Modern.az

“Putin bunu etsə, Qərbdən heç nə ilə fərqlənməyəcək”

“Putin bunu etsə, Qərbdən heç nə ilə fərqlənməyəcək”

Aktual

19 Fevral 2020, 19:54

"Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Konstutisyaya dəyişiliklər ediləcək. Bu il referendum keçiriləcək. Xeyli dəyişiklik təklif olunub. Parlamentin və Baş Nazirin səlahiyyətlərinin artırılması və bir nəfərin iki dəfədən çox prezident seçilməsinin yasaq olunmasıyla bağlı çox yazılıb. Ancaq diqqətimi Putinin təklif etdiyi bir başqa maddə çəkir".

 

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiya federasiyasının Konstitusiyasına dəyişikliklər təklifi ilə bağlı məsələni şərh edərkən deyib.

 

Onun sözlərinə görə, Putin və onun tərəfdarları istəyirlər ki, Rusiya, Konstitusiyada Böyük Vətən müharibəsindəki qalib kimi göstərilsin:

 

"Bunu belə əsaslandırırlar ki, guya Qərbdə tarixi həqiqəti dəyişmək istəyənlər var. Həqiqətən Qərbdəki bəzi dairələr İkinci Dünya Müharibəsinin başlanmasına görə faşist Almaniyası ilə yanaşı son zamanlar keçmiş SSRİ-nin də məsuliyyət daşıdığını bildirirlər.

Əlbəttə, Almaniyada Adolf Hitlerin 1933-cü ildə hakimiyyətə yiyələnməsi ilə qonşu ölkələrə qarşı işğalçı müharibələri danmaq olmaz. Ancaq bu elə həmin faşist Almaniyasıdır ki, SSRİ diktatoru Stalinlə gizli anlaşma nəticəsində Polşanı böldülər. Stalin faşist Almaniyasının İkinci Dünya Müharibəsinin başlanması tarixinə, yəni Polşanın işğal edildiyi 1 sentyabr 1939-cu ilə səssiz qaldı. Halbuki, Fransa və Böyük Britaniya Polşaya müdaxilə edən Almaniyaya qarşı dərhal müharibə elan etdilər.

Qərblə Rusiya arasında bu mövzuya dair mübahisələrin bizə elə bir aidiyyatı yoxdur. Bizə aid olan Rusiyanın Konstitusiyasına salınacaq maddədir. Məsələ burasındadır ki, faşist Almaniyası üzərində qələbəni yalnız ruslar təmin etməyiblər, bu müharibədə SSRİ-də yaşayan bütün xalqların, o cümlədən azərbaycanlıların da rolu olub. 600 min azərbaycanlı müharibə iştirakçısı olub, soydaşlarımızın yarısı geri qayıtmayıb. Əgər Rusiya Konstitusiyasına maddə əlavə edəcəklərsə, “müharibədə iştirak edən keçmiş SSRİ xalqları” yazmalıdırlar, əks halda Rusiya İkinci Dünya Müharibəsi mövzusunda ikili standartlarda ittiham etdiyi Qərbdən heç nə ilə fərqlənməyəcək".

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir