Modern.az

“Azərbaycan diasporu” elektron kitabxanası istifadəyə verildi

“Azərbaycan diasporu” elektron kitabxanası istifadəyə verildi

10 Yanvar 2020, 16:01

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında kitabxananın və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə “Azərbaycan diasporu” elektron kitabxana layihəsi istifadəyə verilib. Təqdimat mərasimində həmçinin Azərbaycan diasporu ilə bağlı tədqiqat aparan alimlər iştirak ediblər.

 

Modern.az xəbər verir ki, kitabxananın direktoru Mayıl Əhmədov yeni layihə haqqında bildirib ki, azərbaycanlılar zaman-zaman müxtəlif səbəblərdən dünyanın bir sıra ölkələrinə səpələniblər. Yalnız Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xaricdə yaşayan soydaşlarımızla əlaqələr genişlənib və Azərbaycan diasporunun təşkilatlanmasının yeni mərhələsi başlanıb. Bu gün dövlətimiz onun ərazisindən kənarda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinə təminat verir və onlara hamilik edir.

M.Əhmədov qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik gününün bayram kimi qeyd edilməsi, dünya azərbaycanlılarının qurultaylarının və forumlarının keçirilməsi, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının qəbul edilməsi, diaspor sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi, dövlətimizin başçısının diaspor təşkilatlarının nümayəndələri ilə müntəzəm olaraq görüşlərinin keçirilməsi Prezident Kitabxanasının mövcud elektron resursunun yenidən sistemləşdirilərək və materiallarla zənginləşdirilərək elektron kitabxana kimi oxuculara təqdim edilməsini zəruri edib.

 

İstifadəçilərə təqdim edilən “Azərbaycan diasporu” elektron kitabxanası 7 fəsildən və 19 bölmədən ibarətdir. “Tarix” adlanan və beş bölmədən ibarət birinci fəslin “Mühacirət tarixi” adlanan bölməsində Azərbaycan diasporunun təşəkkül və formalaşmasına səbəb olan amillər təhlil edilir, müəyyən ictimai-siyasi, sosial-iqtisadi və digər səbəblər nəticəsində tarixi-etnik ərazilərindən kənara zorla, yaxud könüllü mühacirət edərək, xaricdə kompakt icma halında yaşayan, milli-mədəni mənsubiyyətini qoruyub saxlayan və inkişaf etdirən, tarixi vətəni ilə mütəmadi əlaqələr quran həmvətənlər haqqında məlumat verilir. Hazırda Azərbaycan Respublikası da daxil olmaqla, dünyanın 70-dək ölkəsində təqribən 50 milyona yaxın azərbaycanlının yaşadığı qeyd edilir. Bu fəslin “Sovet dövrü” adlanan bölməsində 1920-ci ilin aprelində Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra Xalq Cümhuriyyətinin qurucularına və dövlət orqanlarında çalışanlara qarşı kütləvi həbslər həyata keçirilməsi nəticəsində Sovet Azərbaycanından ilk mühacirət dalğasının başlaması, təqiblərdən canını qurtaranlar və onların ailə üzvləri müxtəlif yollarla xarici ölkələrə, əsasən də Türkiyəyə qaçmaları haqqında məlumat verilir. Bu bölmədə həmçinin mühacir təşkilatlarının yaranması, mühacir mətbuatı, XX əsrin 80-ci illərində fəaliyyət göstərən Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqədar Cəmiyyəti haqqında ətraflı məlumat verilir. “Müstəqillik dövrü” adlanan bölmədə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı görülən işlər, Dünya Azərbaycanlılarının qurultayları barəsində istifadəçilər ətraflı məlumatlandırılır. Bu fəslin “Heydər Əliyev və Azərbaycan diasporu” adlanan bölməsində Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı, Ümummilli liderin Azərbaycan diasporunun nümayəndələri ilə görüşlərdə çıxışları və nitqləri, xaricdə yaşayan soydaşlarımıza ünvanlandığı müraciətləri, diaspor təşkilatlarına və soydaşlarımıza məktubları, dünya azərbaycanlılarının Heydər Əliyevə təbrikləri və müraciətləri öz əksini tapır. “Prezident İlham Əliyev və Azərbaycan diasporu” adlanan beşinci bölmədə dövlət başçısının Azərbaycan diasporunun nümayəndələri ilə müxtəlif görüşlərdə çıxışları və nitqləri, o cümlədən ötən ilin dekabrında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşündə çıxışı, diaspor nümayəndələrinin qəbulları haqqında materiallar, xaricdə yaşayan soydaşlarımıza müraciətləri, diaspor təşkilatlarına və soydaşlarımıza məktubları toplanılıb.

