Modern.az

Xocalılılardan Avropa Azərbaycanlılarına müraciət: Mitinqə gəlin, Səsimizi dünyaya çatdırın

Xocalılılardan Avropa Azərbaycanlılarına müraciət: Mitinqə gəlin, Səsimizi dünyaya çatdırın

Diaspor

20 Fevral 2020, 13:02

Fevralın 22-də Berlindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə bağlı Ümumavropa Qarabağ mitinqi keçiriləcək.

 

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə  keçiriləcək tədbirə xaricdə yaşayan minlərlə soydaşımız iştirak edəcək.

 

Aksiyaya Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvlərinin qatılacağı  gözlənilir.

 

Məlumat üçün bildirək ki, ötən il, Xocalı soyqırımının 27-ci ildönümündə ilk dəfə olaraq Ümumavropa Qarabağ mitinqi keçirilmişdi.

 

Müşahidəçilər hesab edirlər ki, bu kimi mitinqin miqyasının ölkə hüdudlarından xeyli uzaqda olmasının xeyli müsbət tərəfi var.

Əvvəla, ölkədən kənarda yaşayan soydaşlarımız artıq milli məsələlərdə bir yerdə olduqlarını nümayiş etdirirlər. Əsas isə odur ki, bu, sözdə deyil, əməldə görünür.

 

Qarabağ gerçəkliyi dünyanın siyasi mərkəzlərində...

 

Məsələnin ciddi nəticəsi də göz önündədir. Həm erməni lobbisi, həm də rəsmi Ermənistan bundan ciddi əndişəsini gizlətmir.

Çünki Qarabağ gerçəkliyi dünyanın siyasi mərkəzlərindən dünya insanına çatdırılır.

Təbii ki, bu dəfə də elə olacaq.

 

Modern.az saytı dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən Azərbaycanlıların Koordinasiya Şuralarının əlaqələndiricisi ilə mitinq öncəsi durumu müzakirə edib.

 

Almaniyada keçiriləcək Qarabağ mitinqinin əsas fərqi: Daha çox adam, daha çox ölkə...

 

Belçika-Niderland Koordinasiya Şurasının əlaqələndiricisi, EuroAzNL cəmiyyətinin sədri Emil Əliyev  deyir ki, bu il könüllülər daha çoxdur:

“Bu il də keçən ilki kimi Ümumavropa Qarabağ mitinqi keçiriləcək. Bu o deməkdir ki, həmvətənlərimiz Avropada yaşasalar da, Azərbaycanın acılı günlərini yaddan çıxartmırlar. Həmin günlərdən ən dəhşətlisi Xocalı soyqırımıdır ki, həmişə anılır. Son 2 ildə Xocalı soyqırımı böyük miqyasda onminlərlə adamın toplandığı məkanda yad edilir. Bu, tək hansısa meydanda görüş deyil. Bu, həm də həmin ərəfədə o ölkənin parlament nümayəndələri, bələdiyyə üzvləri ilə görüşlərdir.

Bu il Almaniyada keçiriləcək Qarabağ mitinqinin əsas fərqi odur ki, daha çox adam bu aksiyaya qatılacaq. Bu siyahıda daha çox ölkələr və insanlar var.

Ümid edirəm ki, möhtəşəm aksiya olacaq. İnsanlar könüllü formada bu mitinqə qoşulmaq istəyir. Belçika-Hollandiya Koordinasiya Şurası olaraq bütün heyətlə mitinqdə iştirak edəcəyik. Hətta Niderlanddan da 100 nəfərdən çox adam Almaniyaya gedəcək. İnsanlar arasında müraciət edənlər çoxdur”.

 

 

Hər kəs aksiyada iştirak etmək istəyir...

 

İsveçrə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi, “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirovun sözlərinə görə, bu dəfəki Xocalı mitinqinə gələn insanlar keçən ilkindən fərqlənir:

“Bu dəfə könüllü qatılmaq istəyənlərin sayı daha çoxdur. İnanıram ki, hər il belə formada Xocalı soyqırımını dünyaya çatdırmaq hamımız üçün müsbətə doğru irəliləyiş deməkdir. Hər kəs bu gündə iştirak etmək istəyir və Xocalı soyqırımını dünyaya çatdırmağa çalışırlar.

İnsanlar mitinqə qatılmaq üçün bizə müraciət ünvanlayır. Könüllülük prinsipi daha çox diqqət cəlb edir. Azərbaycandan kənarda hər bir soydaşımız Xocalı soyqrımının dünyada tanıdılmasına çalışır”.

 

Türkiyəlilər də aksiyaya qatılacaq...

 

Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndiricisi  və Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova Qarabağ mitinqi üçün Almaniyaya gedəcəyini deyib:

“Ümid edirəm ki, bu il daha  cox insan mitinqə qatılacaq. Berlin böyük şəhərdir. Orada minlərlə türk yaşayır. Əminəm ki, onlar da bu mitinqə könüllü qatılacaq.  Finlandiyadan da bu il mitinqə qatılacaqların sayı artıb. Vətənimizə sevgimiz olmasa könüllü heç bir şey olmaz”.

 

Xocalılardan Avropa Azərbaycanlılarına müraciət...

Bu arada Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilmiş  25 Xocalı sakini, “25-lər” (1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə, Xocalı soyqırımı zamanı 1-10 yaş arası 25 uşağın hər iki valideyni onların gözlərinin önündə qətlə yetirilib – N.B)  Avropada yaşayan azərbaycanlılara müraciət  ediblər.

Onlar soydaşlarımızın bu mitinqdə daha mütəşəkkil, daha çox qatılmalarını xahiş edib.

Müraciətdə belə aksiyaların Xocalı soyqırımının dünya çapında qəbul edilməsində böyük əhəmiyyətə malik olduğu vurğulanır.

Xocalı harayınını, Xocalıların səsninin bütün dünyada eşidilməsi üçün Avropada yaşayan hər bir azərbaycanlıdan fevralın 22-də Berlində keçiriləcək Ümumavropa Qarabağ mitinqinədə iştirak etmələr xahiş edilir.

“Siz Avropada Xocalısıniz, Siz Avropada bizim səsimizsiniz, Siz bizim səsimizi dünyaya çatdırın ”- deyə, müraciətdə bildirilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü