Modern.az

Dünya azərbaycanlıları koronovirusa görə birləşdi – KOORDİNASİYA ŞURALARINDAN AÇIQLAMA

Dünya azərbaycanlıları koronovirusa görə birləşdi – KOORDİNASİYA ŞURALARINDAN AÇIQLAMA

16 Mart 2020, 19:50

Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” və əcnəbi aviaşirkətlər tərəfindən həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırılıb.

 

Xaricdə olan soydaşlarımızın əksəriyyəti çarter reyslərlə ölkəmizə geri dönsə də, hələ də hava limanlarında gözləyən, təhsil müəssisələri bağlanıldığı üçün çətin vəziyyətdə olanlar var. 

 

Belə bir zamanda dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar feysbukun məşhur səyahət qrupu olan "Gəzəyənlər"də maraqlı addım atıb.

 

Belə ki, Avropanın bir çox ölkəsində, eləcə də ABŞ, Avstraliyada yaşayan azərbaycanlılar çətin vəziyyətdə qalanlara səslənərək kömək edə biləcəklərini  qeyd ediblər.

 

Bu barədə xarici ölkələrdəki diaspor nümayəndələri, Koordinasiya Şuralarının üzvləri Modern.az-a danışıblar.

 

Onlar qürbətdə yaşayan azərbaycanlıların addımını təqdirəlayiq hesab edirlər.

 

 

Polşada Azərbaycan Diaspor Təşkilatının rəhbəri Fərid Cəfərli qeyd edib ki, Azərbaycan diasporunun üzvləri, Varşava Azərbaycanlılar birliyi və Koordinasiya Şurası ilə bərabər Polşada yaşayan azərbaycanlıların siyahısını tərtib ediblər:

 

“Biz artıq “Whatsapp” üzərindən qrup yaratmışıq. Bizim burada təhsil alan tələbələrimizin əksəriyyətinin kirayə ev tutmağa imkanı yoxdur. Çoxu hostellərdə, yataqxanalarda qalırlar. Bu gündən etibarən mövcud vəziyyətlə əlaqədar hostelləri boşaldırlar. Biz yaratdığımız qrupda qaldıqları yerdən çıxarılan tələbələrə dəstək oluruq. Artıq rəsmi olaraq, Polşadakı Azərbaycan səfirliyinə də müraciət ünvanlamışıq. Çünki əksəriyyət tələbənin vizası mart ayına qədərdir, amma ölkədən çıxış edə bilmirlər. Bununla bağlı konsulluğa da rəsmi müraciət etmişik, cavab gözləyirik. Bütün addımlarımızın dəqiqləşməsi sabah üçün mümkün olacaq”.

 

 

Almaniya azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev də “Gəzəyənlər” qrupunun üzvlərinin həmyerlilərimizə dəstəyini müsbət qiymətləndirirb:

 

“Virusdan qorunmaq üçün bütün Avropa ölkələrində, xüsusilə Almaniyada lazımi addımlar atılır. Biz də öz həmvətənlərimizə imkan daxilində qayğı göstərməyə hazırıq. Əsasən Federal Almaniya Hökuməti və yerli hökumətlər tərəfindən bütün müvafiq addımlar atılır. Koronavirus bəlasından qurtulmaq üçün bütün insanların biri-birinə dayaq olması vacibdir.

 

Azərbaycanlı olaraq, həmvətənlərimizə əlimizdən gələn bütün köməyi etməyə hazırıq. Artıq səfirlik və digər rəsmi qurumlarla danışıqlar aparmışıq. Bütün ölkələr kimi  Almaniya da hadisələrə vaxtında reaksiya verib.

 

Ümid edirik ki, tezliklə bu bəladan can qurtara biləcəyik”.

 

 

Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Toğrul Zeynalov isə həm Fransada, həm də digər dövlətlərdə Koordinasiya Şuralarının yaradıldığını xatırladıb:

 

“Bu məsələləri artıq Diasporla İş üzrə Dövlət Komitəsi ilə, səfirlik və konsulluqla müzakirə edirik, sıx əlaqədəyik. Diaspor komitəsində 24 saat fəaliyyət göstərən qərargah yaradılıb. Bizim işimiz isə burada yaşayan azərbaycanlılarla sıx əlaqədə olub, yardıma ehtiyacı olanlara dəstək olmaq, bununla bağlı rəsmi qurumlara məlumat verməkdir. Hesab edirəm ki, indi bu məsələlərə diqqətlə yanaşmaq lazımdır ki, panikaya yol açmasın.

 

Sosial şəbəkədə paylaşılan məlumatı yoxlamaq, sonra addım atmaq lazımdır. Bu kimi məqamlarda diasporun öz xətti ilə nə isə etmək daha düzgün olar. Belə məqamda proseslərin vahid bazadan idarə olunması həm insanların təhlükəsizliyi, həm də dəstək baxımından birliyin olması üçün vacibdir”.

 

 

Azərbaycan İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov diqqətə çatdırıb ki, virusun fəsadları artıq Avropanı demək olar, öz cənginə alıb:

 

“Uzun illərdir, mən yaşadığım İtaliyada isə vəziyyət o qədər də ürəkaçan deyil. İndi isə virus dalğası digər Avropa ölkələrini vurmağa başlayıb. Sözsüz ki, bu durumda müxtəlif formatda məhdudiyyətlər tətbiq olunub. Bir çox soydaşımız hazırda Azərbaycana qayıda bilmir. Gəzəyənlər “Facebook” qrupunda başlanan bu kompaniya təqdirəlayiqdir. İnsanımızın çətin durumda olanlara öz qapısını, evini açmasından, yardım etmək istəməsindən gözəl nə ola bilər ki?! Mən də öz növbəmdə qeyd etmək istərdim ki, Azərbaycan İtaliya Birliyi və Azərbaycan İtaliya Gənclər Assosiasiyası birlikdə İtaliyada hal-hazırda çətin durumda olan soydaşlarımız üçün fond yaradıb. Fondda toplanan məbləğ, maddi çətinliyi olan tələbələrimizə, soydaşlarımıza göndəriləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?