Ötən gün Ermənistan və Rusiya arasında Birgə Koordinasiya Komitəsinin beşinci iclası keçirilib. İclasda Ermənistan və Rusiya nümayəndələri Metsamor Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunun istismar müddətinin yenidən uzadılması layihəsini müzakirə ediblər. Azərbaycan Metsamor AES-in dərhal bağlanmasını və fəaliyyətinin dayandırılmasını tələb edib. Müxtəlif beynəlxalq platformalarda Metsamor AES-in həm Cənubi Qafqaz, həm də ətraf regionlar üçün çox ciddi ekoloji, humanitar və nüvə təhlükəsi mənbəyi olduğu mütəmadi olaraq bəyan edilib.
Ermənistanın bu köhnəlmiş Atom Elektrik Stansiyasının müddətini uzatmağa çalışmasının arxasında duran səbəblər maraq doğurur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu Modern.az-a bildirib ki, Ermənistan mümkün enerji böhranına hazırlaşır:
"Çünki Rusiya ilə münasibətlər həm Ermənistanın qaz təchizatında, həm də elektrik təchizatında potensial problemlər yarada bilər. Ona görə də, Ermənistanın Atom Elektrik Stansiyasının enerji blokunu yenidən istismara hazırlaması elə Atom Elektrik Stansiyası boyda bir təhlükədir. Bu təhlükə təkcə Ermənistan üçün deyil, həm də Azərbaycan və Türkiyə üçün də böyük təhdiddir. Nəticə etibarilə Metsamor Atom Elektrik Stansiyası Türkiyənin İğdır şəhəri ilə sərhəddədir və eyni zamanda paralel olaraq həm də Naxçıvanla sərhəddədir".

Deputat bu qərarın sadəcə enerji təchizatı məsələsi yox, həm də siyasi qərar olduğunu düşünür:
"Ermənistanın Rusiya ilə münasibətlərdə Rusiyanın təzyiqini bir qədər azaltmağa hesablanıb. Ona görə ki, bundan əvvəl modul tipli yeni Atom Elektrik Stansiyalarının Ermənistanda quraşdırılması ilə bağlı Amerika Birləşmiş Ştatları ilə bir razılaşma var idi. Amma hazırkı siyasi vəziyyət və Rusiyanın təzyiqi görünür, bu razılaşmanın reallaşmasını əngəlləyir. Artıq dəfələrlə istismar müddəti uzadılmış bir Atom Elektrik Stansiyasının istismar müddətinin yenidən uzadılması regionu saatlı bomba ilə təhdid etmək deməkdir".
Parlamentari vurğulayıb ki, Ermənistan Metsamor AES-in onun özü üçün də təhlükəli olduğunu analamlıdır:
"Bu gün dünyanın diqqəti yaşıl enerji mənbələrinə yönəlib. Belə bir vaxtda hər an böyük faciələrə səbəb olacaq Atom Elektrik Stansiyasının istismarı region üçün çox təhlükəlidir. Xüsusən nəzərə almaq lazımdır ki, köhnə, artıq istifadə olunmayan texnologiyalarla bu istismar həyata keçirilir. Ermənistan bunu mütləq nəzərə almalıdır. Ona görə də, Metsamor AES-in istismarının uzadılması reallaşdırılmamalıdır. Əksinə, qonşu ölkələrin enerji ixracatı hesabına Ermənistanın alternativ elektrik enerji təminatı yaradılmalıdır. Bunun üçün Ermənistan qısa müddətdə sülh sənədini imzlamağa hazır olmalıdır. Beləliklə, həm Ermənistan, həm Türkiyə, həm də Azərbaycan üçün təhlükəli olan Metsamor AES-i bərpa etmək əvəzinə, Türkiyə və Azərbaycandan yaşıl enerji mənbələri ilə öz tələbatını ödəmiş olsun".