Modern.az

Eks-deputat siyasi fəallığını artırıb: “Administrasiyada fikir mübadiləsi aparmışıq”

Eks-deputat siyasi fəallığını artırıb: “Administrasiyada fikir mübadiləsi aparmışıq”

19 May 2020, 15:27

Yurddaş Partiyasının sədri, sabiq deputat Mayıs Səfərli son zamanlar siyasi arenada, o cümlədən sosial şəbəkələrdə aktivliyi ilə diqqət çəkib.

O yenidən sosial şəbəkə hesabını aktivləşdirərək, müxtəlif mövzularda müzakirələrə qoşulub, ölkədə gedən siyasi-sosial proseslərə münasibətini ifadə edib.

 

Bu addımı haqqında Modern.az-a danışan partiya sədrinin sözlərinə görə, Azərbaycanda bu gün elə hadisələr baş verir ki, bunlara biganə qalmaq çətindir:

“Azərbaycan tarixində son illərdəki qədər intensiv, ardıcıl islahatlar olmayıb. Hesab edirəm ki, indiki islahatlar Azərbaycanı daha da irəli aparacaq.

Həm bu islahatlara dəstək vermək, həm də siyasi məqamlarla bağlı fikir bildirmək üçün sosial şəbəkələrə qayıtmağı qərara aldım.  

Bildiyimiz kimi, dünyanı koronavirus pandemiyası bürüyüb. Mən özüm də bir siyasətçi kimi bu məsələyə laqeyd qalmamağı düşündüm. Azərbaycan rəhbərliyinin atdığı addımlar sayəsində koronavirusdan itkilərimiz çox az səviyyədə oldu.  Ona görə, bu problemlə əlaqədar dövlətimizin atdığı addımları dəstəkləmək, cəmiyyətdə maarifləndirmə tədbirləri aparmaq, ən əsası partiyamızın üzvlərini, tərəfdarlarımı hökumətin qoyduğu qaydalara əməl etməyə çağırmaq üçün fəaliyyət göstərməyə çalışıram. Karantin rejiminin yumşaldılması o demək deyil ki, biz koronavirusdan tamamilə qurtulmuşuq. Bu bəla tamamilə aradan qalxana qədər biz qayda qanunlara əməl etməliyik. Ona görə, insanları maarifləndirmək, bu işdə aidiyyəti qurumlara dəstək olmaq üçün hər bir ziyalı fəal olmalıdır. Mən də öz növbəmdə, siyasi müstəvidə olduğu kimi, sosial şəbəkələrdə də aktiv olmağı özümə borc bilirəm”.

 

Son zamanlar  diqqət çəkən Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyətinə münasibət bildirən Mayıs Səfərlinin sözlərinə görə, Administrasiyada keçirilən görüşlərə Yurddaş Partiyası da dəvət edilib:

“Biz elə ilk dəvət  edilən siyasi partiyalardan idik. Öz görüşlərimizi, baxışlarımızı müzakirələrdə ifadə etmişik. Həm ölkədəki ictimai-siyasi vəziyyət, həm də islahatlarla bağlı Administrasiyada fikir mübadiləsi aparmışıq. Hesab edirəm ki, iqtidar tərəfindən atılan addımları ciddi qəbul etmək lazımdır. Bu kampaniya xarakteri daşımır.

İqtidar və müxalifət arasında aparılan dialoq da davamlıdır, bir neçə görüşlə kifayətlənməyəcək. Siyasi münasibətlərin normallaşdırılması cəmiyyətdə siyasi sabitliyin qorunmasına da gətirib çıxaracq. Hər bir dövlət üçün bu vacibdir. Bütün siyasi partiyalar iqtidarın təkliflərini dəstəkləməli, dialoqa qoşulmalıdır”.

 

Mayıs Səfərli dövlət qeydiyyatına alınan siyasi partiyaların artmasına da toxunub. O hesab edir ki, çoxpartiyalılıq bütün demokratik, hüquqi dövlətlərə xas olan məsələdir:

“Bəziləri, elə Azərbaycanda müxalif mövqedə olan bir sıra şəxslər də hesab edirlər ki, demokratiya çoxluğun azlıq üzərində hakimiyyətidir.  Halbuki demokratiyada eyni zamanda çoxluğun azlığın fikirlərinə hörmətlə yanaşması, bundan istifadəsi də vacib məqamdır. Ona görə, hesab edirəm ki, çoxpartiyalılıq dövlətin əsaslarının möhkəmləndirilməsinə xidmət edən məsələdir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı