Modern.az

Vidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılır

Vidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılır

19 Fevral 2020, 15:50

Ali Məhkəmədə keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynov və digərlərinin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirlib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda zərərçəkmiş hüquqi şəxs - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi vəsatətlə çıxış edib.

 

O bildirib ki, kassasiya şikayətləri müsadirə edilməsi üçün üzərinə həbs qoyulmuş əmlaklarla bağlıdır: "Hazırda nazirlik həmin əmlaklarla bağlı araşdırma aparır. Bu səbəbdən prosesin araşdırma başa çatanadək təxirə salınmasını xahiş edirik".

 

Dövlət ittihamçısı vəsatətə etiraz edib. Müdafiə tərəfi isə vəsaitin təmin edilməsini istəyib.

 

Məhkəmə yerində müşavirə edərək vəsatəti təmin edib. Proses martın 11-ə təyin edilib.

 

Qeyd edək ki, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin şəxslərin əmlakının üzərinə həbs qoyulub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə, B.Hüseynovun cəzası isə 7 il 6 aya endirilib. Həmçinin qərara əsasən, V.Zeynalov və digər təqsirləndirilən şəxslərin bəzi əmlakının üzərinə qoyulmuş həbs götürülüb. Belə ki, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlakının üzərindən həbs götürülüb və müsadirə dayandırılıb.

 

Hazırda bütün məhkumlar azadlıqdadırlar.

 

Kassasiya şikayəti üsərinə həbs qoyulmuş əmlaklarla bağlı verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır