Modern.az

Sərdar Cəlaloğlu Qurban Məmmədovun müdafiəsinə qalxdı

Sərdar Cəlaloğlu Qurban Məmmədovun müdafiəsinə qalxdı

Aktual

17 Sentyabr 2020, 11:31

Azərbaycan Respublikası Baş Prokurorluğunun “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi "Azərifreedom" kanalının rəhbəri Qurban Məmmədovun Türkiyədə saxlanıldığı barədə xəbər yayılıb.

Modern.az xəbərlə bağlı dəqiq məlumat almaq üçün Qurban Məmmədovun qardaşı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə əlaqə saxlayıb. O, əməkdaşımızla söhbətində Qurban Məmmədovun saxlanılmasından bixəbər olduğunu bildirib:


“Bir insan ancaq o halda axtarışa verilə bilər ki, cinayət məsuliyyətindən qaçır. Qurban Məmmədov hər zaman göz qabağında olan bir şəxsdir.  Onun axtarışa verilməsinə ehtiyac yoxdur. Mən onun saxlanıldığını sizdən eşidirəm. Hətta Türkiyədə olub-olmamağı haqqında da məlumatım yox idi”.


Sərdar Cəlaloğlu “Qardaşınız Azərbaycana gətirilib mühakimə edildiyi təqdirdə, onu müdafiə edəcəksinizmi” sualını da cavablandırıb:

“Qurban Məmmədov dövlət  çevrilişində iştirak etməklə ittiham olunur, lakin unutmayın ki, bunu hər kəs edə bilməz. Ancaq müxalifət inqilab edə bilər, inqilaba görə isə məsuliyyət yoxdur. İnqilab beynəlxalq hüquqda  təsdiq olunur. Amma yenə də, əgər onun hüquqları  pozularsa, qardaşı olduğum üçün yox, bir Azərbaycan vətandaşı olaraq Qurbana dəstək olacağam. İndidən bunu əminliklə deyə bilərəm ki, ona qarşı sürülən ittihamın əsası yoxdur.  Ümumiyyətlə, məsələn  jurnalistlər və blogerlər kimi əlində silah olmayan, dövlətdə təmsil olunmayan şəxslərin dövlət çevrilişi ilə ittiham olunması, Azərbaycanın hüquq-mühafizə orqanlarının özünü gülünc vəziyyətə salması deməkdir”.

Azərbaycan Baş Prokurorluğunun sentyabrın 8-də yaydığı məlumata əsasən, Qurban Məmmədov, Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham edilirlər.

Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və burada yaşayan vətəndaşlığı olmayan şəxslər ölkə hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycanın Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

Həmin şəxslər barəsində istintaq orqanının təqdimatına əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib və barələrində beynəlxalq axtarış elan edilib.

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.


Fidan ƏLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir