Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsində COVID-19 pandemiyasının ikinci dalğasının başladığını bildirib.
Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə V. Zelenski Slovakiya Prezidenti Zuzana Çaputova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Pandemiyanın birinci dalğasında, yazda 40 milyon əhalisi olan Ukraynada gündəlik 100-300 yoluxma halı qeydə alınırdı. Bu gün bizdə gündəlik 3 000 yeni yoluxma qeydə alınır. Çox təəssüf ki, Ukrayna pandemiyanın ikinci dalğasını yaşayır”, - deyə Ukrayna Prezidenti vurğulayıb.
O qeyd edib ki, xarici ölkə vətəndaşlarının Ukraynaya girişinə qadağa qoyulub: “Biz həm ukraynalıların, həm də ölkəmizə gələn xarici vətəndaşların həyatını risk altında qoya bilmərik. Əlbəttə ki, vəziyyət sabitləşən kimi Ukrayna öz sərhədlərini açacaq”.