Modern.az

Bakıda kirayəhaqqını ödəməkdə çətinlik çəkənlər...

Bakıda kirayəhaqqını ödəməkdə çətinlik çəkənlər...

Aktual

7 Aprel 2020, 11:23

“Pandemiya dövründə icarə məsələsi iki istiqamətdə qalxıb. Birincisi adi vətəndaşların kirayə götürdükləri evlərlə bağlıdır, ikincisi mikro və kiçik sahibkarların icarələrilə bağlıdır”.


Bu barədə Modern.az-a danışan daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev bildirib ki, Bakıdakı kommersiya obyektlərinin 99 faizi icarədədir:

“İctimai iaşə, ticarət obyektləri, ofislərin hamısı icarədədir. Mikro və kiçik sahibkarlıqda bununla bağlı çox böyük problemlər var. Məsələ burasındadır ki, pandemiya ilə əlaqədar iş yerləri bağlandığından vətəndaşlar icarəhaqqını ödəməkdə çətinlik çəkirlər. Mikro və kiçik sahibkarlıq subyektlərində gəlirlər əhəmiyyətli dərəcədə azalıb, hətta yoxdur demək daha düzgündür. Mikro sahibkarlıq subyektləri var ki, icarədə olduqları obyekt üzrə ödəniş hətta ümumi vergi ödənişlərindən də çoxdur. Biznes qeyri-aktiv fazada olduğundan, gəlirlər sıfıra düşdüyündən, təhlükəsizlik “yastığı” olmadığından bu problem yaşanır”.

 

Ekspert qeyd edib ki, eyni vəziyyəti vətəndaşlar da yaşayır:

“Bakıdakı mənzillərin çoxu kirayəyə verilib. Pandemiya vətəndaşların gəlirlərinə əhəmiyyətli təsir etdiyindən, onlar da kirayəhaqqını ödəməkdə çətinlik çəkirlər. Burada dövlət sərt addımlar atmalıdır. Çünki bu vaxtadək olan ümumi çıxışlardan belə anlaşılır ki, icarədarla icarəçi üz-üzə qalıb. Bir çox sahibkarlar, icarədarlar və vətəndaşlar öz aralarında razılığa gələ bilirlər. Amma bəzi hallarda problem yaşanır. İnsanlar bu dövrdə əziyyət çəkirlər. İcarədar kirayəhaqqını tələb edir, vətəndaş isə onu ödəmək iqtidarında deyil. Bunu icarədarla icarəçinin öhdəsinə buraxmaqla problemi həll etmək mümkün olmayacaq. Ona görə də hökumət tərəfindən konkret təkliflər verilməlidir. Əgər vətəndaş işləmir, gəliri yoxdursa, gündəlik qidalanmasını güclə təmin edirsə, kirayəhaqqını necə ödəsin?”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü