Modern.az

 “Bələdiyyələr sanki “ölü doğulmuş uşaq”dırlar” - Üç DEPUTAT

 “Bələdiyyələr sanki “ölü doğulmuş uşaq”dırlar” - Üç DEPUTAT

Parlament

23 Noyabr 2019, 17:41

Azərbaycanda dekabrın 23-də keçiriləcək bəlkədiyyə seçkilərinə çox az müddət qalıb. Bununla əlaqədar son günlər bələdiyyələrin səlahiyyətlərinin artırılması, Böyük Şəhər Bələdiyyələrinin yaradılması və s. kimi təkliflər səsləndirilir. Sosial şəbəkələrdə və mətbuatda xüsusilə, qonşu Türkiyənin təcrübəsindən yararlanaraq, Böyük Şəhər Bələdiyyələrinin formalaşdırılmasının tərəfdarları ilə çox sıx rastlaşırıq.

 

Bu mövzuya Milli Məclisin üzvləri də biganə qalmadılar.

 

Modern.az-a bu barədə danışan deputat Qüdrət Həsənquliyev təklifi müsbət qiymətləndirir. O, hesab edir ki, Böyük Şəhər Bələdiyyələrinin yaradılmasına böyük ehtiyac var:

 

“Hesab edirəm ki, Bakı Böyük Şəhər Bələdiyyəsi mütləq yaradılmalıdır. Gəncə Şəhər Bələdiyyəsi də olmalıdır. Amma bu yetərli deyil. Bələdiyyələrin statusu, səlahiyyətləri genişləndirilməlidir.

Biz o vaxt bələdiyyələri Azərbaycanda yaradanda o prinsiplə yaratdıq ki, Azərbaycanda da bələdiyyələr var. Hamımız bilirdik, müzakirələrdə mən məsələ qaldırdım ki, bu statusla bələdiyyələrin heç bir effekti olmayacaq. Əksinə biz vətəndaşlarımızı, müəyyən bələdiyyə üzvlərini maaş vermək üçün yükləyirik. Müəyyən qədər insan da bələdiyyə üzvləri, bələdiyyə aparatının əməkdaşları kimi vergi verir, onları saxlayır”.

 

  1. Həsənquliyevin fikrincə, bələdiyyələr yaradıldıqda, icra hakimiyyətlərinin səlahiyyətləri məhdudlaşdırılmalı idi:

 

“Türkiyədə valilərin səlahiyyətləri nədirsə, Azərbaycanda da icra başçılarının səlahiyyətləri o olmalı idi. Amma təəssüf ki, bizdə icra başçılarının səlahiyyətləri olduğu kimi saxlandı. Bələdiyyələrə isə heç bir səlahiyyət verilmədi. Ona görə, bələdiyyələr sanki “ölü doğulmuş uşaq”dırlar. Onlardan böyük gözləntilər yoxdur. Görürsünüz, seçkilərə bir aydan az vaxt qalıb, amma ölkədə seçki ab-havası hiss olunmur. Bu da onunla bağlıdır ki, qurumun statusu yoxdur. Biz partiyamızda üzvlərə təklif etdik ki, namizədliyinizi verin. Onlar dedilər, seçicinin qarşısına çıxıb, nə vəd verək? Hansı problemi, hansı statusla, hansı səlahiyyətlə həll edəcəyik? Ona görə insanlar artıq seçkiyə qatılmağa da maraqlı deyillər. Bu isə hökuməti düşündürməlidir. Hesab edirəm ki, bələdiyyə institutuna, yerli özünüidarəetməyə geniş səlahiyyətlər verməliyik. Bələdiyyələrə yerli özünüidarə orqanı deyil, həm də dövlət hakimiyyət orqanı statusu verilməlidir. Vaxtilə necə ki, sovet dövründə “spalkom”lar var idi, elə səlahiyyətləri olmalıdır. Yerlərdə yaşayış məntəqələrinin rəhbərlərini xalq seçməlidir. Onlar xalqa hesabat verməlidirlər. İcra başçıları yalnız prezident qarşısında hesabat verir. Amma bələdiyyələr birbaşa yerli insanlar tərəfindən seçildiyinə görə, insanlar qarşısında hesabatlı olmalıdır. Bu idarəetmədə daha effektli, səmərəli olar və regionların inkişafına tövhə verər”.

 

Böyükşəhər bələdiyyələinin səlahiyyətlərinə gəlincə, Q.Həsənquliyev Türkiyəni nümunə götürməyi məqsədəuyğun hesab edir:

 

“Faktiki surətdə icra başçıları prezidentin yerlərdə konstitusiyaya nəzarət edən təmsilçiləri olmalıdır. Onlar bölgədə nəzarəti həyata keçirsinlər ki, kimlər konstitusiyanı pozur, ölkənin bütövlüyünə qarşı çıxış edir. Respublika əhəmiyyətli kəmərlər, nəqliyyat vasitələri, respublika əhəmiyyətli obyektlər ola bilər ki, üzərində nəzarət funksiyasını həyata keçirir. Bir növ prezidentin yerlərdə təmsilçisi funksiyasını həyata keçirir. Amma bütünlüklə idarəetmə - istər xidmət sferaları, məktəblər, səhiyyə xidmətləri, kommunikasiya xidmətləri və s. bələdiyyələrə verilməlidir. İstanbul bələdiyyəsinin səlahiyyəti nədirsə, Bakı bələdiyyəsinə də həmin səlahiyyətlər verilməlidir. İstanbul valisinin səlahiyyətləri nədir – dövlətin təmsilçisidir, vəssalam. Bizdə də eyni qaydada bu məsələ öz həllini tapmalıdır. Bəzi ölkələrdə bələdiyyə sədri “mer” adlanır və birbaşa seçilir. Amma Azərbaycanda düşünürəm ki, biz gələcəkdə parlament respublika modelinə keçid etməliyik. Bizdə demokratik ənənələr vərdiş halını almadığı üçün yaxşı olardı ki, mer bələdiyyə üzvləri tərəfindən seçilsin ki, dərhal şəxsiyyətə pərəstiş yaranmasın, hakimiyyət bir əldə cəmləşməsin. Bunu da yerli xüsusiyyət kimi nəzərə almalıyıq”.

 

Deputat Arif Rəhimzadə isə Böyük Şəhər Bələdiyyələrinin yaradılmasını dəstəkləmir:

 

“Bələdiyyələr əvvəl öz ayaqları üzərində dursunlar. Əhali ilə bələdiyyə arasında lazımi münasibətlər yaransın. Ondan sonra bu haqda düşünmək olar. Hələ bu barədə danışmaq tezdir”.

 

Deputat Azər Badamov da Böyük Şəhər bələdiyyələrinin yaradılması üçün hələ erkən olduğunu düşünür:

 

“Bu il bələdiyyə institutunun yaradılmasının 20 ili tamam olur. Bu illər əzrində Azərbaycan bələdiyyə institutu kifayət qədər inkişaf edib. Amma bu o demək deyil ki, biz Türkiyə bələdiyyələri ilə Azərbaycan bələdiyyələrini müqayisə edə bilmərik. Türkiyə bələdiyyələri tarixi yol keçib, tam formalaşa bilib. Azərbaycanda isə bələdiyyələr tam oturuşa bilməyib, bələdiyyələrin lazımi şəkildə vəsaiti olmadan bütün şəhərin məsuliyyətini vermək düzgün deyil. Görülən əksər işlər dövlət büdcəsindən həyata keçirilir. Bələdiyyələr isə özünüidarə qurumlarıdır. Bu qurumların büdcələri qaneedici şəkildə formalaşmadan, şəhərin infrastrukturunun gücünü üzərinə götürə biləcək şəkildə olmadığından böyük şəhər bələdiyyələrinin yaradılması məqəsdəduyğun deyil. Amma zaman keçdikcə bu sistem də inkişaf edib, öz maliyyə əsaslarını yarada biləcək səviyyədə olacaq. Onda böyük şəhər bələdiyyəsinin yaradılması gündəmə gələ bilər”.

 

Azər Badamov düşünür ki, bələdiyyələrin fəaliyyəti üçün qanunvericilik bazasına nəzər saldıqda onların müstəqilliyini və fəaliyyətini təmin edən qanunvericiliyin formalaşdığını görərik:

 

“Burada çatışmayan cəhət isə bələdiyyələrdə müasir təfəkkürün formalaşmamasıdır. Bu bələdiyyələrin daha geniş səlahiyyətlərlə fəlaiyyətinə mane olur. Bizim elə bələdiyyələrimiz var ki, öz fəaliyyəti ilə uğur qazanıblar, xalq tərəfindən də hörmətlə qarşılanır. Bu o demək ceyil ki, bütün bələdiyyələr öz fəaliyyətləri ilə üzərlərinə qoyulan vəzifələri doğrulda bilib. Bunun üçün müəyyən müddət lazımdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!