar da əlaçı oğlanlara laqeyd olmur, məncə.


O, bir gün mənə gəlib deyəndə ki, son dəfədir dərsə gəlir, köçürlər, başqa məktəbə gedəcək, yenə səsim çıxmadı. Hiss etdim ki, mənim nəsə deməyimi gözləyir, amma içimdəki hisslər təlatümdə olsa da cınqırım çıxmadı. Məktəbdə qızlar oğlanları inkişafda qabaqlayırlar. Mənim inkişafım lap dayanmış imiş yəqin. Sonralar öz cəsarətsizliyimə görə özümü həmişə qınamışdım. Qınaq hissi həmişəlik içimdə qalmışdı, hərdən o qınaq özünü yadıma da salırdı. Uşaqlıqda baş verənlər hafizəmizə bərk hopur. O vaxtdan çox keçmişdi. İndi mən də nəvələrimlə, o da nəvələri ilə idi. Hal-əhval tutduq. Baxışlarında özümdən asılı olmayaraq keçmiş sevgimin izini axtardım. Heç nə görə bilmədim. Niyəsə təəssüfləndim. Sağollaşıb aralaşmaq istəyəndə məktəb yaşında bir qız yaxınlaşdı bizə, – böyük nəvəmdir – dedi. Qız mənə baxdı. Onun baxışı məni ildırım kimi vurdu, baxışının arxasınca gələn təbəssüm yaddaşımı bomba kimi partlatdı. Qarşımda uşaqlıq sevgim dayanmışdı. "Zaman maşını" məni uşaqlığıma qaytardı. Onun təbəssümlü gözlərinə baxıb ürəyimdə ucadan dedim: mən səni sevirəm!


Sənə bu sözləri demək üçün ömrüm boyu gözləmişəm... Özümə qayıtdım, başını sığalladım. Babanın nəvəsinə deyə biləcəyi ən xoş sözləri dedim ona. Mehriban sağollaşdıq. Onlardan aralaşanda içimdə yüngüllük hiss etdim. Səbəbini də bilirdim. Özümə qınaq hissindən qurtularaq nəvələrimin ardınca getdim.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi