Modern.az

Təhsil ictimaiyyətinin internetlə bağlı müraciəti qulaqardına vuruldu - PROBLEM

Təhsil ictimaiyyətinin internetlə bağlı müraciəti qulaqardına vuruldu - PROBLEM

Təhsil

6 Yanvar 2021, 12:39

COVID-19 pandemiyasının mənfi təsir etdiyi sahələrdən biri də təhsildir. Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da karantin səbəbindən orta məktəblər distant təhsillə kifayətlənməli olur.

Təbii ki, distant təhsil heç də hər bir şagird üçün əlverişli deyil. Xüsusən ölkəmizdə ucqar kənd yerlərində internetin ya zəif olması, ya da heç olmaması şagirdlərin verilən tapşırıqları tam olaraq mənimsəyə bilməməsinə gətirib çıxarır.


Belə olan halda dərs ilinin sonunda şagirdlərin tapşırıqları mənimsəyib-mənimsəməməsi  ortaya çıxır.


Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, təhsil eksperti İlqar Orucov Modern.az-a distant təhsilin çətinliklərindən söz açıb:


“Pandemiya dövründə məcburi olaraq distant təhsilə start verilib. Distant təhsil daha çox bir sıra bölgələrdə çətinlik yaratdı. Problemlər isə daha çox internet və texniki avadanlıqlarla bağlıdır. Yalnız internet problemini qabartmaq doğru deyil. Çünki kifayət qədər az təminatlı ailələr var. Nəzərə alsaq ki, bu cür ailələrdə bir yox,  bir neçə övlad olur və onların hər biri təhsil alır. Distant təhsil həmin kateqoriyada olub təhsil alan uşaqlar üçün əlçatan deyil”. 


Təhsil eksperti bu sahədə aparılan monitorinq barədə də danışıb:


“Distant təhsilin qiymətləndirilməsi ilə bağlı ötən ilin sonunda Təhsil Nazirliyi qiymətləndirmə həyata keçirdi. Məqsəddistant təhsilin hansı səviyyədə olması, təhsil alanların bunu mənimsəyib-mənimsəməməsi kimi məsələləri aydınlaşdırmaq idi. Qiymətləndirmə nəticələri analiz olunacaq və hansı bölgələrdə problemlərin daha çox olduğu aydınlaşacaq və biz artıq faktlarla danışacağıq”.


Distant təhsil zamanı internetin yaratdığı çətinlikləri nəql edən ekspert deyir ki, bununla bağlı müraciət də edilib:


“Distant təhsilə keçid zamanı biz dövlət qurumlarına və mobil operatorlara müraciət etmişdik ki, onlar internetin qiymətlərində güzəştlər etsinlər. Bu gün cəmiyyəti narahat edən ən başlıca məqamlardan biri ondan ibarətdir ki, təhsilsiz mühit olmasın və heç kim təhsildən kənarda qalmasın. Bu vəziyyətdə hər kəs təhsil üçün yardım etməlidir”.


İlqar Orucov pandemiya dövründə fədakar müəllimlərə də toxunub:


“Ən böyük yük isə müəllimlərin üzərinə düşür. Dövlət əgər müəllimin maaşına toxunmursa, müəllim də oturub “internet yoxdur” deyərək özünü kənarda tutmamalıdır. Onlar təhsil üçün yanmalıdır. Amma bu fədakarlığı biz bütün müəllimlərdən görmürük. Pandemiyanın ən böyük zərbə vurduğu yer təhsildir. Təhsilsiz mühitin gələcəyi sual altındadır”.


Mehri QURBAN

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir