Modern.az

Rusiyadakı diaspor rəhbəri: “İndi başımızı dik tuta bilirik” - MÜSAHİBƏ

Rusiyadakı diaspor rəhbəri: “İndi başımızı dik tuta bilirik” - MÜSAHİBƏ

15 Yanvar 2021, 09:24

 Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının birləşərək ordumuza dəstəyinin şahidi olduq. Onların arasında adi vətəndaşlar, diaspor nümayəndələri, iş adamları, hər kəsə rast gəlmək mümkün idi. 44 gün ərzində təkcə ordumuzla xalqımızın birliyi dünyaya sübut etdi ki, biz öz doğma torpaqlarımız uğrunda necə mübarizə aparırıq. Nəticədə şanlı qələbəyə nail olduq... Bu qələbə şəhidlərimizin qanı, qazilərimizin canı bahasına qazanıldı. Bu qələbə bütün dünya azərbaycanlılarının qələbəsi oldu.

Ordumuza dəstək göstərənlərdən biri də Kamçatka diyarı azərbaycanlılarının milli “AZƏRİ” ictimai təşkilatının sədri, Kamçatka diyarı millətlərarası “BİRLİK” (“SODRUJЕSТVО») ictimai təşkilatı şurasının sədri, Kamçatka diyarı İctimai Palatasının etika və reqlament komissiyasının sədri Ramazan Hüseynovdur. Onunla olan müsahibəni təqdim edirik:

 

  • - Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının fəaliyyəti sizi qane etdimi?

 

  • - Bəli, etdi! Hər bir azərbaycanlı, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, 30 ildir ki, bu möhtəşəm qələbəni səbirsizliklə gözləyirdi. Vətəndən uzaqda olmağımıza baxmayaraq, gənc nəslimizi vətənpərvərlik və doğma Azərbaycanımızın ərazi bütövlüyünün bərpa olunmasına inam ruhunda tərbiyə etmişik. 44 günlük Vətən müharibəsi dövründə dünya azərbaycanlıları bir yumruq kimi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ətrafında birləşdi. Xarici ekspertlərdən biri Azərbaycanın bu müharibədə qələbə qazanması amillərini sadalayarkən, məhz, dünya azərbaycanlılarının birliyini, həmrəyliyini ən əsas amil kimi səciyyələndirdi. Bunu həm də “Milli Orduya Yardım fondu”na keçirilən vəsaitlər, ianələr, əsgərlərə isti paltarların alınması, maddi və mənəvi dayaq açıq sübut edir. Biz ilk dəfə həm ön cəbhədə, həm də ki, informasiya cəbhəsində düşmənlərimiz üzərində parlaq qələbə qazandıq.  

 

  • - Mətbuatdan da göründüyü kimi, sizin təşkilat kifayət qədər dəstək göstərdi. Öz fəaliyyətinizi yetərli hesab etdinizmi?

 

  • - Doğrusu, bu çox çətin sualdır. Əsgər və zabitlərimizin yeni tarix yazdığı vaxtda, qan töküb, canlarını vətən uğrunda qurban verdikləri halda, nə etsək də, bununla qənaətlənmək olmazdı. Çünki qarşımızda çoxlu, həllini hələ tapmamış, mühüm məsələlər var. Qarabağda asayişin bərqərar olması və qorunması, Şəhid ailələrinə, qazilərə yardım, azad olunmuş torpaqlarımıza qaçqınların və məcburi köçkünlərin qayıtması üçün tikinti, bərpa və abadlıq işlərinin aparılması böyük vəsaitlər tələb edir. Bundan əlavə, dünyada Azərbaycana qarşı informasiya müharibəsi hələ də davam edir və yeni formalar alır. Ona görə də, biz öz fəaliyyətimizi ikiqat artırmalıyıq.

 

  • - Bu qələbəni xaricdə yaşayan azərbaycanlılar necə dəyərləndirdilər?

 

  • - Bu qələbənin, bütün dünya azərbaycanlıları üçün dəyəri ondadır ki, biz artıq, başımızı dik tuta bilirik, torpaqlarımız 30 illik işğaldan azad olunub, vətənimizin ərazi bütövlüyü bərpa olunub. Duşmənlərimiz bizə “alverçi xalq” adını qoymuşdular,  özlərini isə “döyüşçü xalq” kimi qələmə verirdilər. Müzəffər Azərbaycan Ordusu kimin kim olduğunu, nəyə qadir olduğunu bütün dünyaya göstərdi, vətəndə və xaricdə yaşayan azərbaycanlılar isə özlərinin birliyi ilə bunu sübut etdilər. 

 

  • - Artıq işğaldan azad olunmuş torpaqlarımıza qayıdış başlayıb. Bununla bağlı fikirləriniz necədir? Qayıdışla bağlı dəstəyiniz olacaqmı?

 

  • - Əlbəttə ki biz də bir azərbaycanlı kimi, Azərbaycan Respublikasında baş verən hadisələri, xəbərləri izləyirik. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “Qarabağ Dirçəliş Fondu” yaratması təşəbbüsünü dəstəkləyirik. Cəmiyyətimizdə bu məsələni elə ilk gündə müzakirə etmişik, cəmiyyətimizin bütün üzvləri, bir nəfər kimi prezidentin bu çağırışına hazır olduqlarını bildirdilər. Yuxarıda göstərdiyim kimi, qaçqınların və məcburi köçkünlərin azad olunmuş torpaqlarımıza qayıtması üçün çoxlu işlər görülməlidir. Azad olunmuş torpaqlarımızın minalardan, partlamamış raket və mərmilərdən təmizlənməsi, düşmən tərəfindən darmadağın edilmiş şəhər və kəndlərimizin bərpa olunması və bununla əlaqədar olan çoxlu tədbirlərin, işlərin görülməsi, tarla və əkin sahələrinin yararlı hala gətirilməsi - belə görüləsi işlər çoxdur ki, bunların həyata keçirilməsi həddindən artıq böyük maddi vəsait və ianələr tələb edir.  Biz də bir Azərbaycan övladı kimi, bu tədbirlərdən kənarda dura bilmərik və durmayacağıq. İnanıram ki, biz – bütün dünya azərbaycanlıları buna tezliklə nail ola bilərik. Bundan əlavə, hesab edirəm ki, o yaşayış məntəqələrində, hansı ki, hal-hazırda Rusiya sülhməramlılarının vasitəçiliyi ilə erməni millətinin nümayəndələri qaytarılır, o, məntəqələrdə yaşayacaq sakinlərin milliyyətcə azərbaycanlı olan hissəsi, başqalarına nisbətən, 3-4 qat çoxluq təşkil etməlidir.

 

  • - Yalnız sizin deyil, digər regionlardan tanıdığınız diaspor rəhbərlərinin, iş adamlarının bu məsələ ilə bağlı fikirləri necədir, Qarabağa qayıdışla bağlı töhfə verəcəklərmi?

 

  • - Həqiqətən də Rusiya Federasiyasının müxtəlif regiolarında fəaliyyət göstərən Azərbaycan milli icma rəhbərləri arasında Azərbaycan Respublikasında baş verən hadisələr izlənilir və müzakirə olunur. Böyük iftixar hissi ilə deyə bilərəm ki, harada yaşamağımızdan asılı olmayaraq, təkcə icma rəhbərləri və iş adamları deyil, bütün həmvətənlilərimiz bu məsələ ilə bağlı həmfikirdirlər.

Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi