Modern.az

“Azad olunmuş ərazilər heyvandarlıq üçün daha böyük potensiala malikdir” - Firdovsi Fikrətzadə

“Azad olunmuş ərazilər heyvandarlıq üçün daha böyük potensiala malikdir” - Firdovsi Fikrətzadə

26 Yanvar 2021, 11:42

“Azad olunmuş torpaqlarda kənd təsərrüfatının bərpası perspektivləri həm bitkiçilik, həm heyvandarlıq üzrə mövcuddur. Amma qiymətləndirmələr göstərir ki, bu region heyvandarlıq sahəsi üçün daha böyük potensiala malikdir”.

 

Bunu Modern.az-a açıqlamasında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrtəzadə bildirib.

 

F.Fikrətzadənin sözlərinə görə, Kəlbəcər, Laçın, Qubadlıda böyük yaylaqlar, otlaq sahələrinin mövcudluğu bölgənin heyvandarlıq potensialını artırır:

 

“Ağdam, Füzuli, Cəbrayıl rayonlarının da heyvandarlıq üçün böyük yem bazası imkan verir ki, rayonlarda heyvandarlıq sürüləri bərpa olunsun. Heyvandarlığın bərpası hesabına regionda ət və süd istehsalının artımının, ölkə miqyasında ərzaq məhsullarının təminatına təsir edəcək həcmdə olacağı proqnozlaşdırılır.

 

Həmçinin, bölgə arıçılıq inkişafı üçün əlverişlidir. Tarixən bölgələrdə baramaçılığın inkişaf təcrübəsi olub ki, ümumi baramaçılıq inkişafı kontekstində regionlarda baramaçılıq bərpa olunacaq”.

 

Direktor qeyd edib ki, azad edilmiş ərazilərdə bitkiçilik sahələrinin bir neçə istiqamətdə bərpası nəzərdə tutulub:

 

“İnkişaf əsasən heyvandarlıq yönümlü olacağından, burada taxıl və yem bitkilərinin ümumi əkin sahəsi üstünlük təşkil edəcək. Ancaq bununla belə, Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində də olan pambıqçılıq sahələri azad olunmuş ərazilər hesabına qismən genişləndiriləcək. Həmçinin, bu iki rayon hesabına tərəvəzçilik məhsullarının istehsalında artım olacaq.

 

Ağdərə, Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli rayonlarında üzümçülük ənənələri olub. Bu baxımdan üzüm bağlarının bərpa olunması istiqamətində tədbirlər gözlənilir”.

 

 

F.Fikrətzadə bildirib ki, region üçün əvvəllər ənənəvi olmayan intensiv meyvə bağlarının salınması da nəzərdə tutulur:

 

“Əvvəllər regionda kiçik miqyasda həyətyanı sahələrdə meyvə ağacları əkilirdi. İndi isə intensiv bağlar salınması perspektivi mövcuddur.

 

Hazırda Kənd Təsərrüfatı Nazirliyi aidiyyatı qurumlarla birgə kənd təsərürfatının bərpası və inkişafı mexanizmləri üzərində iş aparır. Dövlətin kənd təsərrüfatının müxtəlif istiqamətlərinə dəstək tədbirləri var. Bu təbirlər daha çox kənd təsərrüfatının inkişafı məqsədi daşıyırsa, işğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatının bərpa olunması mexanizmləri üzərində də aparılır. Ərazilər minalardan təmizləndikcə, tədricən məskunlaşma getdikcə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əkin-biçin aparılması üçün lazım olan aqrotexniki xidmətlər, gübrə, pessisit, toxum təminatı ilə bağlı planlama işləri həyata keçirilib. Bir sözlə işğaldan azad olunmuş ərazilərdə əkin-biçin işlərinin aparılması üçün hər şey hazır vəziyyətə gətirilib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir