Modern.az

Neft ehtiyatının tükənməsindən Azərbaycana dəyəcək zərər

Neft ehtiyatının tükənməsindən Azərbaycana dəyəcək zərər

14 İyun 2012, 13:27

İlham Şaban: “Uduzan yalnız bizik”  

Dünya iqtisadçılarının hesablamalarına görə, 2040-cı ildə neft ehtiyatları tükənəcək. Bəzi tədqiqatçılar isə dünyanın “qara qızıl”dan məhrum olacağı vaxtının daha tez baş verəcəyini proqnozlaşdırırlar. Bu arada yerli iqtisadçılar da Azərbaycanın neft yataqları haqqında bədbin fikirdədirlər.

Modern.az-ın xəbər verir ki, cari ildə Dövlət Statistika Komitəsi və Dövlət Neft Şirkətinin açıqladığı rəqəmlər də bunu deməyə əsas verir. Diqqət yetirsək görərik ki, neft hasilatında azalma davam etməkdədir. Özü də bunun tempi aydan-aya artır. Məsələn, 2011-ci ilin yekunlarına görə neft hasilatı 45 370,9 ton olub. 2012-ci ilin əvvəlindən isə ölkədə “qara qızıl”ın hasilatındakı düşmə tempi davam edib. Hasilat 2012-ci ilin yanvarında 3945,8, həmin ilin fevralında isə 3557,8 min ton olub. Yanvar ayının yekunlarına görə, “Azəri-Çıraq-Günəşli” müqavilə sahəsindən orta hesabla gündəlik hasilat 745,5 min barel təşkil edib. Ancaq fevral ayında bu göstərici birdən-birə 710 min barrelə düşüb. Bir sözlə, ilin ilk ayında Azərbaycanda gündəlik neft hasilat 127,3 min ton idisə, fevral ayında 3,6% azalaraq 122,7 min tona düşüb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da səsləndirilən proqnozları təsdiqləyir. Onun sözlərinə dörə, bu gün neft ehtiyatı faktiki olaraq “Azəri-Cıraqlı-Günəşli” yatağında cəmləşir. Amma bu neft yatağının da ehtiyyatı 2030-cu ilə kimi tükənməlidir:

“Ümumiyyətlə, ARDNŞ-nin öz hesablamalarına görə, artıq 2005-ci ildən başlayaraq Dövlət Neft Şirkətinin ölkə üzrə öz standart kompleksi var ki, bu da 10 milyon ton həcmində olacaq. Bunun 5 milyonu Azərbaycan neftinin, qalan 5 milyonu isə idxal neftinin hesabına mümkün olacaq. İdxal nefti isə 2025-ci ildə Rusiya və Qazaxıstan neftinin üzərində qurulacaq. Bu hesablamalar heç də yaxın dövr üçün deyil. Artıq 10-12 ildən sonra bu reallaşacaq. Azərbaycanda isə ümid yalnız kondensata qalır. Azərbaycanda hasil edilən qaz yataqlarında mavi yanacaqla birlikdə xam neft çıxarılır. Ölkəmiz həmin  xammalın hesabına demək olar ki, ixracı və daxili tələbatı müəyyən qədər ödəyə bilər. Amma Azərbaycanın neft hasilatı 2020-ci ildən sonra kəskin aşağı düşəcək”.

Neft ehtiyatlarının tükənməsinin dünya üçün qorxulu olmadığını deyən İlham Şaban bildirdi ki, bu, daha çox Azərbaycan üçün təhlükəlidir. Əgər bu gün dünyada 86 milyon barel neft hasil edilirsə, Azərbaycanda cəmi-cümlətanı 950 min barel neft hasil olunur: “2020-ci ildə dünya üzrə neft hasilatı 90 milyon bareli keçəcək. Halbuki Azərbaycanda bu hasilat rəqəmi aşağı düşəcək. Yəni təqribən 800 min barel olacaq. Azərbaycan böyük neft ehtiyatları olan ölkə olmadığından neft  ehtiyatlarının tükənməsi dünyaya mənfi təsir göstərməyəcək.

Amma ziyan çəkən Azərbaycan olacaq. Çünki heç kim neft çıxardıb bizə verməyəcək ki, onu satıb sağa-sola xərcləyək. Ona görə də hələ keçən ildən prezident İlham Əliyev iqtisadiyyatın diversifikasiyalaşdırılması məsələsini gündəmə gətirib ki, 2020-ci ildən sonra hökumət yavaş-yavaş neft pullarından daha az istifadə etmə kursu götürsün”.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir