Modern.az

Xruşşova Bakıda gül verdi, məktəbi bitirənə qədər “sinifkom” oldu - Nadir İsrafilovun XATİRƏLƏRİ

Xruşşova Bakıda gül verdi, məktəbi bitirənə qədər “sinifkom” oldu - Nadir İsrafilovun XATİRƏLƏRİ

Mədəni̇yyət

7 Sentyabr 2020, 12:00

Erkən uşaqlığımla bağlı yaddaqalan və hələ də yaddaşımdan silinməyən ən maraqlı hadisə, sovet dövlətinin rəhbəri Nikita Xruşşovla görüşüm olub...

Birinci sinifdə oxuyurduq. Bu ərəfədə şəkillərini yalnız qəzet və jurnallarda gördüyümüz, səsini radio vasitəsilə eşitdiyimiz, yaşadığımız böyük və qüdrətli ölkənin rəhbərinin Azərbaycana gəlişi gözlənilirdi. Bütün ölkə ayaqda, “gözdə-qulaqda”, biz də, adəti üzrə məktəbdə idik. Səhər saatlarında qalstuklu, şıq geyimli üç nəfər rəsmi şəxs sinfə daxil oldu. Uzun müşahidədən və məsləhətləşmələrdən sonra, diqqət və nəzərləri mənə, bir də sinif yoldaşım olan bir qıza tuşlandı. Hər ikimizi dərsdən azad edərək, o vaxt “Villis” deyilən maşına əyləşdirib, dəmiryol vağzalına gətirdilər. Biz hələ nə baş verdiyini bilmirdik. Görünür, məni ona görə seçmişdilər ki, sinifdə ağ köynək, qara şalvarda olan yeganə oğlan idim. Yəqin ki, qız da eynilə ağ köynək və qara ətək geyindiyindən diqqətləri cəlb etmişdi.

O dövrlər kasıbçılıq illəri idi, kimin nəyi vardı, onu da geyinirdi. Anam səliqə-sahmana çox önəm verdiyindən, məni məktəbə göndərərkən, adətən üst-başıma xüsusi diqqət yetirirdi. Sən demə, ölkənin “baş rəhbəri” regionlara səfərlər edərkən, qabaqcadan planlaşdırılmış müəyyən yerlərdə “ayaq saxlayıb”, zəhmətkeşlərlə görüşürmüş. Belə bir görüş bizim şimal bölgəsində də nəzərdə tutulubmuş.

Nəhayət, yolların təhlükəsizliyini yoxlayan bir qatar keçdikdən sonra, dörd vaqondan ibarət başqa qatar gəldi. Orta vaqondan bəstəboy, sadə geyimli, gülərüz bir adam xalçalar döşənmiş perrona qədəm qoydu. Bu adam Stalindən sonra 15 respublikadan ibarət Sovetlər Birliyinə rəhbərlik edən Sovet İttifaqı Qəhrəmanı, üç dəfə Sosialist Əməyi Qəhrəmanı, ayaqqabıları ilə dünyanı hədələyərək, bütün aləmə meydan oxuyan Nikita Sergeyeviç Xruşşov idi. O zamankı ənənəyə əsasən, duz-çörəklə qarşılanandan dərhal sonra, mən və sinif yoldaşım olan qız gül-çiçək çələngini ona təqdim etdik. Böyük rəhbər üzündə razılıq təbəssümü ilə başımıza sığal çəkdi.

N.S.Xruşşovla görüşümüz məktəbdə nüfuzumu artırdı. Hamı mənim şansıma sanki qibtə edirdi. Elə həmin günün səhəri sinif yığıncağı keçirib, məni “sinifkom” seçdilər və məktəbi bitirənə qədər də elə bu “postda” qaldım.

P.S. Məlumat tanınmış təhsil eksperti Nadir İsrafilov barədə “Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq” kitabından götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü