Modern.az

Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul edib

Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul edib

Parlament

Bu gün, 11:16

Milli Məclis 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat qəbul edib.

Modern.az xəbər verir ki, bəyanat parlamentin payız sessiyasının ilk iclasında səsləndirilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, altı il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin başladığı zəfər yürüşü ölkəmizin tarixində yeni dövr açıb.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazanılan qələbə şəhər və kəndlərimizin böyük hissəsinin Ermənistanın 30 illik işğalından azad edilməsinə, dövlətimizin ərazi bütövlüyünün bərpasına şərait yaradıb.

Sahibə Qafarova qeyd edib ki, 2023-cü ilin sentyabrında keçirilən bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi bütün ərazisində təmin olunub.

Milli Məclisin sədri vurğulayıb ki, bu tarixi zəfərlər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xəttin uğurunu nümayiş etdirib. Azərbaycan xalqı tarixi qələbələri ona bəxş edən Müzəffər Ali Baş Komandana, cəsur əsgər və zabitlərə daim minnətdardır.

Daha sonra bəyanatın mətnini deputat Ramid Namazov oxuyub.

Bəyanatda vurğulanıb ki, Vətən müharibəsində əldə edilən Zəfər regionda əvvəlki onilliklər ərzində yaranmış hərbi-siyasi reallığı dəyişib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının işğal olunmuş torpaqların azad edilməsini tələb edən dörd qətnaməsinin və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını öz gücü ilə təmin edib.

Qeyd olunub ki, tarixi qələbə Heydər Əliyevin siyasi irsinə əsaslanan dövlət quruculuğu, iqtisadi inkişaf, müdafiə potensialının artırılması və müasir peşəkar ordunun yaradılması istiqamətində uzun illər aparılan məqsədyönlü işin nəticəsidir. Qələbənin ən mühüm amillərindən biri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi və hərbi rəhbərliyi, sarsılmaz iradəsi və strateji uzaqgörənliyi olub.

Bəyanatda Azərbaycan əsgər və zabitlərinin mərdliyi və qəhrəmanlığı xüsusi vurğulanıb. Bildirilib ki, azad edilmiş hər bir şəhər və kənd, hər bir yüksəklik onların şücaətinə şahiddir.

Sənəddə Ermənistan silahlı qüvvələrinin müharibə dövründə dinc əhaliyə qarşı hücumları da pislənilib. Bəyanata əsasən, bu hücumlar nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən 11 uşaq həlak olub, 450-dən çox insan yaralanıb.

Bəyanatda 2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror əməliyyatının Vətən müharibəsində qazanılmış tarixi Zəfərin məntiqi davamı olduğu bildirilib. Vurğulanıb ki, Anım Günü azadlığın hansı qurbanlar hesabına əldə edildiyini xatırladır, Zəfər Günü ədalətin bərqərar olmasını, Dövlət Suverenliyi Günü isə Azərbaycanın suverenliyinin bütün ərazisində təmin edilməsini ifadə edir.

Şəhid ailələrinin və qazilərin sosial müdafiəsi, tibbi reabilitasiyası, mənzil təminatı və məşğulluğu məsələlərinin dövlətin diqqət mərkəzində olduğu qeyd edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə davamlı tədbirlər həyata keçirdiyi vurğulanıb.

Milli Məclis bəyanatda şəhidlərin əziz xatirəsinə dərin ehtiramını, qələbəyə töhfə vermiş əsgər və zabitlərə minnətdarlığını ifadə edib.

“Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi doğma torpağa məhəbbətin və fədakarlığın ən yüksək təcəssümü kimi xalqımızın qəlbində əbədi yaşayacaq”, – bəyanatda bildirilib.

Bəyanat səsə qoyularaq qəbul edilib.


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada əhaliyə şok qadağa - Küçəyə çıxmayın!