Modern.az

“Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!”

“Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!”

Ölkə

1 Oktyabr 2020, 15:32

Sentyabrın 27-sindən başlayaraq, Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutur. Ali baş komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu düşmənə əks hücumla cavab verərək, rəşadətlə irəliləməkdədir.

Ali baş komandan həm beynəlxalq arenada, həm də ölkə daxilində Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük səylə çalışır. Ölkə rəhbəri həmçinin sosial şəbəkədəki rəsmi səhifələrində öz haqq səsini çatdırmaqdadır.

 

Modern.az Prezident İlham Əliyevin 27 sentyabrdan bugünədək rəsmi səhifəsində yayımlanan postları təqdim edir:

“Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır”.

 

“Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa spnsorluq edən ölkədir”.

 

“Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik”.

 

“Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalamayacaq”.

 

“İlk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıb və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olub. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi”.

 

“Bu gün Azərbaycan ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”.


“Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalaçağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

“Tarixi ədalət bizim tərəfimizdədir. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar və ölkələr Azərbaycanın ərazi bütövlüyün tanıyır”.


“Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törədib. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulub. Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm!”.

 

“Bizim uğurlu əks-hücum əməliyyatımız otuz ilə yaxın davam edən işğala son qoyacaqdır!”.

 

“Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır”.

 

“Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azrbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm.

Eşq olsun Azərbaycan Ordusuna!

Yaşasın Azərbaycan!”

 

“Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.

 

“Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!”

 

“Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Əminəm ki, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.

 

“Mən yaralı hərbçilərimizin, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir