Azərbaycan və İran arasında son dövrdə intensivləşən siyasi təmasların parlamentlərarası əlaqələrdə də özünü göstərib-göstərmədiyi maraq doğurur. Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı, Baş nazirin müavini Şahin Mustafayevin Tehran səfəri və qarşılıqlı nümayəndə heyətlərinin təmasları fonunda parlament diplomatiyası çərçivəsində də yeni görüş və müzakirələrin gündəmə gəlib-gəlmədiyi diqqət çəkir.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun üzvü Ceyhun Məmmədov bildirib ki, iki ölkənin parlamentləri arasında təmaslar davamlı xarakter daşıyır:
“Bildiyiniz kimi, bu gün bu təmaslar var və davamlı olaraq həyata keçirilir. Baş nazirin müavini Şahin Mustafayevin də səfəri oldu. Cənab Prezident dünən öz həmkarını təbrik etdi. Bütün bunlar bizim əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini göstərir. Bir müddət bundan əvvəl Azərbaycanın nümayəndə heyəti İranda olmuşdu və parlamentlərarası münasibətlər çərçivəsində də işçi qrupları arasında davamlı olaraq müxtəlif görüşlər keçirilir. Qarşılıqlı səfərlər olur və bu səfərlərdə tərəflər müxtəlif məsələləri müzakirə edirlər. İşçi qruplarının bu cür təmaslarının davam etdirilməsi nəzərdə tutulur. Bu, davamlı olaraq həyata keçirilən bir prosesdir və beynəlxalq təcrübədir”.

C.Məmmədov qeyd edib ki, Azərbaycan və İran parlamentlərarası işçi qruplarının növbəti görüşünün keçirilməsi məsələsi proseslərin gedişindən və gündəlikdə olan məsələlərdən asılıdır:
“Qarşılıqlı səfərlərin həyata keçirilməsi, müzakirələrin aparılması heç bir halda istisna olunmur. Sadəcə, bu, proseslərin, işlərin gedişatından və gündəlikdə olan məsələlərdən asılıdır. Əgər belə bir məsələ gündəmə gələrsə, təbii ki, bu barədə mətbuata da məlumat veriləcək. Ümumiyyətlə, burada əsas xətt odur ki, hər iki dövlət əlaqələrin gücləndirilməsində, inkişafında və daha da irəli getməsində maraqlıdır. Bu məsələ, bu mənada, hesab edirəm ki, istisna olunmur və bu barədə cəmiyyətə də məlumat veriləcək”.