Modern.az

Prezidentin köməkçisindən Minsk qrupu ilə bağlı sərt AÇIQLAMA

Prezidentin köməkçisindən Minsk qrupu ilə bağlı sərt AÇIQLAMA

21 İyul 2020, 12:15

“ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı onu deməliyəm ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imitasiya xarakteri daşıyan danışıqlarda iştirak etmək fikrində deyil”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, danışıqlar Minsk qrupunun mandatına uyğun çərçivədə aparılmalıdır. O qeyd edib ki, Minsk qrupunun mandatı beynəlxalq prinsipləri, Helsinki Yekun Aktını, BMT-nin qətnamələrini əsas tutaraq danışıqları aparmaqdır.

H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfi gözləyir ki, Minsk qrupunun həmsədrləri öz səylərini artırsınlar və danışıqlar daha intensiv aparılsın. O əlavə edib ki, Minsk qrupu prosesində 11 dövlət iştirak edir və bu dövlətlərin hər birinin iştirakı ilə geniş iclasın keçirilməsinə ehtiyac var.

"Ermənistan qoşunların təmas xəttində, sərhəddə davamlı təxribatlar törədir. "Ermənistan və Azərbaycan öz aralarında razılığa gəlsin, Minsk Qrupu bunu dəstəkləyəcək" demək həmsədrlərin missiyasına uyğun deyil. Mandat da tələb edir ki, işğal amili aradan qaldırılsın. Bu əsasla Azərbaycan predmetli danışıqların tərəfdarıdır. Nə zaman danışıqlar prosesində fikirlər səslənir, Ermənistan siyasi təxribatla bərabər hərbi təxribatlara əl atır. Sərhəddə törədilmiş təxribatla danışıqlar prosesini pozmaq siyasəti həyata keçirirlər”, - H.Hacıyev vurğulayıb.

Prezidentin köməkçisi bildirib ki, Minsk Qrupunun geniş formatda iclası da keçilməlidir. 

“Minsk qrupunun bu günə qədər aparılan fəaliyyətini qənaətbəxsş hesab etmək olmaz. Status-kvonun saxlanılması təhlükəlidir və status-kvo dəyişdirilməlidir. Status-kvonu dəyişmək üçün isə işğal faktı aradan qaldırılmalıdır. Ona görə də Minsk qrupu qarşıdan gələn müddət ərzində işğal faktının aradan qaldırılması üçün çalışmalıdır.

Biz danışıqlar formatının yox, iş metodunun dəyişdirilməsini istəyirik. Daha effektiv, konkret vaxt, cədvəl, gündəlik əsasda iş aparılmalıdır. Azərbaycan bundan sonra da münaqişə ilə bağlı məsələni beynəlxalq təşkilatlarda gündəmdə saxlayacaq”.

H.Hacıyev bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşmanın aparılması danışıqlar mahiyyətini darmadağın edir:

“Bütün bunlara kompleks qiymət verilməlidir. Azərbaycan ictimaiyyəti buna qiymət verilməsini gözləyir. ATƏT-in Minsk qrupu öz mandatarına əsasən konkret mövqe ortaya qoymalıdır. Onların əsas mahiyyəti işğal faktını aradan qaldırmaqdır. Atəşkəs ona görə elan edildi ki, işğal faktı aradan qaldırılsın.

Azərbaycan predmentli danışıqların tərəfdarıdır. Nə zaman kı, münaqişə ilə bağlı danışıqlar olur, Ermənistan tərəfi siyasi və hərbi təxribatlara əl atır. Danışıqların irəli aparılması üçün Azərbaycan tərəfi bütün imkanları yaradır. Bunun müqabilində isə biz Ermənistan rəhbərliyinin ziddiyyətli açıqlamalarını, hərbi təxribatını, Ermənistan rəhbərliyinin gülünc açıqlamalarını görürük. Bütün bunlara qiymət verilməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır