Mikro, kiçik və orta sahibkarların bilik və bacarıqlarının artırılması, innovasiyalara çıxışının genişləndirilməsi, müasir çağırışlara uyğun təlimlərin təşkili və praktik məsləhət xidmətlərinin göstərilməsi biznesin qurulması və inkişafı üçün əhəmiyyətlidir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsi olan KOB inkişaf mərkəzlərinin fəaliyyəti bu baxımdan xüsusilə önəmlidir.

 

KOBİA-dan Modern.az-a bildirilib ki, sentyabrın 25-də Bakı və Sumqayıt şəhərlərində də KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb. Bununla da ölkə üzrə KOB inkişaf mərkəzlərinin sayı Bakı, Sumqayıt və Xaçmaz olmaqla 3-ə çatıb.

 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov mikro, kiçik və orta sahibkarlara təlim və məsləhət xidmətlərinin göstərilməsi üçün KOB inkişaf mərkəzlərində yaradılmış şəraitlə tanış olub, mərkəzlərin idarəedici təşkilatlarının rəhbərləri ilə görüşüb.

 

KOB inkişaf mərkəzlərində biznesə yeni başlayanlara, mikro, kiçik və orta sahibkarlara biznesyönümlü təlimlər keçiriləcək, fərdi və qrup halında məsləhət xidmətləri göstəriləcək, KOB-ların şəbəkələşməsinə, beynəlxalq mübadilə proqramlarında iştirakına və maliyyə resurslarına çıxışına dəstək təmin olunacaq. Bakı KOB İnkişaf Mərkəzi Bakı şəhəri, Sumqayıt KOB İnkişaf Mərkəzi isə Abşeron iqtisadi rayonu və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə biznes planın hazırlanması, bazar araşdırması, marketinq, satış, maliyyənin idarə edilməsi, biznes sahəsində qanunvericilik və digər mözvularda təlimlər keçirəcək, qeyd olunan sahələrdə təcrübəli və peşəkar ekspertlər tərəfindən məsləhət xidmətləri göstərəcək.
Mərkəzlərdə həmçinin, innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların məlumatlandırılması istiqamətində digər tədbirlər həyata keçiriləcək.

 

KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir.

Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərində göstərilən xidmətlərin təşkili özəl sektor – Azərbaycan Bank Tədris Mərkəzi və “Universitas İnternational” MMC tərəfindən həyata keçirilir.

Bakı və Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri, eləcə də biznesə yeni başlamaq istəyənlər Bakı və Sumqayıt KOB inkişaf mərkəzlərinin xidmətlərindən istifadə edə bilərlər.