Modern.az

Diaspor rəhbəri Ukraynadan təxliyyə olunmasını istəyən azərbaycanlıların sayını AÇIQLADI

Diaspor rəhbəri Ukraynadan təxliyyə olunmasını istəyən azərbaycanlıların sayını AÇIQLADI

20 Mart 2020, 15:47

Koronavirusun əhatə dairəsi günü-gündən artır, ölkələr karantin rejimi elan edir. Qonşu ölkələrə uçuşları ləğv edən və azərbaycanlıların geniş müstəvidə yaşadığı ölkələrdən biri də Ukraynadır. Elə məhz bu səbəbdən Ukraynada mövcud vəziyyəti öyrənməyə və azərbaycanlıların təxliyəsi ilə bağlı məsələnin nə yerdə olduğunu aydınlaşdırmağa çalışdıq.

 

Ukraynadakı mövcud vəziyyətlə bağlı Modern.az-a danışan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov ölkədə karantin rejiminin geniş tətbiq edildiyini bildirərək, azərbaycanlıların davamlı olaraq təxliyə üçün müraciət etdiyini deyir:

 

“Ukraynada karantin rejimi günü-gündən daha geniş tətbiq edilir.  Bütün aviareyslər təxirə salınıb, iaşə obyektləri fəaliyyətini dayandırıb. Bildiyim qədəri ilə Bakıda bu cür iaşə obyektləri 21:00-adək fəaliyyət göstərir amma bizdə ümumiyyətlə belə yerlər bağlıdır. Metrolar fəaliyyətini dayandırıb, avtobuslara isə 10 nəfərdən artıq insan buraxılmır. Mağazalarda qida yetərincə olsa da apteklərdə maska, antiseptik əlcək çatışmazlığı var. İnternet üzərindən bu kimi vasitələri satırlar amma onların da qiyməti çox bahadır. Təxliyə üçün 330-a yaxın azərbaycanlı konsulluğa müraciət edib. Təxliyə məsələsində öncəlik  əvvəlcədən bileti olan amma uçuşları təxirə salınan insanlara veriləcək. Yataqxanalarda qalan azərbaycanlı tələbələrlə də əlaqə saxlayırıq. Onların da təxliyyəsi baş tutacaq. Ölkədə virusa yoluxanların adları gizli saxlanılır amma bildiyimiz qədəri ilə onların arasında azərbaycanlı yoxdur”.

 

Hikmət Cavadov bildirib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Ukraynada qalan tələbələrin sayını öyrənmək və onlarla daimi əlaqə qurmaq üçün Operativ qərargah yaradıb:

“Qərargaha Ukraynada çalışan azərbaycanlı həkimlər, iş adamları və fəal gənclər daxildir. Operativ qərargahın üzvləri, Kiyevin müxtəlif tələbə yataqxanalarında yaşayan azərbaycanlı tələbələrlə görüş keçirib, onların problem və ehtiyacları ilə maraqlanıb. Hazırda Ukraynada qalan azərbaycanlı tələbələrin dəqiq sayının müəyyənləşdirilməsi, eləcə də bütün tələbələrlə sıx əlaqə üçün qaynar xətt də yaradılıb. Ukraynanın bölgələrində də operativ qərargahlar yaradılır və bu qərargahlar tək tələbələrə deyil, karantin zamanı, müxtəlif səbəblərdən Ukraynanı tərk edə biməyən bütün Azərbaycan vətəndaşlarına yardım etməyə hazırdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...