Modern.az

“Heç bir təxribatçı qüvvə bu birliyi poza bilməyəcək” - Müşfiq Məmmədli

“Heç bir təxribatçı qüvvə bu birliyi poza bilməyəcək” - Müşfiq Məmmədli

Aktual

15 İyul 2020, 20:30

İlk növbədə bir millət vəkili olaraq bu Vətən və Millət uğrunda canlarından keçmiş şəhidlərimizin əziz ruhlarını hörmətlə yad edirəm. Millətimizin başı sağ olsun!

Erməni işğalçılarının Azərbaycan torpaqlarını yenidən qəsb etmə cəhdinin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən peşəkarlıqla alınıb. Əsgərləri ilə bərabər ön cəbhədə savaşaraq bu millət, bu Vətən üçün şəhid olan general mayor Polad Həşimovun və digər şəhidlərimizin şəhadəti bizi üzməklə yanaşı qürurlandırdı. Və eyni zamanda vətəndaşlarımızın dövlətimizə və ordumuza möhtəşəm dəstəyi isə gücümüzə güc qatdı.

Dünən şəhid generalımızla vidalaşa bilmək üçün hər kəs bir araya gəldi, polislərimizlə, dövlət və hökumət nümayəndələri ilə bərabər bu böyük qəhrəmanla son görüşə getdik. Tutduğu vəzifədən, kimliyindən asılı olmayaraq hər kəsin bir olması əslində Dövlətlə Millətin birliyinin bariz nümunəsi idi. Bütün dünyaya bir daha aydın oldu ki, bu birliyin gücü istənilən an işğal altındakı torpaqları azad etmək əzmindədir! Bu birlikdən qorxan bəzi qüvvələrin təxribatçı hərəkətləri isə heç bir nəticə verməyəcəkdir! Heç bir təxribatçı qüvvə bu birliyi poza bilməyəcək!

Milli Məclis Azərbaycan Vətəndaşının azad iradəsi ilə seçilmiş vəkillərin təmsil olunduğu dövlət qurumudur. Bu binanın hər daşında tariximizin izləri vardır. Millətin təmsil olunduğu dövlət qurumuna, tarixinə uzadılan əl kəsilməli, təxribatçılar qanunvericiliyə uyğun şəkildə cəzalandırılmalıdır. Azərbaycan xalqı üçün həssas olan Qarabağ məsələsində dövlət və millət birliyinə xələl gətirməyə kimsəyə izn verilməyəcək!

 

Milli Məclisin deputatı Müşfiq Məmmədli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı