Xüsusi karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində 20 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.
Hazırda xüsusi karantin elan olunmuş bölgələrdə vəziyyət necədir?
Hansı problemlər yaşanır?
Modern.az karantin bölgələrində təmsil olunan deputatlarla əlaqə saxlayaraq son vəziyyəti öyrənməyə çalışıb.
67 saylı Cəlilabad şəhər seçki dairəsinin deputatı Malik Həsənov bildirib ki, virusun ilk günləri daha çətin idi:
“Bildiyiniz kimi, Cəlilabad rayonu koronavirusa yoluxma baxımından ilk sırada yer alır. İlk vaxtlarda insanlar karantin rejiminə alışa bilmirdilər. Halbuki, karantin rejimi hər birimiz üçün önəmlidir. Bu yolla virusun yayılmasının qarşısını ala bilərik. Təbii ki, mütəmadi olaraq rayon rəhbərliyi ilə əlaqə saxlayıb son vəziyyəti öyrənirəm. Aldığım məlumatlara görə, artıq rayon camaatı virusun gerçəkliyinə inandığından qorunma vasitələrinə ciddi üstünlük verirlər. Bu da virusla mübarizədə müsbət haldır”.
113 saylı Şəki şəhər seçki dairəsinin deputatı Vüqar İskəndərov da rayon rəhbərliyi ilə mütəmadi əlaqə saxladığını deyib:
“Şəki sərtləşdirilmiş xüsusi karantin elan olunan rayonların sırasındadır. Təbii ki, deputat olaraq hər gün rayon rəhbərliyi ilə əlaqə saxlayıb ümumi vəziyyəti öyrənirəm. Dünən axşam da rayonun başçısı ilə telefonda danışmışam. Koronavirusla bağlı rayonda irəliləyişlərin olduğu deyilir. Hesab edirəm ki, insanlar özünütəcrid üsullarını sonuna qədər davam etdirsə, koronavirusla bağlı yoluxmalar azalacaq”.
45 saylı Abşeron seçki dairəsinin deputatı Oqtay Əsədovun köməkçisi Rauf İrzayev qeyd edib ki, bu qədər təxirəsalınmaz tədbirlərə baxmayaraq virusa yoluxma çoxalır:
“Oqtay müəllim hər bir seçicisinin durumunu nəzarətdə saxlayır. Karantin rejimi olduğundan görüşlər təxirə salınıb. Buna baxmayaraq köməkçilər vasitəsilə ehtiyacı olan seçicilərin problemləri Oqtay müəllimin diqqətinə çatdırılır. Eyni zamanda, Oqtay müəllimin hər bir seçicisinə tövsiyəsi odur ki, özlərini bu virusdan qorusunlar, tibbi maska taxıb məsafə saxlasınlar. Ümid edirik ki, bu bəla tezliklə yox olacaq”.
50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı Şahin Seyidzadə də təmsil olunduğu bölgənin sakinlərinin ın səhhətini diqqətdə saxladığını vurğulayıb:
“Demək olar ki, rayon insanları ilə hər gün əlaqə saxlayıram. İnsanlarımız virusdan özlərini qorumağa çalışırlar. Deputat olaraq hər bir seçicimizin yanındayıq. Məlum səbəblərdən üz-üzə görüşə bilməsək də, telefon, internet üzərindən hər bir problemi həll etməyə çalışırıq”.