Modern.az

Vətəndaşlar Prezidentə nə yazırlar? - “Siz bizi böyük bir çətinlikdən qurtardınız”

Vətəndaşlar Prezidentə nə yazırlar? - “Siz bizi böyük bir çətinlikdən qurtardınız”

18 Fevral 2020, 13:49

"Ölkə vətəndaşları hər zaman olduğu kimi, 2019-cu ildə də sosial problemlərinin həlli, həyata keçirilən abadlıq-quruculuq işləri, ölkəmizin qazandığı nailiyyətlər və uğurlarla əlaqədar dövlətimizin başçısına çoxsaylı minnətdarlıq məktubları göndəriblər. Onlar öz problemlərinin həlli ilə yanaşı, respublikada aparılan əzəmətli quruculuq işlərindən duyduqları böyük sevinc hissini ifadə etməyi özlərinə borc hesab edirlər. Belə məktublar, demək olar ki, Azərbaycanın bütün bölgələrini əhatə edir".

 

Modern.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2019-cu ildə vətəndaşları düşündürən, onları narahat edən məsələlərin dövlət qurumlarında necə həll olunmasından, bu işə ölkə rəhbərliyi tərəfindən göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində bildirilib.

 

Şöbə müdirinin sözlərinə görə, yola saldığımız 2019-cu il ölkə tarixində mühüm sosial islahatlar ili kimi yadda qaldığına və bu islahatların təsir dairəsi çox geniş olduğuna görə bununla bağlı il ərzində xeyli minnətdarlıq məktubu daxil olub:

 

"Ümumiyyətlə, ölkəmizin sürətli inkişafı və bunun fonunda xalqımızın güzəranının yaxşılaşması vətəndaş məktublarının mütləq əksəriyyətini səciyyələndirən əsas mövzulardandır. Gəncədən M.Orucov, K.Əhmədov və başqaları dövlət başçısına müraciətlərində yazırlar: “Sizin respublikamıza rəhbərliyiniz dövründə ölkəmizin sosial-iqtisadi inkişafı üçün çox işlər görülüb, uğurlu siyasətiniz nəticəsində Azərbaycan iqtisadi cəhətdən qüdrətli ölkəyə çevrilib, xalqımız isə daha firavan yaşayır. Bütün bunlar Sizin gərgin əməyinizin nəticələridir”.

 

S.ismayılov qeyd edib ki, vətəndaşlar bu gün ölkəmizdə müşahidə olunan sürətli sosial-iqtisadi inkişafın respublikada demoqrafik vəziyyətə müsbət təsir göstərdiyini qeyd edərək, ötən il 10 milyonuncu Azərbaycan sakininin dünyaya gəlməsindən yaranan sevinclərini də bölüşür, bununla fəxr etdiklərini bildirirlər:

 

"Suraxanının Hövsan qəsəbəsindən F.Hacıyev bu barədə fikirlərini belə ifadə edir: “Bir vətəndaş olaraq, 10 milyonuncu Azərbaycan sakininin dünyaya gəlməsindən qürur hissi keçirirəm. Sizin Mehriban xanımla birlikdə uşağın doğulduğu səhiyyə ocağına getməyiniz, onun valideynləri ilə görüşüb səmimi söhbət etməyiniz, dövlət tərəfindən bu ailəyə mənzil verilməsi və hesablarına vəsait köçürülməsi Azərbaycan vətəndaşına olan yüksək qayğının əyani sübutudur”".

 

PA-nın şöbə müdirinin sözlərinə görə, Azərbaycan vətəndaşları ölkəmiz üçün taleyüklü məsələlərdə, xüsusilə Qarabağ məsələsində hər zaman birlik, həmrəylik nümayiş etdirir və dövlət başçısının hər bir qəti addımını dəstəkləyirlər: 

 

"Ötən il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı dövlət başçısının Ermənistan baş nazirinin “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının xülya olduğunu vurğulayaraq, “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə geniş rezonans doğurdu. Bakının Binəqədi, Qaradağ, Nərimanov, Nizami rayonlarından, Naxçıvan Muxtar Respublikasından, Gəncə, Mingəçevir, Sumqayıt, və başqa şəhərlərdən, Abşeron, Ağdam, Balakən, Cəlilabad, Daşkəsən, Qobustan, Qubadlı, Qusar, Masallı, Salyan, Tərtər, Zərdab və digər rayonlardan bununla əlaqədar gələn onlarla fərdi və kollektiv minnətdarlıq məktubunda Prezidentin bu cəsarətli çıxışı ilə bağlı xoş sözlər əksini tapmışdır.

Xətai rayonundan A.Hacıyev yazır: “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasındakı çıxışınızı fəxrlə izlədim. “Qarabağ Azərbaycandır və nida işarəsi” deməyiniz məni həm qürurlandırdı, həm də kövrəltdi. Mükəmməl, olduqca qətiyyətli və sərrast cavabdır”".

 

S.İsmayılov qeyd edib ki, məktubların bir çoxunda vətəndaşlar aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramından asılılığının aradan qaldırılması, onların kiçik sahibkarlığa keçidinin təmin olunması məqsədi daşıyan özünüməşğulluq proqramını bəyəndiklərini və dəstəklədiklərini bildirir, yaradılmış imkandan səmərəli istifadə edərək təsərrüfatlarını ildən-ilə genişləndirməyə çalışdıqlarını və buna nail olacaqlarına inandıqlarını yazırlar:

 

"Biləsuvardan Y.Fətəliyev, T.Şirinov və başqaları (cəmi 73 nəfər) isə fikirlərini belə ifadə edirlər: “Özünüməşğulluq proqramının çox böyük əhəmiyyəti var. Sizin tapşırığınız əsasında icra olunan proqrama biz də cəlb edilmişik. Çoxdan idi ki, öz təsərrüfatımızı yaratmaq istəyirdik, lakin maddi imkanımız yetərli olmadığına görə bunu edə bilmirdik. Özünüməşğulluq proqramı bu sahədə bizə çox böyük kömək oldu. Proqrama uyğun olaraq bizə mal və materiallar verildi, indi hər birimiz öz ailə təsərrüfatımızı qurmuşuq”.

 

Sosial məsələlərin həllində, o cümlədən əhalinin məşğulluğunun təmin edilməsində mühüm töhfələrdən biri də Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin yaradılmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il mayın 9-da Bakının Yasamal rayonunda DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində demişdir: “Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir. DOST Agentliyinin yaradılması bu istiqamətdə atılmış çox önəmli islahatdır. Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi, əminəm ki, vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcək”.

Lerikdən G.Quliyevanın məktubunu buna misal göstərmək olar. O, yazır: “Dolanışığımızı daha da yaxşılaşdırmaq üçün müraciət etmişdim. Müraciətimə baxıldı və məni “DOST İş Mərkəzi”ndə işə götürdülər. Ailəmizin maddi vəziyyəti xeyli yaxşılaşdı”".

 

Şöbə müdiri məqaləsində qeyd edib ki, devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşdikləri maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Azərbaycan Prezidentinin ötən il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı bu baxımdan olduqca böyük əhəmiyyət kəsb etdi:

 

"Ümumilikdə, 602 min 347 fiziki şəxsi əhatə edən bu Fərman çərçivəsində həmin şəxslərə 657 milyon manat məbləğində kompensasiya nəzərdə tutulmuş, artıq 2019-cu ildə 600 min nəfər üzrə 645 milyon manat kompensasiya ödənilmişdir. Beləliklə, Fərmanın icra faizi əhatə dairəsi üzrə 99,6 faizə çatıb.

Şirvandan A.Allahverdiyevin məktubunda isə bu sözlər yer alır: “Siz bizi böyük bir çətinlikdən qurtardınız. Problemli kreditlərin həlli istiqamətində atdığınız addım Sizin xalqın yanında olduğunuzu bir daha göstərdi”".

 

S.İsmayılov həmçinin qeyd edib ki, müraciətlərin bir çoxunda vətəndaşlar xalqın güzəranının yaxşılaşdırılmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin milli maraqlarının və mənafeyinin müdafiə olunmasında, Azərbaycan mədəniyyətinin və incəsənətinin daha da inkişaf etdirilməsində və təbliğində dövlət başçısı ilə birlikdə hər zaman yüksək fəallıq nümayiş etdirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın xidmətlərini təqdir edir, onların bir sıra mühüm təşəbbüslərini, Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələri yüksək qiymətləndirirlər:

 

"Xaçmazın Köhnə Xaçmaz kəndindən S.Məmmədovanın məktubunda yer alan sözlər də bunu əks etdirir. O bildirir: “Pay torpağımda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi “Sosial bağlar” layihəsi çərçivəsində yeni meyvə bağı salınaraq bizə təhvil verildi. Biz kənd adamlarıyıq, dolanışığımız torpaqdan, bağ-bostandan çıxır. Allahın köməyi ilə bir neçə il sonra bu bağdan bol məhsul götürəcəyik. Bu, dövlətin ailəmizin dolanışığına verdiyi töhfədir. Eyni zamanda, bununla özümüz üçün yeni iş yeri qazanmışıq”".

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı