Modern.az

“Ermənilər mülki əhalini vurmaqda iki məqsəd güdürlər” - Psixoloq

“Ermənilər mülki əhalini vurmaqda iki məqsəd güdürlər” - Psixoloq

30 Oktyabr 2020, 08:55

Ermənistan silahlı qüvvələrinin dinc əhalini ağır artilleriyadan atəşə tutması nəticəsində sentyabr ayının 27-dən bu yana 90 nəfər mülki şəxs qətlə yetirilib, 392 nəfər yaralanıb. Yaşayış məntəqələrimizi atəşə tutan düşmən bununla Azərbaycan xalqına psixoloji təsir göstərməyə, insanların mübarizə əzmini qırmağa çalışır.

Düşmənin sonuncu hücum etdiyi Bərdə şəhərinə baş çəkən Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında düşmənin bu niyyətinə çatmayacağını bir daha qeyd edib. H. Hacıyev bildirib ki, digər şəhərlərdə olduğu kimi, Bərdə şəhərinin sakinlərinin də əzmi yüksək səviyyədədir.

Düşmənin bu addımlarının Azərbaycan xalqına psixoloji təsirləri haqqında danışan psixoloq Azad İsazadə Modern.az-a söyləyib ki, biz eyni zamanda bir neçə hiss keçiririk:

“Azərbaycan ordusunun irəliləyərək torpaqlarımızı azad etməsinə sevinirik. Paralel olaraq mülki əhaliyə və şəhərlərə atılan raket zərbələri xalqda kədər və mənfi emosiyalar yaradır. Lakin biz başa düşürük ki, başqa çıxış yolumuz yoxdur. Hər bir müharibədə itki, ölü və yaralı olur, buna görə biz bunlara hazır olmalıyıq. Sözsüz ki, şəhərlərə və mülki əhaliyə vurulan zərbədən danışsaq, əhalinin arasında hirs, kədər, qorxu və həyəcan da yaranır. Ruh düşkünlüyündən danışa bilmərik. Bu gün daha çox ruh yüksəkliyinin olduğunu görürük”.

A.İsazadə qeyd edib ki, rayonlardan gələn məlumata görə, əhali təhlükə baş verən ərazini tərk etmir, imkan daxilində evlərində qalır:

“İnsanlar təhlükə olan zaman yaxın yerlərə sığınır və daha sonra yenidən geri qayıdırlar. Xalq arasında panik vəziyyətə nadir halda rast gəlinir və hamı ümidlə yaşayır ki, Azərbaycan ordusu bir az daha irəliləsə, rayonlarda təhlükə azalacaq.

Ermənilər bu zərbələrində iki məqsəd güdürlər. Birinci məqsəd əhalinin arasında panika yaratmaqla ordumuza maneçilik törətmək, panik vəziyyətdə sıxlıq yaransın, camaat qaçsın və ordumuz dayanmağa məcbur olsun. İkinci bəlkə də siyasi məqamdır. Mülki şəhərlərə, obyektlərə zərər vurmaqla bir məqsəd güdürlər: Azərbaycan onlara cavab olaraq Ermənistan ərazisinə, şəhərlərinə zərbə vursun və onlar bundan arqument kimi istifadə etsin”.

Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi