Modern.az

Qarabağa yön alan KÖÇ

Qarabağa yön alan KÖÇ

Mədəni̇yyət

13 Yanvar 2021, 18:07

Əziz həmyerlilərim və həmdərdlilərim!


Son zamanlar "Azad olunmuş ərazilərdə şəhər və kəndlərin necə qurulmasını istərdiniz" sualı gündəmdədir.


Romantik düşünənlərin hisslərinə hörmətlə yanaşırıq. Bəziləri düşünürlər ki, hər kəs öz yurd yerində məskunlaşmalıdır, yollar bizə o illərmizi xatırlatmalıdır, yeni tipli qəsəbələr olmasın və s.

İnsanlar ömründən kəsilib atılan o 30 ilin yaratdığı dağ boyda həsrəti evinin xırda daşlarına sarılmaqla əritmək istəyirlər. Hərdən bizə elə gəlir ki, ora qayıdan kimi hər şey olduğumuz yaşdan və qoyduğumuz daşdan başlayacaq.

Məsələn, Famil kişi elə bilir, "Şamil, necəsən?",- deyə qonşuya səslənəcək, qonşuları ilə hal-əhval tutacaq. Ancaq Şamil yoxdur, Familin dizləri çoxdan taqətdən düşüb. Təəssüf ki, bu belədir. Lap özümüz o evləri şəkillərə baxa-baxa, öz əllərimizlə təzədən qursaq belə, yenə də alınmayacaq. Bu, sanki 90-cı illərdə əsir düşmüş və indi azad olmuş bir əzizimizə o illərin geyimini axtarmağa bənzəyir. Unutmamlıyıq ki, o yerlərdə zaman donsa da, biz yaşadıq və yeni bir dünyaya inteqrasiya etdik. Zamanın vurduğu zərbə azmış kimi, birini də biz vurub yurdumuzu 30 il geri atmayaq. Kimlərsə ora bağ evi kimi baxa bilər, amma babalarımızın, bizim və ən əsas balalarımızın yurd yeri olacaq oralar. Övladlarımız da haqlı olaraq inkişaf istəyir. Bəli, düzənli həyat olmalıdır ki, tələbələrimiz oxuyandan sonra işləmək üçün ora qayıtsınlar, çoxları təyinatını ora istəsin. Bu halda orada çoxala bilərik.


Bəzən mən - yetim də göylərə qalxaraq sizin kimi düşünürəm ki, qayıdan kimi hər şey olduğu yerdən başlayacaq, 8 yaşım var, atam da yanımda, əlimdən tutaraq o yerləri gəzdirir, zamanında yarımçıq qalmış cümlələrini tamamlayır. Birdən ayılaraq yerə çırpılıram. 8 yaşlı oğlanın indi 8 yaşlı bir qız övladı olduğunu anlayıram və onun gözlərindəki ümiddən yapışaraq, ayağa qalxıram. Ümidlənirəm.


O qədər zaman keçdi ki, hər şey bir-birinə qarışdı. Müvəqqəti məskunlaşdığımız ərazilərdə də xatirələrimiz, qəbiristanlıqlarımız və s. yarandı. Necə olacaq, doğma yurdumuza köçərkən yenə köçkünmü olacağıq? Bu arada sizə də təşəkkürlər, doğma xalqımız! Bu illər ərzində sizdən yüksək qonaqpərvərlik gördük.


Torpaq itkisi qəlbimizdə elə bir iz buraxıb ki, Vətən deyəndə beynimizdə ancaq müəyyən bir ərazi canlanır. Mənim üçün o torpaqlar qədər önəmli olan sizsiniz, əzizlərim!


Məhlələr, evlər- hər şey siz var olduqca gözəldir. Ümid edirəm ki, bir yerə yığışdığımızda zamanın bizə vurduğu maddi zərərlərlə yanaşı, mənəvi yaraları da aradan qaldıra biləcəyik. Bir-birimizə həmdəm olmağı bacaracağıq.


Doğma torpaqlarda görüşmək ümidi ilə:


Zaur Fəxrəddin oğlu Vəliyev,
Cəbrayıl rayonu 8 saylı məktəbin müəllimi

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?