Milli Məclisin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planının layihəsi təsdiqlənib.
Modern.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb.
Plana aşağıdakı qanun layihələrinin daxil edilməsi nəzərdə tutulur:
- Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri;
- Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin layihəsi;
- “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi;
- “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi;
- “Aqrar sahə haqqında” qanun layihəsi;
- “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi;
- Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.
Dövlət Qulluğu Məcəlləsinin və “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin aparıcı komitəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi müəyyən edilib.
Korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsinə dair layihə üzrə aparıcı komitə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsidir. “Aqrar sahə haqqında” və “Məhsul şəhadətnaməsi haqqında” qanun layihələri üzrə isə bu vəzifə Aqrar siyasət komitəsinə həvalə olunub.
Sənəddə Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Baş Prokurorluğun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinə baxılması da nəzərdə tutulur.
Məsələ səsə qoyularaq qəbul edilib.