Modern.az

“Elmi dərəcələrin verilməsində MDB ölkələrinin təcrübəsindən yararlanırıq” - AAK sədri

“Elmi dərəcələrin verilməsində MDB ölkələrinin təcrübəsindən yararlanırıq” - AAK sədri

19 Fevral 2020, 19:08

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib.

Modern.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müxtəlif qurumlarla keçirilən görüşlərin Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan quruculuq prosesinə fəal şəkildə dəstək verməyə xidmət etdiyini bildirib. Çıxışında Ali Attestasiya Komissiyasının yeni rəhbərliyinin fəaliyyətinə də toxunan akademik Ramiz Mehdiyev komissiyanın işinin möhkəmləndirilməsi və nüfuzunun artırılması istiqamətində Prezident sərəncamı ilə görülən işlərdən, bu sahədə tətbiq olunan yeniliklərdən danışıb.

Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev isə rəhbərlik etdiyi müddət ərzində 2500-yə yaxın elmi işə baxıldığını və bunun əsasında aparılan müşahidələrlə prosedur qaydalar, normativ sənədlər və mexanizmlərin yeniləndiyini, sənədlərdəki mücərrədliyin layihələrlə aradan qaldırıldığını diqqətə çatdırıb. Elmi dərəcə və elmi adların verilməsi prosesindən söz açan sədr yenilənmiş normativ sənədlər, əlavə və dəyişiklik edilmiş qaydalar və dövri elmi nəşrlər barədə geniş məlumat verib. Ölkə başçısının 11 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə toxunan F.Mustafayev elmi dərəcələrin verilməsində Rusiya, Belarusiya, Qazaxıstan, Ukrayna, o cümlədən Avropa ölkələrinin təcrübəsindən yararlandıqlarını bildirib.

Elmi dərəcə və elmi adların verilməsi üçün elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri və ya bazaları, eləcə də elmi məqalələrin ölkədə dərc olunması tövsiyə olunan dövri elmi nəşrlərlə bağlı vacib nüansları da tədbir iştirakçılarının nəzərinə çatdırıb.



Görüşdə məqalələrin, konfrans, konqres və simpoziumla bağlı tələblərin sayının azaldıldığını vurğulayan Famil Mustafayev dissertasiya işlərinin tərtibi, həcmi, təqdim olunma müddəti, dissertasiya şuralarının səsvermə qaydaları, səlahiyyət müddəti, xaricə göndərilən avtoreferatların yazılma dili, seminarlar, plagiat baş verən hallarda tətbiq olunan qaydalarla əlaqədar tətbiq olunan yeniliklər və dəyişiklikləri diqqətə çatdırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir