Modern.az

Parlamentdə diaspor müzakirələri: Görülən işlər təqdir olundu

Parlamentdə diaspor müzakirələri: Görülən işlər təqdir olundu

19 Noyabr 2019, 14:42

Milli Məclis bu gün Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihəni ikinci oxunuşda müzakirəyə çıxarıb.  

Modern.az-ın məlumatına görə, iclasda çıxış edən Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib ki, bu məsələnin mərhum prezident Heydər Əliyevin anım günü ərəfəsində müzakirəyə çıxarılması həm də rəmzi məna daşıyır. Komitə rəhbəri mərhum prezidentin səfər etdiyi ölkələrdə bir qayda olaraq diaspor nümayəndələrimizlə görüşlər keçirdiyi, onların qayğıları, gördüyü işlərlə maraqlandığını xatırladıb:


“Azərbaycanın milli təltifləri sırasına daxil olan yeni medalın - “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi və onun ətrafında müzakirələrin unudulmaz Heydər Əliyevin anım günü ərəfələrinə təsadüf etməsi qanunauyğun və müəyyən mənada rəmzidir. Çünki Azərbaycanın müstəqilliyinin bərpasından sonra dövlətimizə rəhbərlik eləməyə başladığı ilk gündən etibarən Prezident Heydər Əliyevin əsas niyyətlərindən biri Azərbaycanın diaspor  quruculuğuna yönəlmişdi. O, xarici ölkələrə səfərlərində vaxtın məhdudluğuna baxmadan, işin çoxluğuna rəğmən, daim çalışırdı ki, mütləq səfər etdiyi ölkələrdəki diaspor nümayəndələri ilə müzakirələr aparsın, onları Azərbaycana daha yaxın etmək səmtində səylər göstərsin. O təşəbbüslərin bir çoxunun mən canlı şahidiyəm və nəticə etibarilə bu gün Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi varsa və uğurlu fəaliyyət göstərirsə, bütün bunlar unudulmaz Heydər Əliyevin illər boyu addım-addım apardığı işlərin nəticəsidir.
Diaspor fəaliyyətində xidmətə görə medalının təsis olunması son dərəcə əlamətdar və vaxtında baş verən bir hadisədir...
Sanki o medal əlavə bir körpüyə çevrilərək dünya boyu səpələnmiş azərbaycanlıları vətənimizə bir az da yaxınlaşdırır. Ona görə düşünürəm ki, diaspor  fəaliyyətində fəal olan ayrı-ayrı insanların gələcəkdə bu medalla təltif edilməsi çoxdan gözlənilən bir boşluğu yetərincə dolduracaqdır".

 


Daha sonra R.Hüseynov Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirib. Deyib ki, F.Muradov Dövlət Komitəsinin sədri vəzifəsinə başlayandan sonra adıçəkilən qurumun, Azərbaycan diasporunun fəaliyyətində böyük dönüş hiss olunmaqdadır:

"Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə bizim sabiq həmkarımız Fuad Muradovun gəlişindən sonra inamla demək olar ki, yeni bir mərhələ başlanmışdır. Ən əvvəl Azərbaycan diasporunun müxtəlif ölkələrdəki təmsilçiləri arasındakı anlaşılmazlıqlara, soyuqluqlara son qoyulmuşdur. Bunun da ardında ardıcıl aparılan danışıqlar, çoxlu görüşlər, müxtəlif qütblər arasında yaxınlaşmanı təmin etmək yolunda Komitənin sədri Fuad Muradovun çalışqanlığıdı. İnanırıq ki, gələcəkdə də bu səylər uğurla davam etdiriləcəkdir.

“Diaspora fəaliyyətində xidmətə görə” medalının özü haqqında da bunu demək olar ki, medal tərtibatı baxımından yetərincə cazibəlidir, milli və dünyəvi elementlər çox uğurlu şəkildə qovuşmuşdur, sadə bir şəkildə Azərbaycanın diaspor quruculuğunun fəlsəfəsi ifadə edilmişdir. İnanırıq ki, bu medalın Azərbaycanın təltifləri  sırasına qatılması gələcəkdə diaspor quruculuğuna öz töhfəsini verəcəkdir”.


R.Hüseynov “diaspor” sözü ilə bağlı da təklif səsləndirib:

“Bir məsələ ilə bağlı düşüncəmi ayrıca ifadə etmək istəyirəm. Elə məsələlər var ki, onların haqqında müzakirələr aparmaq, fikir mübadiləsinə qatılmaq, mübahisə etmək olar. Lakin elə suallar var ki, orda cavab birdir: “Diaspora” sözü yunan kəlməsidir və ingilislər də, ruslar da, bu sözü qəbul edən hər kəs onu “diaspora” kimi yazır. Qəribədir ki, yalnız bizdə bu söz “diaspor” kimi yazılır. “Diaspor” kimya elminə aid bir sözdür...
Xaricdə yaşayan soydaşları əks etdirən “diaspora” kəliməsi məhz elə “diaspora” kimi də yazılmalıdır. Mənim istəyim ondan ibarətdir ki, gələcəkdə bu medalın adında da, Komitənin adında da o söz olduğu şəkildə - “diaspora” kimi yazılsın”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir