Modern.az

Cümhuriyyət ruhunu zəmanəmizə daşıyan kişi - Şirməmməd Hüseynov VİDEO

Cümhuriyyət ruhunu zəmanəmizə daşıyan kişi - Şirməmməd Hüseynov VİDEO

17 Dekabr 2019, 12:29

Mətbuat tarixinin araşdırıcısı, Rəsulzadə irsinin qoruyucusu, siyasi icmalçı, jurnalist nəslini formalaşdıran şəxs və s...

 

Lakin professor Şirməmməd Hüseynovun bunlardan savayı başqa bir əsas işi də olub. Bu missiyanı onun 94 illik ömrünün bəlkə də əsas qayəsi adlandırmaq olar. Bu, Dahidaşımaq xidməti olub. Bəli, Şirməmməd müəllim özündə, ruhunda, cizgilərində Cümhuriyyəti quran, mətbuatımızın əsasını qoyan dahiləri daşıyırdı...

 

Xatırlayıram, onları ruhunda, hərəkətlərində, hər bir ədasında daşıyar, özü ilə fakültəyə gətirərdi.

 

Şirməmməd Hüseynov tələbələri üçün sanki  Həsən bəy Zərdabi, Üzeyir bəy, Məhəmmədəmin Rəsulzadə, Ceyhun Hacıbəyli, Əhməd Ağaoğlu, Nəsib bəyin sığındığı bir qarderob idi....

 

Onun baməzə, sətiraltı məna daşıyan sözlərindən görürdük ki, Üzeyir bəy göz vurur...

 

Qılınc məntiqə söykənən analitik qabiliyyəti, uzaq gələcəyə hesablanan fikirlərindən Rəsulzadə boylanırdı...

 

Təmənnasızlıq, ədalət uğrunda barışmazlıq heysiyyatından Zərdabi baxıb gülümsəyirdi...

 

Dərs zamanı səxavətli idi... Qarderobunun qapısını geniş açardı.. Kim bacarardısa oradan Üzeyir bəyçiliyi götürüb ruhuna, düşüncəsinə geyinməyə çalışardı... Kimi isə Rəsulzadəçiliyi... Kimi isə heç birini...

 

Həmin o heç birini götürə bilməyənləri Şirməmməd müəllimin görən gözü olmazdı... Amma yarızarafat-yarıgerçək deyərdi: onlarla dostluq edin, çünki gələcəkdə nüfuz sahibi olacaqlar...

 

O, dahiləri üzərində məhz bu cür daşıyırdı... Ömrünün sonunacən də bu missiyasına sadiq qaldı.

 

Daşımaqla kifayətlənməyib onları qorudu... Hər kiçik ədası, hətta əlində portfeli, dim-dik yerişi ilə  belə onların qoxusunu  indikilərə gətirərdi...

 

2019-cu ilin qızmar yay ayının  günortasında insanların bir qismi Üzeyir bəy üçün ağladı... Digəri Rəsulzadə üçün heyifisləndi... Bəziləri Zərdabini görə bilməyəcəyindən qorxdur... Nəsib bəy, Ceyhun bəy üçün də darıxanlar az deyildi....

 

Həmin qızmar yay gününün II Fəxri Xiyabanında isə yalnız bir nəfər dəfn olunurdu: professor Şirməmməd Hüseynov...

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi