Modern.az

“Putinin hakimiyyətdə qalması Qarabağ məsələsində...” - ŞƏRH

“Putinin hakimiyyətdə qalması Qarabağ məsələsində...” - ŞƏRH

Qarabağ

11 Mart 2020, 13:17

Xəbər verdiyimiz kimi, Vladimir Putin Dövlət Dumasında çıxışı zamanı prezidentlik müddətinin sıfırlanması ilə bağlı dəyişiklik Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənərsə, 2024-cü ildən sonra da prezident postunda fəaliyyətini davam etdirməyə razı olacağını deyib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövcud vəziyyəti şərh edərək bildirib ki, Vladimir Putin dövləti təhlükələrdən qorumaq üçün hakimiyyətinin davam etməsini istəyir:

 

“Konstitusiya dəyişikliklərinə gedəndə Vladimir Putin elan etmişdi ki, bir nəfər iki dəfədən çox prezident seçilə bilməz. Yəqin, ondan sonra fikrini dəyişib. Dünən Dövlət Dumasındakı çıxışından da bu qənaətə gəldim ki, əslində qorxu var ki, mən getsəm, ölkə dağıla bilər. Ona görə yenidən iki dəfə seçilməyə ümid edir. O, yenidən iki dəfə seçilsə, 2036-cı ilə qədər prezident olacaq. Bu o deməkdir ki, əslində Rusiyada siyasi və iqtisadi sistem hələ oturuşmayıb. Putin də öz çıxışında buna işarə etdi ki, çox təəssüf ki, hələ də hər şey bir nəfərdən asılıdır. Bir nəfər güclü olursa, dövləti idarə etmək olur.  Prezident zəif olursa, ölkənin dağılması təhlükəsi yarana bilər. Bu dağılma təhlükəsini hiss etdiyinə görə növbəti illərdə də Rusiyada prezident olaraq qalacaq”.

 

Politoloq Putinin hakimiyyət müddətinin uzanmasının Azərbaycanla münasibətlərə, xüsusilə Qarabağ münaqişəsinin həlli istiqamətindəki işlərə necə təsir edəcəyinə də aydınlıq gətirib:

“Onun hakimiyyətdə qalmağının Azərbaycana, Qarabağ məsələsinə elə bir təsiri olacağını gözləmirəm. Putin 4 il fasilə ilə 20 ildir ki, hakimiyyətdədir. Azərbaycan-Rusiya münasibətləri, Qarabağ münaqişəsinin həlli hansı səviyyədədirsə, Rusiyanın Azərbaycana təsirləri də o səviyyədə olacaq. Nə bundan artıq, nə də az”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!