Modern.az

Fizikanı sevən, itlərdən qorxan keşiş qızı - Angela Merkelin həyatı FOTOLARDA

Fizikanı sevən, itlərdən qorxan keşiş qızı - Angela Merkelin həyatı FOTOLARDA

22 Aprel 2020, 22:16

Dünyanın müqəddəratını həll edən nəhəng siyasi liderlər. Biz onları adətən siyasi arenalarda görmüşük. Buna görə də dünyanın ən güclü ölkələrini idarə edən şəxslərin bizim kimi həyatı olduğunu bəzən unuduruq.

 

“Siyasətçi həyatı fotolarda” layihəsinin qonağı “Forbes” jurnalının dünyanın ən güclü 100 qadını siyahısında uzun illər liderliyini qoruyan, Almaniyanın ilk qadın kansleri Angela Merkel olacaq.

“Hitlerin qızı” ,“Boz mirvari”, “Helmut Kolun qızı” kimi adlarla dünyanın siyasi müstəvisində kifayət qədər nüfuzlu siyasətçi kimi məşhurlaşan Merkeli biraz yaxından tanıyaq.

 

Angela Merkel 1954-cü il iyulun 17-də Qərbi Almaniyada, Hamburqda Kasnerlər ailəsində dünyaya gəlib. Merkelin babası Lüdovik Kazmirçek Polşadan Almaniyaya köçüb və 1930-cu ildə öz soyadını alman dilinə uyğunlaşdıraraq Kasner edib.

Angelanın atası Horst Kasner Lüteran keşişi, anası Herlind isə Almaniya Sosial-Demokrat Partiyasının üzvü, ingilis və latın dili müəlliməsi idi. Angela doğulandan iki ay sonra anası və atası ilə sosialist Şərqi Almaniyaya getməyə məcbur olub.

Merkel anası ilə olduqca yaxındır və anasının keçmişdə siyasi fəal olduğuna görə hələ də siyasi problemlərin həllində ondan məsləhətlər alır.

 

 

 

İxtisasca fizik olan Merkel dəqiq elmlər üzrə ixtisaslaşan ilk dövlət başçısıdır. Almaniya kanslerinin Kvant fizikası mövzusunda bir sıra məqalələri də dərc olunub. Fizikaya olan marağındandır ki, kanslerin gələcək həyat yoldaşı da bu sahənin adamı olub. O 1977-ci ildə fizik Ulrix Merkellə ailə həyatı qursa da, bu nikah cəmi 5 il davam etdi. Ayrılmalarına rəğmən, Almaniya kansleri soyadını dəyişmədi və Merkel olaraq da qaldı.

 

 

 

1989-cu ildə Almaniyada inqilabın başladığı vaxtlarda Merkelin də  siyasi həyatı başlayır. O 1990-cı ildə qısa müddətdə Şərqi Almaniya hökumətinin rəsmi nümayəndəsi olur. 1 il sonra 37 yaşlı Merkel Helmut Kol tərəfindən qadınlar və gənclərin məsələləri üzrə federal nazir təyin edilir. 1994-1998-ci illərdə ətraf mühit, təbiətin mühafizəsi, tikinti və nüvə təhlükəsizliyi məsələləri üzrə nazir kimi çalışan Merkelin siyasi karyerası 2000-ci illərdə daha da yüksəldi.

 

 

 

Və nəhayət, 2005-ci ildə Angela Merkel Almaniya Federativ Respublikasının federal kansleri seçilir.

Rəsmi olmayan mətbuat konfranslarında zarafatlarından qalmayan Almaniya liderini biz həmişə kamera önündə soyuqqanlı görmüşük.

Kansler yalnız bir halda soyuqqanlılğını itirir, o da itlərlə qarşılaşanda. 1995-ci ildə qonşusunun iti onu dişləyib. Bu hadisədən sonra Merkeldə itlərə qarşı qorxu yaranıb.

Merkelin bu böyük qorxusunu bilməsinə baxmayaraq, 2007-ci ildə kanslerlə görüşdə Vladimir Putin Labrador cinsi itini otaqda dolaşmaq üçün sərbəst buraxır. Bu hadisə uzun müddət mətbuatda səs-küy yaradır. Bəziləri Putinin bu addımı Merkeli qorxutmaq üçün qəsdən atdığını iddia edir.

 

 

 

Cəmiyyət içində olmağı sevən Merkel xidməti mənzilindən imtina edərək şəxsi mənzilində yaşayır.  Merkel nəinki siyasi arenada, eyni zamanda futbol azərkeşliyində də  kişilərdən geri qalmır.

 

 

Almaniya kansleri 1998-ci ildə dünyaca məşhur alim İoaxim Zauerlə ailə həyatı qurur. İkinci evliliyində də övlad sahibi olmaq Merkelə qismət olmayıb.

Həyatında və siyasi kareyrasındakı bütün eniş-yoxuşlara baxmayaraq, Angela Merkel Almaniya tarixinin ən uğurlu kanslerlərindən biri hesab edilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi