Modern.az

Türk qambiti, yoxsa “Armageddon”?

Türk qambiti, yoxsa “Armageddon”?

Analitika

19 Oktyabr 2020, 11:28

Qəzənfər Həmidoğlu

Şahmat debütündə qambit (həmlə) adlı kombinasiya var: tərəflərdən biri piyada və ya yüngül füqur qurban verməklə strateji üstünlüyə nail olmaq üçün həmləyə keçir.

Bir xeyli qambit var: vəzir qambiti, Siciliya qambiti, Budapeşt qambiti, Pirs qambiti və s. Məşhur həmlələrdən biri Türk qambitidir. Amma şahmat taxtasında belə kombinasiyaya rast gəlməzsiniz.

Əvəzində Boris Akuninin rus-türk müharibəsindən bəhs edən "Türk qambiti" romanı
var. Hərb də, şahmat da hücum, müdafiə və s. manevr və kombinasiyalardan ibarətdir.

Son illərdə türklərin həmləsi reallıqdır. Amma rus mediası və ekspertləri hazırda Dağlıq Qarabağ münaqişəsindən "Türk qambiti" anlamında bəhs edərkən Qarabağda indiki real qarşıdurmanı Türkiyə ilə Rusiya arasında proksi-savaş, "kiçik füqur"un qurban verilməsi kimi təqdim etməyə cəhd edirlər. Əslində, qambit deyil, "Armageddon" (qeyri-adi şərtlərlə həlledici şahmat partiyası) oynanılır.

Qardaş dövlətin mənəvi dəstəyi ilə Azərbaycan Ordusu son 22 gündə Qarabağ cəbhəsində elə irəlilədi ki, işğal altındakı torpaqlarımızın 5 faizini azad etdi, 27 illik status-kvonu sındırdı. Düşmən ağır tələfat və hətbi- texniki itkilər verdi, mənən sarsıldı və əzildi.

Ermənistanın təzavüzkar siyasətinin, ilk növbədə Paşinyanın qiyaməti (armageddon) yaxınlaşır.
Erməni ordusu panika içində silah-sursatını, ağır texnikasını atır, döyüş meydanından qaçır, şəhər və kəndlərimizi tərk edir. Erməni xalqı can hayındadır, Paşinyan isə hələ də Azərbaycanı "ağır nəticələrlə" hədələyir.

Atəşkəs üçün yalvaran, dünya liderlərini zəngləri ilə dəng edən baş nazir "Corriere della Sera" qəzetinə müsahibəsində bildirib ki, atəşin kəsilməsini istəmir: "Biz hücuma məruz qalırıq, biz müdafiə olunmalıyıq".

Hərif başını itirib: sahədə Azərbaycan hücumda, masada isə vəziyyət qarmaqarışıqdır. İki humanitar atəşkəsin fiaskosu bir tərəfdən vasitəçilərin işə yaramazlığını, digər tərəfdən bivecliyini ortaya qoydu. Orta perspektivdə Rusiya və Qərbin münaqişənin gedişatına münasibətdə hansı mövqe sərgiləyəcəyi qaranlıgdır. Status-kvoya elə vərdiş olublar ki, yeni situasiyada şaşırıblar.

Hazırda münaqişəyə, ermənilərin çığır-bagırına müəyyən qədər vecsiz, biganə münasibət səbəbsiz deyil. ABŞ-da başlar seçkiyə qarışıb, Fransa pandemiyada naçar qalıb, Kreml isə Lukaşenko, Navalnı və yeni qırğız inqilabı problemlərinə ilişib.

Bütün dünya maraqla izləyir ki, Azərbaycan haradək gedəcək.

"Armageddon", həlledici partiya üçün 2020-ci ilin payızı ən münasib fürsət, dönəm idi. Əvvəllər bəlkə tez idi, sonralarsa gec olardı. Sentyabrın 27-də bizi əks-hücuma sövq etdirməklə ermənilər tarixi dibə kəllə atdılar, azərbaycanlılar isə tarixi yüksəlişə keçdilər.

Atəşkəs fiaskosunun daha bir bariz nəticəsi Paşinyanın diletantlığının təsdiqi oldu.

Hərif hazırda zuqzvanq vəziyyətindədir - hər hansı addımı sonunu yaxınlaşdırır.

Putin isə səbrlə Paşinyanın sonunu gözləyir və belə görünür ki, o vaxtadək tamaşaçı qismində qala bilər. Rusiya elitası tarixən ermənipərəstdir. Türkiyənin fəallığı onları özlərindən çıxarır, Putinin "passiv"liyindən isə məyus olurlar. Putinin başındakıları bir Allah bilir. Amma onun susqunluğunu yalnız Paşinyana, ümumiyyətlə, "rəngli" inqilabçılara nifrətlə izah etmək yanlış olardı. Tarixi təcrübə var: SSRİ-nin çöküşü Qarabağ münaqişəsindən başlayıb və RF-yə nə vəd etdiyi qaranlıqdır. Moskva istərdi ki, münaqişə yenə donub qalsın, amma cin şüşədən çıxıb. Rusiyanın hərbi-siyasi elitası, propaqandaçıları Türkiyəni cəzalandırmaq eşqi ilə alışıb yanırlar. HATO ölkəsi ilə qarşıdurma, hətta Türkiyəni məğlub etmək Qərbin sanksiya yağışından çıxa bilməyən Rusiyaya nə verəcək? Putin strateq deyil, amma avantürist də deyil. Üstəlik, ətrafda dərdləşəcək lider də qalmayıb. Arxadan bir-birilərini nə qədər "xəncərləsələr" də, Putinlə Ərdoğan bir-birilərinin dillərini anlayırlar. Məsələn, Si Sizinpi və ya Ruhani ilə yox, Ərdoğanla birgə dondurma yemək Kremlin sahibinə ləzzət verir. Düzdür, sonra Putin Ərdoğanı qapısında ğözlədir, Türkiyə lideri isə Kiyevdə "Слава Украiнi" deyərək rusiyalı həmkarının cızdağını çıxarır.

Amma yola gedirlər...

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır