Arxiv
24 İyul 2020, 09:30 | ÖLKƏ
Prezident Kəmaləddin Heydərova irad tutdu: “Belə şeylərə son qoymaq lazımdır!”

İyulun 23-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib.

Modern.az-ın məlumatına görə, müşavirədə ölkə başçısı su təsərrüfatında yaranmış mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib, bəzi məmurlara iradlarını bildirib.

“Mənə göndərilən məktublarla bağlı. Mən bu məktubları Prezident Administrasiyasının şöbəsinə və Nazirlər Kabinetinə göndərirəm. Zeynal Nağdəliyev məlumat verin, məktublarda qaldırılmış məsələlərin araşdırılması və görülən tədbirlər nədən ibarətdir və bu məsələlərin təxminən neçə faizi öz həllini tapıb? Bundan sonra hansı addımların atılması gözlənilir?”,-deyə İlham Əliyev qeyd edib.

Müşavirədə bəzi məmurlar mövcud vəziyyətlə bağlı çıxış ediblər:


Prezidentin köməkçisi Zeynal Nağdəliyev: Təşəkkür edirəm, cənab Prezident. İcazə verin, məruzə edim ki, təkcə iyulun 2-dən başlayaraq Siz tərəfdən bizə araşdırılmaq üçün 100 müraciət göndərilib. Araşdırılan müraciətlərin 10-u tam olaraq həllini tapmışdır və yüksək diqqətinizə məruzə edilmişdir. Hazırda təqribən 12-15 müraciət yerlərdə həllini tapmışdır və biz bununla bağlı məruzəyə hazırlaşırıq. Bunlar suyun çatışmazlığı ilə bağlı olan müraciətlərdir, söhbət ondan gedir. Eyni zamanda, suyun çatışmazlığı ilə bağlı 10 müraciətin Sizin tapşırığınız əsasında əlavə potensial imkanlardan istifadə etməklə həlli istiqamətində iş görülür. Sizin tapşırığınız müvafiq qurumlara çatdırılmışdır və indi o imkanlar araşdırılır. Ümumiyyətlə, yerlərdə suyun çatışmazlığında əsas məsələ, həqiqətən də suyun olmaması idi. Bəzi hallarda suyun verilməsinin, onun fermerlərə çatdırılmasının sistemliliyi pozulmuşdu. Tapşırığınıza uyğun olaraq Nazirlər Kabineti ilə birlikdə məsələyə müdaxilə etdikdən sonra nizamlanmış növbəlilik təmin edilmişdir. Arxlar təmizlənmiş, digər texniki çatışmazlıqlar aradan qaldırılmışdır. Cənab Prezident, hazırda bu istiqamətdə bütün tədbirlər görülməkdədir.


Prezident İlham Əliyev:
 Hər bir məktuba çox diqqətlə yanaşmaq lazımdır və həlli bilavasitə qısa müddət ərzində mümkün olan məsələlər dərhal həll olunmalıdır. Məktublarda elə məsələlər qaldırılır ki, onlar daha genişmiqyaslı iş tələb edir. Əlbəttə ki, biz onları nəzərə almalıyıq. Artıq İqtisadiyyat Nazirliyinə göstəriş verildi ki, bizim investisiya proqramımızın imkanları daxilində bu məqsədlər üçün əlavə vəsaitin ayrılması da nəzərdən keçirilsin və biz gələn ili gözləməyək, nə mümkündürsə, bu il edək. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi əlavə vəsaitin tapılması ilə əlaqədar birlikdə işləsinlər.


Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, vəziyyətlə bağlı məruzə edin.


Nazir Kəmaləddin Heydərov:
 Çox sağ olun, möhtərəm cənab Prezident. Azərbaycan Respublikasının su ehtiyatlarının qiymətləndirilməsi layihəsi haqqında Sizin tapşırığınıza əsasən 2014-cü ildə Niderlandın “Deltares” şirkəti ilə müqavilə bağlanmışdır və ölkəmizin bütün su balansının çıxarılması, həm yeraltı ehtiyatların, həm də yerüstü çayların, göllərin təhlili prosesi başlanmışdı. Təəssüflər olsun ki, 2014-cü ildən sonra bu layihənin icrası müəyyən maliyyə çatışmazlıqları səbəbindən dayandırılmışdır.

Yüksək diqqətinizə məruzə edirəm ki, bu dövr ərzində Bakı və Abşeron yarımadasının bütün yeraltı, yerüstü suları və gölləri haqqında təhlil hazırlanmış və müvafiq orqanlara göndərilmişdir. Amma bizim ölkə üzrə digər çaylarımızın, göllərimizin tam təhlili əlavə vəsait tələb edir və qısa müddətdə başa çatdırıla bilər. 2017-ci ildən bu layihənin həyata keçirilməsi dayandırılmışdır.

Möhtərəm cənab Prezident, vaxtınızı çox almamaq üçün bir cümlə ilə qeyd edim ki, həm hidrotexniki qurğuların, həm göllərin və su anbarlarının vəziyyəti haqqında müvafiq qurumlara ünvanladığımız məktubların bir qismi öz həllini tapmışdır. Azərenerji tərəfindən Mingəçevir gölünün beton hissəsinin su-torpaq yuyulmasından qorunması üçün işlər tamamilə başa çatdırılmışdır. Yuxarı Qarabağ kanalının bütün layihə işləri hazırlanıb verilmişdir. Amma, möhtərəm cənab Prezident, bu, Sizin qeyd etdiyiniz kimi, köklü və əsaslı surətdə təmin olunmalıdır. Əgər biz həm suvarma suyunun, həm içməli suların tam nəzarətdə olması və səmərəli istifadə edilməsi, ədalətli bölünməsi üçün işlər görmək istəyiriksə, bir neçə təklifimiz var. İcazənizlə, onların bir-ikisini səsləndirim.

Suyun uçotunun təkmilləşdirilməsi üçün müasir ölçmə vasitələrinin tətbiq edilməsi. Bu prosesi Baş Nazirin müavininin dediyi kimi, biz başlamışıq, yəqin ki, qısa müddətdə başa çatdıracağıq. Əkin sahələrində suya qənaətedici müasir suvarma texnologiyasının tətbiqi üçün istehsalçılara dövlət dəstəyinin verilməsi. Kollektor-drenaj tullantı sularının təmizlənməsi, təkrar istifadəyə cəlb olunması istiqamətində tədbirlərin hazırlanması və həyata keçirilməsi. Dağ çaylarında relyefin imkan verdiyi yerlərdə sel sularının toplanması üçün kiçik su anbarlarının və yağış sularının toplanması məqsədilə sututarların tikintisi.

Möhtərəm cənab Prezident, Sizinlə müzakirə zamanı suvarma dövründən başqa dağ çaylarındakı suyun akkumulyasiya olunması üçün müvafiq yerlərin seçilməsi və oralarda qış dövründə, yəni suvarma olmayan dövrdə suların akkumulyasiya edilməsi haqqında mənə tapşırıq vermişdiniz. Biz Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu ilə bu istiqamətdə bəzi yerlərdə araşdırma aparmışıq. Onun reallaşdırılması üçün xarici mütəxəssislərə ehtiyacımız var və yəqin ki, onları pandemiyadan sonra dəvət edəcəyik. Çünki təbii olaraq Kürün suyu artmağa doğru deyil, azalmağa doğru gedir. Bizim də əsas su ehtiyatlarımızı təmin edən Mingəçevir, Varvara, Şəmkirçay və digər anbarlardır. Ona görə də biz gələcək üçün mövcud anbarların faydalı həcmini artırmaqdan ötrü Varvara, Türyançay və Əliçay çaylarını təmizləməliyik.

Bir də, möhtərəm cənab Prezident, bildirməliyəm ki, dövlət əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara və Ceyranbatan hidroqovşaqlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Yaponiyanın “Kahişa” şirkəti ilə 2017-ci ildə bağlanmış müqavilənin həyata keçirilməsi üçün vəsaitin ayrılması lazımdır.


Prezident İlham Əliyev
: Bəs nə üçün bu müqavilə icra edilməyib? 2017-ci ildə bağlanıb, üç il keçib, niyə icra olunmayıb?


Kəmaləddin Heydərov:
 Deməli, 9 milyon dollar vəsait çatışmadı. Ona görə də bu layihənin icrası dayandırıldı.

Prezident İlham Əliyev: Onda gərək bu məsələ çoxdan öz həllini tapaydı. Bir halda ki, müqavilə bağlanıb. Buyur, Maliyyə naziri, arayış ver.


Maliyyə naziri Samir Şərifov:
 Möhtərəm cənab Prezident. Məsələ ilə bağlı məruzə etmək istərdim ki, bu vəsaitin ayrılması ilə bağlı Nazirlər Kabinetinin xüsusi bir qərarı olub. Həmin qərara əsasən, bu vəsaitin bir qismi Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 milyon dollar məbləğində həll edilməli idi. Yerdə qalan hissəsi ilə “Azərenerji” Səhmdar Cəmiyyəti tərəfindən görülməli idi. Lakin naməlum səbəblərə görə bu məsələlər öz həllini tapmadı. Hər iki qurumun vəsaiti olub və 2014-cü ildə də “Deltares” şirkətinin apardığı texniki araşdırma ilə bağlı da burada mən sözün açığı hər hansı bir əsas tapa bilmirəm, nəyə görə bu vəsait olmayıb. Amma icazə versəniz, biz bununla bağlı müvafiq arayış təqdim edə bilərik.


Prezident İlham Əliyev:
 Siz məsələni araşdırın. Çünki mən belə başa düşürəm ki, bu vəsait olub, ancaq Fövqəladə Hallar Nazirliyi və Azərenerji bundan istifadə etməyib. Elədir?


Samir Şərifov:
 Bəli. O zaman bu vəsaiti dövlət büdcəsindən istəyiblər. Cənab Prezident, amma hər iki qurum bilir ki, bu, büdcədə nəzərdə tutulmamışdı. Bununla bağlı həm Azərenerjidə bunun bir hissəsinin verilməsi nəzərdə tutulmuşdu, 2 milyonunu isə Fövqəladə Hallar Nazirliyi ayırmışdı.


Prezident İlham Əliyev:
 Bu, böyük vəsait deyil. Bunu indi yubatmaq olmaz. Neçə il keçib və əgər bu vaxtında olsaydı, bu qiymətləndirmə də aparılardı və bütün təmir-bərpa işləri görülərdi.


Kəmaləddin Heydərov:
 Möhtərəm cənab Prezident, bizim tərəfimizdən 2 milyon və xatirimdədirsə 3 milyon da Azərenerji tərəfindən ayrılmışdı və qalan hissəsini büdcə təmin etməli idi. Sonradan bu vəsait təmin olunmadığına görə layihə dayandırılmışdır.


Prezident İlham Əliyev:
 Gərək, məsələ qaldıraydınız. Vəsait təmin olunmayıb, siz də məsələ qaldırmamısınız. Mən bu gün bunu eşidirəm. İndi Baş Nazirə tapşırıq verirəm ki, tez bir zamanda bunu həll edin və builki investisiya proqramından vəsait ayırın ki, bu məsələ tezliklə həll olunsun. Siz də tərəf müqabilləri ilə əlaqə saxlayın və onları indi dəvət etmək lazımdır ki, gəlib bu qiymətləndirməni aparsınlar. Çünki bilirsiniz, əgər bu bürokratiya belə davam edərsə, bu, heç bir nəticəyə gəlib çatmayacaq. Çünki kontrakt imzalanıb, vəsait ayrılmayıb. Nəyə görə ayrılmayıb? Kimsə ya istəməyib, ya da ki, istəyib kimsə verməyib, ya sonra ixtisar olunub. Belə şeylərə son qoymaq lazımdır.


İndi isə Ekologiya və Təbii Sərvətlər naziri, məlumat verin.


Nazir Muxtar Babayev: Hörmətli cənab Prezident, bildiyiniz kimi, iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə təqribən 15 faiz azalmışdır. Beynəlxalq iqlim modelləri göstərir ki, 2050-ci ilədək su resurslarımız təqribən daha 15 faizə qədər azala bilər. Əvvəlki dövrlərdə quraqlıq müddəti 2-3 il davam edirdisə, son 8 ildə davamlı quraqlıqlar müşahidə olunur. Aparılan araşdırmalar göstərir ki, dünya ölkələrində olduğu kimi, ölkəmizdə də yağıntıların zaman və məkan üzrə qeyri-bərabər şəkildə paylanması baş verir. İqlim dəyişmələri nəticəsində ölkəmizdə havanın temperaturu yüksəlir, bunun nəticəsi olaraq ölkənin dağlıq ərazilərində şaxtalı və qarlı günlərin sayının azalması qeydə alınır. İqlimin istiləşməsi ölkənin dağ çaylarını qidalandıran qar ehtiyatının və buzlaqların azalmasına da səbəb olur. Yağıntıların azalması Xəzərsahili rayonlar istisna olmaqla, ölkənin bütün regionlarını əhatə edir. Anomal hadisələrin sayı və sel-daşqın proseslərinin təkrarlanması artır. Kür və Qanıq çaylarında sululuq norma ilə müqayisədə 2019-cu ildə 29,2, son 6 ayda isə 45,8 faiz azalıb. Yağıntılar norma ilə müqayisədə 2019-cu ildə 17 faiz, 2020-ci ildə isə 25 faiz az olub. Əsas dağ çaylarımız formalaşan ərazilərdə son 10 ildə yağıntının miqdarı orta hesabla 8,7 dəfə azalmışdır. İqlimin inertliyini əsas götürsək, növbəti onillikdə iqlim norma ilə müqayisədə daha 8 faiz azalmanı ehtimal etmək olar. Hər il mütəmadi olaraq hidrometeoroloji xidmət çaylarda sululuq üzrə proqnozları hazırlayır və müvafiq qurumlara təqdim olunur. Bu proqnozlar həm də dağlarda qarölçmə işləri əsasında aparılır. Bu qədər, cənab Prezident.


Prezident İlham Əliyev:
 İndi söz verilir Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənova. Mənə geniş arayış hazırlayıb. Çox böyük təhlil işi aparılıb. Bu təhlil işini, bu arayışı mən komissiyaya göndərmişəm, komissiya da buna baxır. Siz, indi görülmüş işlərlə bağlı qısa məlumat verin və mövcud vəziyyəti necə qiymətləndirirsiniz?


Kərəm Həsənov:
 Təşəkkür edirəm, möhtərəm cənab Prezident. Sizin tapşırığınızla, əhalinin içməli su təminatı, suyun keyfiyyəti və bu sahədə olan vəziyyətlə, eyni zamanda, kənd təsərrüfatının suvarma sistemi ilə bağlı yaxın günlərdə tərəfimizdən monitorinq aparılmışdır. Həmçinin ölkənin mövcud su ehtiyatları, onlardan istifadə vəziyyəti ilə bağlı araşdırmalar aparılmış və hazırlanmış arayış ali diqqətinizə təqdim edilmişdir.

İcazənizlə, mövcud vəziyyətlə bağlı onu demək istərdim ki, tamamilə çox düzgün buyurursunuz, ölkəmizin su mənbələri üzrə ehtiyatları təxminən 35,6 milyard kubmetr qiymətləndirilir. Axırıncı dəfə ölkə üzrə yerüstü su ehtiyatlarımız 1970-ci ildə, yeraltı su ehtiyatlarımız isə 1980-ci illərdə qiymətləndirilmişdi. Biz hazırda su sistemi ilə bağlı məlumatları bu qiymətləndirmələrdən əldə edirik. Təxminən 40-50 il keçməsinə baxmayaraq, su ehtiyatlarımız yenidən qiymətləndirilməmişdir. Bayaq Fövqəladə Hallar naziri bu məsələ ilə bağlı qeyd etdi. Eyni zamanda, 35,6 milyard kubmetr su ehtiyatından il ərzində içməli su üçün təxminən orta hesabla 653 milyon kubmetr su götürülür. Bu da əvvəllər su ehtiyatlarımızın 1,8 faizini təşkil etmişdir. Hazırda isə 15 faiz su ehtiyatlarının azalması bu rəqəmlərə təsir etmişdir . Mövcud su ehtiyatlarına içməli su 2,2 faiz nisbətindədir. Amma buna baxmayaraq, bu rəqəmlər suyun təminatının azalmasına çox cüzi təsir edir.

Cənab Prezident, bir rəqəmi demək istərdim ki, sistem üzrə götürülən 653 milyon kubmetr suyun təxminən orta hesabla 57 milyon kubmetri, yəni 9 faizi sistemin texnoloji proseslərinə sərf edilir, 286 milyon kubmetr su isə müxtəlif sərflərə silinir. Yalnız təxminən 283 milyon kubmetr su – bu, şəbəkəyə daxil olan suyun 45 faizi, götürülmüş suyun isə 50 faizi deməkdir, istehlakçılara çatdırılmışdır. Çox düzgün qeyd etdiniz ki, su itkiyə məruz qalır və bu da təxminən istehlakçılara verilən su təchizatının 50 faizi həcmindədir. Yəni, istehlakçılara verilən su itkiyə gedən sudan azlıq təşkil edir. Bəli, bu rəqəmlər var. Eyni zamanda, çox düzgün qeyd etdiniz ki, su anbarlarımızda mövcud vəziyyətlə, yəni hidrotexniki qurğuların və avadanlıqların istismar müddəti ilə bağlı bəzi yerlərdə vaxtı keçmiş məsələlər var. Ona görə də çox doğru tapşırıq oldu ki, bu təhlükə mənbələrinin aradan götürülməsi üçün hidrotexniki qurğuların yenilənməsi ilə bağlı müvafiq iş aparılsın.

Digər məsələ isə, çox düzgün buyurdunuz ki, suya qoyulan investisiyaların sosial-iqtisadi səmərəliliyi düzgün hesablanmır. Yəni, həm əhalinin sayına görə, eyni zamanda, təchizat sistemində, yəni investisiyaların geri dönməsi, iqtisadi cəhətdən onların səmərəli olması heç də düzgün hesablanmır və sosial səmərəliliyinə baxılmır. Belə ki, bəzi ərazilərdə, məsələn Xaçmaz rayonunda biz bu məsələlərə baxmışıq. Xaçmaz rayonunda su təchizatı həll edilməmişdən öncə bir su mənbəyi müəyyən olunmuşdur. Sonradan isə bu mənbəyə də quraqlıq təsir etmişdir və bulaq qurumuşdur. Nəticədə bu gün 2 min fərdi ev, təxminən 10 minə yaxın əhali su təchizatından narazıdır. Bu narazılığı biz ali diqqətinizə çatdırmışıq və Siz göstəriş vermisiniz. Biz əməkdaşlarımızı Xaçmaz rayonuna dərhal ezam etdik və Zeynal Nağdəliyevin şöbəsinin əməkdaşları ilə birlikdə orada bu məsələlərlə məşğul olduq.

Eyni zamanda, şikayətlərlə bağlı isə onu demək istərdim ki, 12 rayondan su təchizatı ilə bağlı şikayətlər var idi. Bunu, əsasən, aran rayonları - Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Biləsuvar rayonları təşkil edirdi. Sizin tapşırığınız əsasında onların su ilə təminatı məsələlərinə ciddi fikir verilmişdir və məsələlər araşdırılmışdır.

Suvarma sistemi ilə bağlı isə onu demək istərdim ki, orta hesabla ölkə üzrə illik 6,3 milyarddan 6,7 milyard kubmetrə qədər su təminatı mövcuddur. Ölkə üzrə orta hesabla 2017-2019-cu illərdə, əslində, il ərzində 3,2 dəfə suvarma olmalıdır. Bu, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin verdiyi məlumatlardır. Əslində, faktiki vəziyyətdə isə bir qədər fərqli rəqəmlər görünür. Kənd Təsərrüfatı naziri də bu məsələni qeyd etdi. Yəni, 28 rayonda 671 min 264 hektar kənd təsərrüfatı torpaqlarının 50 faizində suvarma ortalama həddən aşağı olmuşdur. Məsələn, daha kritik vəziyyət Qobustan rayonunda 1,2 dəfə, Ağsuda 1,4 dəfə, Şamaxıda 1,6 dəfə və Füzuli rayonunda 1,8 dəfə suvarma işləri həyata keçirilmişdir. Bu da kənd təsərrüfatının, xüsusilə aqrar sektorun inkişafına çox ciddi mənfi təsir edən amillərdən biridir. Beləliklə, Sizin tapşırığınızla biz həm kənd təsərrüfatının suvarma sistemində, həm də əhalinin içməli su ilə təminatı sistemində bu məsələlərə fikir veririk və Sizin tapşırığınızla nəzarətə götürmüşük, baxırıq. Amma suda sanitar məsələləri də xüsusilə qeyd etmək istərdim. Cənab Prezident, ali diqqətinizə çatdırıram ki, suyun keyfiyyətinə, epidemioloji vəziyyətə aidiyyəti qurumlar tərəfindən fikir verilsə, daha yaxşı olar. Bu qədər. Təşəkkür edirəm.


Prezident İlham Əliyev:
 Bilirsiniz bu, nəyi göstərir? Onu göstərir ki, uzun illər ərzində bu sahəyə dövlət nəzarəti olmamışdır, o cümlədən Prezident Administrasiyasından da olmamışdır. Mən Dövlət nəzarəti şöbəsinə göstəriş verəndən sonra onlar işə başladılar, geniş arayış hazırladılar. Kərəm Həsənov bütün məsələləri indi demədi, çünki vaxt baxımından imkan yoxdur. Amma bu arayışda hər şey göstərilib. Komissiya formalaşdı, işə başladı, üç ay ərzində təhlil apardı, demək olar ki, bütün qüsurlar üzə çıxdı. Yaxşı, bu qüsurları görən yox idimi? Aidiyyəti qurumlar bu məsələ ilə nə üçün məşğul olmurdular? Hesab edirdilər ki, orada boru çəkdim, burada kanalı betonladım. Bununla da iş bitir? Bununla iş bitmir. Gərək işi elə qurasan ki, fermerlər, vətəndaşlar razı olsunlar. Su qıtlığı ola bilər, təbii səbəblər var. Aydın məsələdir ki, keçən il, bu il heç tarixdə bəlkə də görünmədiyi səviyyədə quraqlıq var idi. Amma əgər düzgün işlər görülsəydi, vaxtında bu məsələlər üzə çıxsaydı, əlbəttə ki, biz bu vəziyyətdən daha az itkilərlə çıxardıq. Ona görə bugünkü müşavirədən sonra, əlbəttə, geniş tədbirlər planı hazırlanacaq. Bu gün səslənən təkliflər və eyni zamanda, aidiyyəti qurumlar tərəfindən aparılmış təhlil nəticəsində təkliflər, yerlərdən gələn təkliflər mütləq nəzərə alınmalıdır. Çünki regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramını və ondan sonrakı proqramları qəbul edərkən biz yerlərdən məlumat əsasında bir çox məsələləri o proqramlara daxil etdik. İnsanları nə narahat edir? Hansı rayonda hansı problem var? Bu ərizələr və təkliflər əsasında biz bu proqramları tərtib etdik. Eyni qaydada bu dəfə də bu, olmalıdır. Çünki bütün mövcud problemlər gərək bu proqramda öz əksini tapsın.

Su təsərrüfatı balansına gəldikdə, yaxşı ki, bu məsələ qısa müddət ərzində həll olundu. Təbii ki, bundan sonra müntəzəm olaraq su balansı hazırlanmalıdır. Bu, bizim üçün əsas “yol xəritəsi” olacaqdır. Su balansı tərtib olunmadan biz öz işimizi planlaşdıra bilmərik.

Bizim əsas su obyektlərində müasir ölçü cihazları quraşdırılmalıdır və bir neçə obyektdə artıq quraşdırılıb. Amma bu, çoxdan olmalı idi. Necə ola bilər ki, bizim əsas su anbarlarında ölçü cihazları yoxdur. Nə qədər su gəldi, nə qədər su çıxdı, dədə-baba üsulu ilə baxırlar, səviyyəyə baxırlar, orada xətlərə baxırlar, ondan da nəticə çıxarırlar. Ona görə indi mən Şahin Mustafayevdən soruşmaq istəyirəm ki, hansı obyektlərdə bu quraşdırıldı və bu məsələ nə vaxt tam təmin ediləcək?


Şahin Mustafayev:
 Cənab Prezident, 12 ədəd müasir ölçü cihazı Fövqəladə Hallar Nazirliyi tərəfindən əldə olunub və ondan 4-ü artıq quraşdırılıb. Biz, ilk növbədə, məsləhətləşdik, baxdıq ki, əsas suyumuz haradadır. Ona nəzarəti təmin etmək üçün Mingəçevir Su Anbarını götürdük. Mingəçevir Su Anbarına üç çıxış var - Yuxarı Qarabağ, Yuxarı Şirvan kanalları, bir də Mingəçevir SES-ə gedən Varvara Su Anbarına tökülən yerdə.

Biz, ilk növbədə, bu üç yerdə və bir də Mingəçevirin özünün su həcminin ölçülməsi üçün cihaz quraşdırdıq. Bu 4 cihaz artıq quraşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də 25 cihaz əldə olunub. Mən düşünürəm ki, təxminən bir ay ərzində daha 33 cihaz quraşdıracağıq. Komissiyada baxmışıq ki, ilk növbədə, hansı nöqtələrdə bu cihazlar quraşdırılmalıdır. Bir neçə gün öncə biz komissiyada məsləhətləşdik, razılaşdırdıq ki, şimal istiqamətində bir neçə ən önəmli su anbarında və kəmərlərdə, kanallarda da bu cihazları quraşdıraq. Düşünürəm ki, biz bu sahədə bütün işləri bu ilin sonunadək zəruri yolla, amma kritik olanları bir ay ərzində başa çatdıracağıq.


Prezident İlham Əliyev:
 Fövqəladə Hallar naziri əlavən var?


Kəmaləddin Heydərov
: Möhtərəm cənab Prezident, əslində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində suölçmə cihazları artıq var idi. Amma onlar mənəvi və fiziki olaraq köhnəlmişdi. Sizin tapşırığınızdan sonra bu yeni cihazların əldə olunması və quraşdırılması prosesi gedir. Baş Nazirin müavininin dediyi kimi, qısa bir müddətdə ən vacib yerlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə bunları quraşdıracağıq. İkinci və üçüncü əhəmiyyətli yerlərdə də ilin axırına qədər bu proses qurtaracaq.

Qeyd etdiyiniz kimi, bizim su itkilərimizin 40, bəzi yerlərdə də 50 faizi beton və torpaq kanallarda baş verir. Biz Almaniya şirkətləri ilə danışıqlar aparmışıq. Suyu dayandırmadan, yeni üsullarla onu beton kanallarla deyil, digər materiallar var, onlarla üzlənmiş kanallarla nəql edib, su itkisini çox minimuma endirmək olar. Əgər icazə versəniz, biz bu barədə müvafiq qurumlarla danışaq, nəticələrini Nazirlər Kabinetinə təqdim edək. Yeni materiallar həm tez başa gəlir, həm ucuzdur, həm də quraşdırılan vaxt suyun qabağını dayandırmır. İcazə versəniz, bu işə başlayardıq.