 

Elektron kitabxananın “Azərbaycançılıq” adlanan ikinci fəslində azərbaycançılıq ideologiyasının mahiyyəti haqqında məlumat verilir, bu ideyanın əsrlər boyu formalaşan çoxmillətli Azərbaycan xalqını birləşdirən, müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edən bir dəyərlər sistemi olduğu vurğulanır.

 

“Qurultaylar və Forumlar” adlanan üçüncü fəslin birinci bölməsində dünya azərbaycanlılarının I, II, III, IV qurultaylarının sənədləri və materialları ayrıca bölmələr şəklində öz əksini tapır. İkinci bölmədə isə “Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu” haqqında materiallar da ayrıca bölmə şəklində istifadəçilərə təqdim edilir.

 

Elektron kitabxananın “Qanunvericilik” fəsli dörd bölmədən ibarətdir. “Qanunlar” adlanan birinci bölmədə xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında Azərbaycan Respublikasının Qanunlarının, “Fərmanlar” bölməsində Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması və fəaliyyəti ilə bağlı sənədlərin tam mətnləri öz əksini tapır. “Sərəncamlar” bölməsində Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə diaspor fəallarının təltif edilmələri ilə bağlı və diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarının mətnləri yerləşdirilib. “Qərarlar” bölməsində isə parlamentin dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə qəbul etdiyi qərarların və Nazirlər Kabinetinin Diasporla İş üzrə Dövlət Komitəsi haqqında qərarlarının mətnləri əks etdirilir. 

 

“Diaspor təşkilatları” fəslində Diasporla İş üzrə Dövlət Komitəsinin materialları əsasında 48 ölkədə fəaliyyət göstərən 556 diaspor təşkilatı, onların rəhbərləri, ünvanları və əlaqə vasitələri  haqqında yığcam məlumatlar istifadəçilərə təqdim edilir.

“Elektron resurslar” adlanan fəsildə Azərbaycan diasporu haqqında 1500-dən artıq kitab və seçmə məqalənin elektron versiyaları yerləşdirilib.

Elektron kitabxananın “Biblioqrafiya” fəsli üç bölmədən ibarətdir. “Kitablar” bölməsində bu mövzuda Azərbaycan, rus və ingilis dillərində 130-dan artıq kitabın, “Avtoreferatlar” bölməsində 18 avtoreferatın, “Dövri mətbuat” bölməsində isə 3000-ə yaxın məqalənin biblioqrafik təsviri verilir.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdimat mərasimində çıxış edərək xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu istiqamətində görülən işlər, qarşıda duran vəzifələr haqqında ətraflı söhbət açıb.

 

Müzakirələrdə Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Vaterloo Universitetinin professoru İlham Axundov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, AMEA Tarix İnstitutunun Azərbaycan diasporu şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli, tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlı çıxış edərək təqdim edilən layihə barəsində fikirlərini söyləmiş və təkliflərini bildiriblər.

 

“Azərbaycan diasporu” elektron kitabxanası //diaspora.preslib.az/ subdomenində yerləşdirilib və müntəzəm olaraq yenilənir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı