Modern.az

Sabahkı paradın aparıcısı Modern.az-a maraqlı faktlar açıqladı - MÜSAHİBƏ

Sabahkı paradın aparıcısı Modern.az-a maraqlı faktlar açıqladı - MÜSAHİBƏ

Müsahibə

9 Dekabr 2020, 19:00

Dekabrın 10-da Bakıda, Azadlıq meydanında keçiriləcək möhtəşəm tədbirin ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Zəfər paradı ilə bağlı Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

 

- Abdulla müəllim, illərdir ki, ölkəmizdə keçirilən paradların idarə olunması sizə həvalə edilir. Amma Zəfər paradı bir ilkdir. Bu ilklə bağlı hislərinizi, təəssüratlarınızı öyrənmək istərdik.


- Əvvəla diqqətinizə görə çox minnətdaram. Mən bu müharibənin birinci günündən sonuncu gününə qədər bütün cəbhədə, Şuşaya qədər yol getmişəm. Bu müharibədə təkcə əsgərin gücü deyil, həm də mənəvi ruhu qələbə çaldı. Məhz sabahkı parad bu mənəvi-psixoloji hazırlığın, yüksək əhval-ruhiyyədən doğan qələbənin paradıdır. Bu parad Azərbaycanın 200 illik tarixinin ən yadda qalan, ən möhtəşəm tarixi hadisəsi olacaq.

Azərbaycan ilk dəfə olaraq, işğal edilmiş torpaqlarını ordunun, xalqın, Ali Baş Komandanın gücü ilə azad etdi. 44 günlük müharibə illərlə davam edən müharibələrin nəticəsindən də böyük nəticələr verdi. Dünyanın hərbi ekspertləri bu müharibəni “XXI əsrin dron müharibəsi” adlandırırlar. Bu müharibədə pilotsuz uçuş aparatları, ən müasir zenit-raket qurğularımız, silahlarımız, avsiasiya vasitələrimiz öz sözünü dedi. Həm də xarici ölkələrin hərbi ekspertləri XXI əsrin orduları sıralarında iftixarla çəkirlər.

Fürsətdən istifadə edib bu paradda iştirakıma səhhətim baxımından təminat verən Azərbaycanın məşhur cərrahı Anar Əmraha təşəkkür edirəm. Cərrah keçəndəfəki paraddan bir müddət əvvəl məni açıq ürək əməliyyatı etmişdi. Mən sabahkı Zəfər paradında iştirakıma görə də şəxsən ona borcluyam. O məni elə sağaldıb ki, özümü 20 yaşında əsgər kimi hiss edirəm. Mən bu ürəklə Şuşaya qədər getdim.

 

- Dediniz, özünüz orduda əsgərin yüksək əhval-ruhiyyəsinin şahidi olmusunuz. Nə idi, bunu doğuran səbəblər?


- Vaxtilə böyük sərkərdələr deyib ki, “Türk savaşa atılsa, cəhənnəmdə şeytanı əsir alar”. Rus sərkərdəsi Zubov isə deyib ki, “Azərbaycan alaylarını döyüşdə görmək lazımdır. Onlar qəzəblənmiş Allahın düşmənlər üzərinə yağdırdığı oda, atəşə, şimşəyə bənzəyirlər”.
Bax, Azərbaycan oğulları da bu müharibədə oda, şimşəyə, atəşə bənzədilər.

Təsəvvür edin, xüsusi təyinatlılar Şuşaya doğru irəliləyirdi. Əsgərimiz təhlükədə, yolda şəhid olmaq üzrədir, amma xahiş edir ki, vurulsa da, onu geriyə təxliyə etməsinlər:

“Arzumdur, vurulsam, məni geriyə təxliyə etməyin, ölsəm də irəli aparın, qoyun ruhum Şuşanı görsün”.

Bu döyüşlər barədə çox yazılacaq. Ağdamdan bir atanın əkiz oğulları şəhid olub. Onun övladlarının nəşi üstündə qrururla dayanması, “Vətən sağ olsun!” deməsi hər birimizi qürurlandırdı.

Masallıda bir evdən iki oğul şəhid olub. Gözyaşı da, bayatı da, ağılar da oldu, amma bu gözyaşlarının nəticəsi var. Şəhid ailələri başlarını dik tutdular. Axı qazanılan bu qələbədə onların övladlarının haqqı var. Bizi qələbəyə həm də o şəhid dəfnlərindəki izdihamlar yaxınlaşdırdı. Xalq-ordu birliyi heç vaxt bu səviyyədə olmamışdı. Bu bizim iqtisadi qələbimiz idi. Məhz inkişaf etmiş iqtisadiyyatımızın inkişafı ilə ordumuz dirçəldi. Bu bizim hərbi qələbəmiz, siyasi qələbəmiz və hücum diplomatiyamız idi.

 

Prezidentin, kobud səslənsə də deyəcəm, dünyanın üzü üzlər görmüş xəbər agentliklərinin tərs, kəskin, qərəzli suallarını necə sərrast, düşünülmüş şəkildə cavablandırdı, hamısını yerlərində oturtdu. Bütün bunlar sayəsində qələbə qazandıq. Bu, “Dəmir yumruq” əməliyyatlarının nəticəsidir. Məhz bu “Dəmir yumruq”  sayəsində Ali Baş Komandan hər gün neçə-neçə yaşayış məntəqəsinin azad olunması ilə bağlı xoş müjdələr verirdi.

 

- Maraqlıdır, əsgərin canı-qanı bahasına azad etdiyi torpaqlar barədə Ali Baş Komandandan müjdə eşitmək imkanı vardımı cəbhədəkilərin?


- Bəli, əksər kəndlərin, şəhərlərin, zirvələrin azad olunma xəbəri cənab Prezidentin dilindən uzaq məsafədən səsucaldan maşınlarımız vasitəsilə çatdırılırdı. Mərmilər, od-alovun içində cəbhəboyu Ali Baş Komandanın qətiyyətli səsi eşidilirdi. Bu, əsgər üçün böyük dəstək idi.

Bu qələbədə həm də inam böyük rol oynadı. Təsəvvür edin, qarşıda müharibə gedir, arxada yol, su, işıq, qaz, telefon xətləri çəkilir. Quruculuq işlərilə torpaqların azad edilməsi paralel gedirdi.

 

- Abdulla müəllim, mümkünsə sabahkı parad barədə məlumat vermənizi xahiş edərdik. Hələ 2018-ci il sentyabrın 15-də Bakının işğaldan azad  edilməsinin 100 illiyinə həsr olunmuş paradda cənab Prezident qələbə müjdəsi vermişdi. Ali Baş Komandan tezliklə torpaqlarımızın işğaldan azad olunacağını və torpaqlarımızda ucladılacaq bayraqlarımızın Azadlıq meydanına gətirilərək, qələbə paradında nümayiş etdiriləcəyini demişdi. Proseslər göstərdi ki, Prezidentimiz həqiqətən də nəyi, necə və nə zaman deməyi, etməyi bacarır...

 

- Bu günlərdə qardaş Türkiyənin prezidenti yaxşı bir söz dedi. O bildirdi ki, Azərbaycan bayrağı şəhidlərimizin timsalı olaraq, Dağlıq Qarabağda qürurla dalğalanır. Artıq Qarabağ səmasını əski parçaları deyil, aylı-ulduzlu bayraq bəzəyir.  Qarabağda qazanılan qələbə Azərbaycana ananın südü kimi halaldır. Doğrudan da biz bu qələbəni İlham Əliyevin siyasi iradəsinə borcluyuq. Təbii ki, sabahkı paradda ilkin olaraq, meydana Azərbaycan Respublikasının Dövlət Bayrağı gətiriləcək. Daha sonra Şuşaya sancılan Zəfər Bayrağı meydanda olacaq.


- Sirr deyilsə, Şuşaya sancılan həmin bayrağı meydana kim gətirəcək?


- Bayrağı meydana Şuşanın alınmasında, hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan, möhtərəm Prezidentimizin sərəncamı ilə “general-mayor” ali hərbi rütbəsinə, bir az öncə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülən, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoymuş, Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra şəhərin ilk komendatı təyin edilən Zaur Məmmədov gətirəcək.

 

“Zəfər paradı”nda həm də bu döyüşlərdə xüsusilə fərqlənən 20-yə yaxın hərbi hissənin döyüş bayraqları nümayiş olunacaq. Bayraqların gəlişindən sonra paradı qələbənin qazanılmasında müstəsna xidmətləri olan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları açacaq. Daha sonra Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin heyətləri, ardıcıllıqla bütün korpusların, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları yürüş edəcəklər.


- Məşqlərlə bağlı sosial şəbəkələrdə yayılmış videolardan da görünür ki, tədbirdə Türkiyə Silahlı Qüvvələrinin parad heyəti də təmsil olunacaq. 


- Bəli, bu paradın özəlliklərindən biri də budur. Türkiyədən gəlmiş 200-ə yaxın mehmetcik Azərbaycan əsgərinin sevincinə qoşulacaq, paradda Türkiyənin bayrağı ilə irəliləyəcək. Biz dünən də bir yerdəydik, bu gün də bir yerdəyik, sabah da bir yerdə olacağıq.

 

- Sizin də qeyd etdiyiniz kimi, bu qələbə şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı hesabına qazanılıb. Paradda onlarla  bağlı məqam nəzərdə tutulubmu?

 

- Əlbəttə, əbədiyaşar şəhidlərimiz ehtiramla yad olunacaq. Qazilərimizin bir qrupu hərbi maşınların üzərində tribuna önündən keçəcək. Bizim qazilərimiz, Şəhid ailələri, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti cənab Prezidentə bir də ona görə minnətdardır ki, Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsində çox böyük rolu var. “Zəfər Günü”, “Anım Günü”ün təsis olunması, “Vətən müharibəsi memorial kompleksi”nin “Zəfər muzeyi”nin, yaradılması ilə bağlı sərəncamları  bu diqqətin bariz nəticəsidir.


- Rəsmi məlumatlardan da bəllidir ki, paradda həm də düşməndən hərbi qənimət kimi ələ keçirilmiş texnikalar nümayiş olunacaq. Bu, həm də ermənilərin etiraf etmək istəmədikləri məğlubiyyətinin əyani sübutu olacaq.


- Bilirsiniz ki, düşmənin yüzlərlə, minlərlə texnikasını, canlı qüvvəsini məhv etmişik. Təsəvvür edin ki, onlardan çox az hissəsi, həm istifadəyə yararlı, həm də istifadəyə yararsız olanları nümayiş olunacaq. Bunu Ermənistanın kapitulyasiyası, məğlubiyyəti, iflasının rəmzi kimi tribuna önündə nümayiş etdirəcəyik.

Maraqlı bir nüansı da deyim sizə. Bu yaxınlarda sosial şəbəklərdə ermənilər birinci Qarabağ müharibəsində ələ keçridikləri avtomobil nömrələrini divar boyu vurduqlarını göstərirdilər. Biz isə məhv etdiyimiz, dağıtdığımız avtomobil, texnika nömrələrindən nəhəng şəkildə “Qarabağ Azərbaycandır!” şüarını təqdim edəcəyik. Bununla yanaşı, Azərbaycanın bütün güc və qüdrətinin rəmzi olan ən müasir hərbi texnika və vasitələrimiz nümayiş olunacaq. Zəfər paradında pilotsuz uçuş aparatlarına xüsusi yer ayırmışıq. Türkiyə istehsalı olan “Bayraktar”, döyüşlərdə olduğu kimi, Azadlıq meydanında böyük marağa səbəb olacaq. 

 

-  Bəs paradı canlı izləmək istəyən vətəndaşlarımıza icazə veriləcəkmi?


- Rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri meydandakı sektorlarda olacaqlar. Bu baxımdan hər cəhətdən ehtiyatlı olmaq lazımdır. Biz erməni kimi virusa qalib gəlmişiksə, koronavirusa da birlikdə qalib gələcəyik. Amma “Azneft” meydanına qədər hər kəs paradı izləyə biləcək. Doğrudur, bu sevinci hamı yaşamaq istəyir, amma yaxşı olar ki, pandemiya ilə əlaqədar vətəndaşlarımız paradı televiziyadan izləsinlər. Sabah çox möhtəşəm gün olacaq. Onu da deyim ki, parad boyunca Hərbi Dəniz Qüvvələrinin və Sərhəd Xidmətinin Sahil Mühafizəsinin döyüş gəmiləri, katerləri də parad getdiyi anlarda Xəzərin sahil sularında sıralanacaqlar.

Sonda isə paradı Milli Aviasiyamız davam etdirəcək. Döyüş təyyarə və helikopterləri Bakı səmasında möhtəşəm manevrlər edəcəklər. Fəxr edirik ki, sükan arxasında olan pilotlarımızın hər biri Prezident sərəncamı ilə orden və medallara, “Su-25” hücum və hava dəstək təyyarələr qrupunun başçısı general-mayor Namiq İslamzadə isə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.  Onun təyyarələr qrupu  Bakı üzərində uçaraq, Azadlıq meydanının üzərində, Zəfər paradında Azərbaycanın üçrəngli bayrağının təsvirini yaradacaqlar. Qoy bizim Qələbə Bayrağımız, Zəfər Bayrağımız həmişə yüksəklikərdə dalğalansın.


- Maraqlı söhbət üçün təşəkkürlər!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır