Modern.az

Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı

Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı

31 May 2020, 19:51

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun əfqanıstanlı həmkarı Mohəmməd Hanif Atmar ilə telefon söhbəti olub.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Modern.az-a verilən məlumata görə, M.H.Atmar Əfqanıstanın dövlət başçısı səviyyəsində ikitərəfli əlaqələrə yüksək qiymət verdiyini bildirib. O, Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsində beynəlxalq səyləri dəstəkləməsini, eləcə də azərbaycanlı sülhməramlıların “Qətiyyətli dəstək” missiyası çərçivəsində iştirakını məmnunluqla qeyd edib və Azərbaycan tərəfinə verdiyi töhfələrə görə təşəkkürünü ifadə edib. Əfqanıstanlı nazir, habelə Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi münasibətilə həmkarını təbrik edib.

 

Nazir M.H.Atmar ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb və bu xüsusda, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə həm ikitərəfli, həm də üçtərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın vacibliyini vurğulayıb.

 

Nazir Elmar Məmmədyarov, öz növbəsində, Azərbaycan tərəfinin Əfqanıstan ilə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında cari il mayın 4-də Azərbaycanın sədrliyi ilə videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünə toxunan nazir bu xüsusda BMT Baş Assambleyasının da xüsusi sessiyasının keçirilməsi təklifinin irəli sürüldüyünü qarşı tərəfin diqqətinə çatdırıb. Müəyyən edilmiş prioritetlərə uyğun olaraq və mövcud aktual məsələlər nəzərə alınmaqla, Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin gücləndirilməsi və Hərəkatın özünün nüfuzunun artırılması istiqamətində sədrlik fəaliyyətimizin davam etdirildiyi bildirilib.

 

Tərəflər, həmçinin iki ölkə arasında mövcud siyasi, iqtisadi, ticarət və nəqliyyat sahələrindəki əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Lapis-Lazuli nəqliyyat dəhlizinin strateji əhəmiyyəti qeyd edilib və bu çərçivədə əməkdaşlığın möhkəmləndirilməsi üçün müvafiq işçi qrupları səviyyəsində müzakirələrin aparılmasının əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsinin Lapis-Lazuli layihəsinə dəstəyin yeni bir komponenti ola biləcəyi qeyd edilib.

 

Söhbət zamanı, həmçinin iqtisadi və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilərək, qarşılıqlı ticarət əlaqələrinin davamlılığının təmin edilməsi üçün geniş imkanların olduğu bildirilib.

 

Nazirlər, eyni zamanda, iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər qlobal pandemiya yekunlaşdıqdan sonra ölkələrə səfərlərin edilməsi məqsədilə qarşılıqlı dəvətlərini ifadə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır