Modern.az

Deputat növbədənkənar sessiyanın xalqa faydasından danışdı

Deputat növbədənkənar sessiyanın xalqa faydasından danışdı

Aktual

7 Avqust 2020, 18:06

“Parlamentin növbədənkənar üç günlük  sessiyası başa çatdı. Sessiya ərzində vacib qanun layihələri müzakirəyə çıxarılıb və çox məhsuldar müzakirələr aparılıb. Qəbul edilən sənədlərin hazırki şəraitdə ölkəmiz və xalqımız üçün faydalı olacağına inanıram”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında deputat Fatma Yıldırım deyib. O qeyd edib ki, pandemiya dövründə sosial və iqtisadi sahədə hökumətin atdığı düşünülmüş addımlar təqdirəlayiqdir və şübhə yoxdur ki, verilən qərarlar məhz dövlətimizin, vətəndaşlarımızın maraqlarına xidmət edir:

“Bu baxımdan, sosial sahədə də görülən işlər xüsusi vurğulanmalıdır. Azərbaycan dövləti pandemiya dövründə insanların həyat və sağlamlığının qorunması, onların sosial müdafiəsinin təmin edilməsi ilə bağlı böyük maliyyə tutumuna malik qərarlar qəbul edib. İndiki şəraitdə həssas qruplardan olan, eləcə də pandemiyanın təsirlərinə məruz qalan sahələrdə çalışan insanların sosial müdafiəsinin gücləndirilməsinə yönələn genişmiqyaslı dəstək tədbirləri diqqəti xüsusi olaraq cəlb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev avqustun 5-də parlamentdə çıxışı zamanı bununla bağlı ətraflı məlumat verdi.

Ümumiyyətlə, Cənab Prezidentin tapşırıqları əsasında son illər nazirlik tərəfindən mühüm tədbirlər həyata keçirilib, bürokratik əngəllərin aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində ciddi addımlar atılıb. Nazirliyin tabeliyində DOST mərkəzləri buna ən yaxşı nümunədir. Bu mərkəzlərdə xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Təmsil etdiyim Bərdə rayonunda da növbəti ildə DOST mərkəzinin açılması nəzərdə tutulub. Hesab edirəm ki, vətəndaş məmnunluğunun təmin edilməsi baxımından belə mərkəzlərin sayının artması çox sevindiricidir”.

 

Bununla belə sosial müdafiə sisteminin daha da təkmilləşməsinə ehtiyac olduğunu vurğulayan deputat qeyd edib ki, post pandemiya dövründə əsas hədəf məşğulluğun artırılması olmalıdır:

“Məlumdur ki, “2019–2030-cu illər üçün Məşğulluq Strategiyası”nda müəyyən edilmiş hədəflərə uyğun olaraq, nazirlik tərəfindən əmək bazarının inkişafı, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər görülür və bu tədbirlər davam etməkdədir. Məşğulluq proqramları çərçivəsində nazirlik tərəfindən müəyyən kurslar təşkil edilir. Nazirlik tərəfindən müvafiq saytlarda iş yerləri, vakansiyalar haqqında məlumatlar yerləşdirilir.

 

Əlbəttə ki, belə işlərin görülməsi əhali üçün faydalıdır. Amma iş burasındadır ki, regionlarda əhalinin həmin proqramlar, kurs və iş yerləri barədə məlumatları çox azdır, demək olar ki, əksəriyyət heç bu haqda bilmir. Çünki bölgələrdə, kəndlərdə insanların internet vasitəsilə bu kimi məlumatlara diqqət yetirməsi, onları axtarması real olmaya bilər. Yəni əhali üçün bu kimi vacib işlər görülsə də, insanlara məlumatlar lazımı səviyyədə çatdırılmır. Ona görə, nazirlik yerli nümayəndəliklər vasitəsilə maarifləndirmə işləri daha geniş aparmalıdır, kəndbəkənd gəzib insanlar məlumatlandırılmalıdır. Maarifləndirmə istiqamətində işlər geniş miqyaslı olmalıdır və daha da gücləndirilməlidir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir