Modern.az

Komitə sədri: “Siyavuş Novruzovun məsələsinə İntizam Komissiyasında baxıla bilər”

Komitə sədri: “Siyavuş Novruzovun məsələsinə İntizam Komissiyasında baxıla bilər”

22 Avqust 2020, 13:55

“Bildiyiniz kimi, koronavirus (COVID-19) virusu yayılmağa başlayan dövrdən Milli Məclis və deputatlar bu qlobal pandemiyaya qarşı mübarizədə öndə olub. Parlamentdə qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi fiziki, vəzifəli və hüquqi şəxslər üçün sanksiyalar müəyyənləşdirib. Bir qədər sonra isə məhz parlamentin təşəbbüsü ilə bu cərimə cəzaları daha da sərtləşdirilib. Ölkə qanunları qarşısında hamı bərabərdir. Bununla yanaşı, bütün vəzifəli şəxslər, o cümlədən, deputatlar qanunlara riayət olunmasında nümunə olmalıdır. Həmçinin, deputatlar təkcə parlamentdaxili fəaliyyətə görə yox, həm də parlamentdənkənar davranışlarına görə də məsuliyyət daşıyırlar".

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin 1-ci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkədə elan olunmuş karantin müddətində vəzifəli şəxslərin qaydaları pozmasından danışarkən deyib.

 

Komitə sədri bildirib ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toy mərasimi cəmiyyətdə haqlı narazılıqla qarşılanıb:

"Çünki əvvəla bu tədbirin təşkilinin özü karantin qaydalarının kobud şəkildə pozulması deməkdir. Həmçinin, tədbir zamanı da bəzi karantin qaydalarının pozulması ilə bağlı məlumatlar KİV-lərdə yer alıb. Bu isə hüquqi məsuliyyət yaradır. O ki qaldı, Milli Məclisin komitə sədri Siyavuş Novruzova, onun da hərəkəti vəzifəli şəxs kimi, İnzibati Məcəllənin təsiri altına düşür. Milli Məclisin növbəti sessiyasında bu məsələyə İntizam komissiyası tərəfindən baxıla bilər".

 

Əli Hüseynli bir daha vurğulayıb ki, qanun həm fiziki şəxslər, həm də vəzifəli şəxslərə münasibətdə tətbiq olunmalı, o cümlədən, cəmiyyətdə narazılığa səbəb olmuş həmin tədbirdə iştirak edən digər vəzifəli şəxslərin əhatəsi də müəyyənləşdirilməli və onlarla bağlı da qanuni tədbirlər görülməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi