Modern.az

Deputat: “Düşmənin təxribatlarına baxmayaraq, insanlar evlərini tərk etmirlər”

Deputat: “Düşmənin təxribatlarına baxmayaraq, insanlar evlərini tərk etmirlər”

Aktual

16 İyul 2020, 16:32

Milli Məclisin 106 saylı Tovuz - Qazax - Ağstafa seçki dairəsinin deputatı Ülviyyə Ağayeva cəbhənin Tovuz istiqamətində baş verənlərlə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

- Ülviyyə xanım, iyulun 12-dən başlayaraq cəbhənin Tovuz istiqamətində döyüşlər gedir. Cəbhə bölgəsinin deputatı olaraq baş verənləri necə qiymətləndirirsiz?

 

- İyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd ediblər. Ermənistan bir daha öz təcavüzkar siyasətini davam etdirdiyini açıq-aşkar nümayiş etdirir. Öz işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə, bugün biz qarşı tərəfin təxribatlar törədərək yeni mövqelər ələ keçirmək cəhdlərinin şahidi oluruq. Təbii ki, eyni zamanda Azərbaycan Ordusu tərəfindən bu cəhdlərin qarşısının layiqincə alındığını da görürük. Düşmənin təxribatlarına baxmayaraq, insanlar öz evlərini tərk etmirlər. Azərbaycan Ordusunun gücünə, qüdrətinə güvənirlər, arxalanırlar.

 

- Hazırda cəbhə bölgəsinin insanları  baş verənlərdən bağlı nə deyir?

 

- Bilirsiniz ki, mənim təmsil olunduğum dairə 3 rayonun – Tovuz-Qazax- Ağstafa rayonlarının ərazisini əhatə edir. Bu rayonların hər biri artıq neçə illərdi ki, düşmən təcavüzünə məruz qalıb və qalmaqdadır. Əhali nə qədər əziyyət çəkir. Xüsusilə düşmənlə sərhəddə yerləşən kəndlərdə. Amma bununla belə bir nəfər də olsun, nə evini, nə kəndini, tərk etməyib. Hətta təsəvvür edin ki, mən özüm belə bu kəndlərdə olarkən sərhəd kəndində olduğumu unuduram. Nə yaşlıların, nə cavanların üzlərində qorxudan, çəkingənlikdən əsər-əlamət belə olmur. Bütün bunlar Ordumuza, Dövlətimizə olan inam və güvənin göstəricisidir.

 

- Ülviyyə xanım, sosial şəbəkədə fəaliyyətinizlə bağlı hər şeyi paylaşmırsınız. Bunun səbəblərini bilmək olarmı?

 

- Haqlısız. Bilirsiz, elə məsələlər olur və var ki, onları paylaşmağı düzgün hesab etmirəm. Gördüyüm işləri də vəzifə borcum kimi qəbul edirəm. Razıyam sizinlə, sosial şəbəkədə özümü aktiv hesab etmirəm. Amma fəaliyyətimdə çox aktivəm. Düşünürəm ki, seçicilərimə fəaliyyətimdə aktivlik daha vacibdir. Seçicilərimlə görüşüb danışmaq üçün xüsusi günlər yoxdur. Pandemiya dövrüdür. Görüşlər yalnız online və ya telefon vasitəsi ilə həyata keçirilir. Mənimlə razılaşarsınız ki, bütün seçicilərin online görüşmək imkanları yoxdur. Elə bir dövrdə yaşayırıq ki, Allaha şükür hər bir vətəndaşın telefonu var. Əvvəlki dövrlərdəki kimi deputatın hansısa bir gün rayona gəlib seçiciləri ilə görüşüb, onların problemlərini dinləyib həllinə kömək edəcəyi günü gözləməyə ehtiyac yoxdur. Kifayətdir ki, telefonunu əlinə alıb zəng vursun və problemlərini səs verib, seçdiyi millət vəkilinə çatdırsın. Təbii ki, elə məsələlər var, onun həllinə dərhal kömək etmək mümkündür, elə məsələlər var, mütləq vətəndaş rəsmi qaydada müraciər etməlidir ki, qəbul olunan müraciət araşdırılması üçün aidiyyatı üzrə müvafiq qurumlara yönləndirilsin.

 

- Amma sosial şəbəkələrdə bu çətin günlərdə, sizi rayonda görmədiyini deyənlər də oldu. Bu barədə nə deyə bilərsiniz?

 

- Bilirsiz, bəzən bilərəkdən, qərəzli şəkildə, bəzən bilməyərəkdən yazılan müxtəlif şərhlərə rast gəlirəm. Bunları ayırd etmək çətin deyil. Hiss edəndə ki, bilməyərəkdən, məlumatsızlıqdan irəli gələn şərhdir, mən onu mütləq cavablandırıram. Cavablandırmağı özümə borc bilirəm. Çünki hər bir seçicinin, hər bir vətəndaşın fikri mənim üçün dəyərlidir. Mən bu fikirlərə əsasən fəaliyyətimdə hansı məqamlarda daha həssas davranmalı olduğumu özüm üçün müəyyənləşdirirəm.

Mənim fəaliyyətinə bələd olduğum bir çox millət vəkilləri var ki, onlar da bu prinsiplə çalışırlar. Az görünsələr də çox işlər görürlər. Bu gün bir şərh oxudum ki, məni şəhidlərimizdən birinin yas mərasimində görməyiblər. Amma yenə də təkrar edim ki, mənim təmsil olunduğum dairə 3 rayonun ərazisini əhatə edir. Hansısa məclisdə kiminləsə qarşılaşmamışamsa bu mənim orada olmamağım anlamına gəlmir.

Mən gördüyüm və eşitdiklərimdən sonra hələ də özümə gəlməmişəm. Hər bir şəhidimizin ürək parçalayan hekayəsi var. Ağstafanın Köçəsgər kəndindən olan şəhidimiz Yaşar Babayevin bugün 8 il həsrətində olduğu övladı dünyaya göz açdı.... Məncə şərhə ehtiyac yoxdur.... Bu gecə qayıtmışam. Mən bu günlərdə, səhhətimdə problemlər olmasını bəlli etmədən şəhidlərimizin ailələrinin yanında olmuşam. Bir millət vəkili kimi deyil, bu acını bütün ruhu ilə hiss edən bir ana, bir bacı kimi....

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?