Prezident İlham Əliyev:
 Bəli, mütləq məşğul olun. Mən bir dəfə bu haqda fikrimi demişəm. Demişəm ki, indi dünyada texnologiyalar inkişaf edir. Biz də gərək ən qabaqcıl texnologiyaları ölkəmizə gətirək. Biz həmişə hesab edirdik ki, əgər torpaq kanalı beton üzlüklə örtülərsə, itkilər azalacaq. Amma bu, həm böyük xərc, həm də vaxt tələb edir. Ona görə tezliklə dediyiniz o şirkətlə əlaqə saxlayın, onları dəvət edin. Qoy, bizə göstərsinlər və bir pilot layihə də icra etsinlər. İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə vəsaitlə bağlı məsələləri həll etsinlər ki, biz vaxt itirmədən bu işə başlayaq. Bizim kanallarımızın 73 faizi torpaq kanallardır. Bu da, əlbəttə ki, itkilərin əsas səbəbidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə ilə Rusiya arasında üçüncü qarşıdurma – bu dəfə Qarabağda - TƏHLİL 3 Avqust 2020, 15:44 Keçmiş qadın məhkum oğurluq etdiyinə görə saxlanıldı 3 Avqust 2020, 15:32 Ermənilər Müdafiə Nazirliyinin adına saxta "twitter" hesabı açıb - XƏBƏRDARLIQ 3 Avqust 2020, 15:23 Rusiyada virusa yoluxanların sayı 850 mini keçdi 3 Avqust 2020, 14:58 İtaliya Azərbaycana tibbi missiya göndərir 3 Avqust 2020, 14:40 “EduHack” hakatonu yekunlaşdı: Distanttəhsil problemlərinə qarşı 18 innovativ təqdimat 3 Avqust 2020, 14:25 Siyəzəndə karantini pozanlar cərimələnib 3 Avqust 2020, 14:19 İranda koronavirusa yoluxanların sayı kəskin artdı 3 Avqust 2020, 14:16 Karantin qaydalarını pozan daşıyıcılara XƏBƏRDARLIQ 3 Avqust 2020, 14:02 Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI 3 Avqust 2020, 13:57 Gəncədə 38 yaşlı kişi meyiti tapılıb 3 Avqust 2020, 13:45 Sabiq Roma papası ağır xəstələnib 3 Avqust 2020, 13:34 Sabahın hava PROQNOZU - Külək, yağış, leysan... 3 Avqust 2020, 13:20 DİM abituriyentlərə MÜRACİƏT ETDİ 3 Avqust 2020, 13:01 Nobel mükafatçıları Əbdüs Salam və Aziz Sancardan müsəlman dünyasına ÇAĞIRIŞ 3 Avqust 2020, 12:49 DİN Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 3 Avqust 2020, 12:18 Növbədənkənar sessiyanın ilk iclasının gündəliyi AÇIQLANDI 3 Avqust 2020, 12:09 Erməni təxribatı - Azərbaycan Konsulluğundan UFC prezidentinə etiraz  3 Avqust 2020, 12:05 Xızıda poçtun seyfini yaran şəxs tutulub 3 Avqust 2020, 11:40 Həftəsonu 3 nəfər yol qəzalarında ölüb 3 Avqust 2020, 11:27 Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulunun nəticələri açıqlanıb 3 Avqust 2020, 11:25 Bakıda sosial məsafə gözləməyənlər, maska taxmayanlar CƏRİMƏLƏNDİ 3 Avqust 2020, 11:18 Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş konsul akademikə SÖZ ATDI 3 Avqust 2020, 11:03 Mənəviyyat işığında 3 Avqust 2020, 10:50 Azərbaycandakı faktiki hava şəraiti ilə bağlı AÇIQLAMA 3 Avqust 2020, 10:46 10 erməni 2 azərbaycanlıya hücum etdi, gücləri çatmadı, silaha əl atdılar - Kanadadakı qarşıdurmanın TƏFƏRRÜATI 3 Avqust 2020, 10:36 Silsilə oğurluq edən şəxslər saxlanılıb 3 Avqust 2020, 10:32 Azərbaycanda istixanalar, soyuducu anbarlarla bağlı YENİLİK 3 Avqust 2020, 10:28 Heydər Əliyev Fondu 100 min aztəminatlı ailəyə qurban payı çatdırıb 3 Avqust 2020, 10:09 Oğuzda kriminal aləmə yaxın qohumlar polisə atəş açıb - FOTOALAR 3 Avqust 2020, 10:06 Bakıda iki sərnişin avtobusu toqquşub, yaralanan var - FOTO - YENİLƏNİB 3 Avqust 2020, 09:55 Jurnalist ÖLDÜRÜLDÜ 3 Avqust 2020, 09:46 Ermənilər yenidən kəndlərimizi atəşə tutdular - Müdafiə Nazirliyi 3 Avqust 2020, 09:20 Bakıdan konsul göndərilən jurnalistlər - 7 diplomatdan 5-i… 3 Avqust 2020, 09:00 Nardaranda dənizdə boğulanın kimliyi bilindi 3 Avqust 2020, 08:57