Modern.az

Deputatın ayaqqabı ilə daxil olduğu ev şəhid ailəsinindir? - Könül Nurullayeva olaya aydınlıq gətirdi - FOTO

Deputatın ayaqqabı ilə daxil olduğu ev şəhid ailəsinindir? - Könül Nurullayeva olaya aydınlıq gətirdi - FOTO

20 Noyabr 2020, 10:12

“Son zamanlar sosial şəbəkələr üzərindən millət vəkili Könül Nurullayeva qarşı həqiqətə uyğun olmayan, tamamilə əsassız məlumatlar yayılır, qarayaxma kampaniyası aparılır. Könül xanımın şəhid ailəsini ziyarət etməsi və sözügedən ziyarət zamanı şəhid evinə ayaqqabı ilə daxil olmasını əks etdirən yanlış və sübutsuz informasiyalar qabardılmaqdadır. Hadisənin heç bir təfərrüatından agah olmayan şəxslər isə vətənimiz üçün çətin, eyni zamanda, şərəfli zəfər günlərində məsələyə kəskin həssaslıq və lüzumsuz tənqidlə yanaşırlar”. 

Bu barədə deputat Könül Nurullayevanın ofisindən Modern.az-a verilən məlumatda bildirilib. 

Qeyd edilib ki, sözügedən məsələ barəsində təfərrüat aşağıdakı kimidir:

“Bildiririk ki, yanlışlıqla şəhid ailəsi kimi qeyd edilən evin sahibəsi Zərifə Gözəlova uzun illərdir ki, 1-ci qrup əlil qızı Kəmalə Gözəlova ilə sözügedən evdə yaşayırdı. Aztəminatlı ailə 16 kv.m  həcmində kiçik, həmçinin tamamilə təmirsiz və yaşayışa yararsız mənzildə illərdir ki, məskunlaşmışdır.  

Zərifə Gözəlova mövcud vəziyyət ilə əlaqədar olaraq Deputat Qərargahımıza müraciət etdiyi andan onun xahişi tez bir zamanda qeydə alınıb. Daha sonra millət vəkili Könül Nurullayeva Zərifə Gözəlovanın evinə baxış keçirmiş, evin təmirini imkanlı şəxslər və dostlarının sayəsində mandatından kənar, bir Azərbaycan vətəndaşı kimi həyata keçirməyə uğurla vəsilə olmuşdur.

Elə həmin andan etibarən, Könül Nurullayeva ailə üçün ev kirayələməyə maddi yardım ayırmışdır. Sosial şəbəkələrdə yayılan foto da məhz Zərifə xanım və qızının artıq kirayə edilmiş mənzildə yaşadığı zaman təmir ediləcək evə baxış zamanı çəkilmişdir. Ona görə də, millət vəkilinin yaşayışsız və artıq təmir işlərinə start verildiyi bir dövrdə evə ayaqqabı ilə daxil olması təəccüb doğurmamalı, öz növbəsində, qınaq obyektinə çevrilməməlidir.  

Əfsuslar olsun ki, ailənin yaşadığı böyük sevinci və xeyirxah əməli işıqlandırmaq əvəzinə, bir sıra şəxslər və mətbu orqanlar nədənsə deputatın mənzilə ayaqqabı ilə daxil olmasını qabartmağa çalışırlar”.

Deputatın ofisi qeyd olunan mənzillə bağlı sosial şəbəkələrdə dəfələrlə paylaşımlar edilməsindən təəssüfləndiklərini vurğulayıb.

Bildirilib ki, sözügedən materialları Könül Nurullayeva rəsmi Facebook hesabında da paylaşıb.
 

“Məsələnin tamamilə əsassız yönümdə qabardıldığını və yanlış məlumatların ictimaiyyətə çatdırıldığını nəzərə alaraq, sizlərdən məlumatları yaymazdan öncə dəqiqləşdirməyinizi, araşdırma etməyinizi rica edirik”, - deyə Könül Nurullayevanın ofisi sosial şəbəkə istifadəçilərinə və media nümayəndələrinə çağırış edib.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır