Modern.az

İlham Əliyev: “Xocalı qurbanlarının da qanı II Qarabağ müharibəsində alındı”

İlham Əliyev: “Xocalı qurbanlarının da qanı II Qarabağ müharibəsində alındı”

25 Fevral 2021, 16:35

“İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhidimiz olub. Mən, o cümlədən bunların arasında mülki vətəndaşları da nəzərdə tuturam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizə, onların yaxınlarına səbir versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Biz Birinci Qarabağ müharibəsinin şəhidlərinin, İkinci Qarabağ müharibəsinin şəhidlərinin qanını aldıq. Düşməndən intiqamımızı aldıq, ərazi bütövlüyümüzü bərpa etdik və şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq”.


Modern.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə çıxışı zamanı deyib.


Dövlət başçısı deyib:

“Birinci Qarabağ müharibəsində 12 mindən çox şəhidimiz olmuşdur və 4 minə yaxın hərbçimiz itkin düşmüşdür, təqribən 16 min itkimiz olmuşdur və torpaqlarımız işğal altına düşmüşdür. İkinci Qarabağ müharibəsində şəhidlərimizin sayı müharibənin miqyasına görə həddindən artıq azdır. Əlbəttə, hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir. Hər bir insanın həyatı qiymətsizdir. Ancaq nəzərə alsaq ki, genişmiqyaslı müharibə aparılıb və ilk günlərdən əks-hücum əməliyyatı, əslində, hücum əməliyyatına çevrilmişdir. Ermənilərin otuz il ərzində qurduqları istehkamları, 5-6 xətt müdafiə istehkamlarını və o bölgənin relyefini nəzərə alsaq, tam qətiyyətlə deyə bilərik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Hətta dünyanın aparıcı ölkələrinin hərbi ekspertləri təəccüb edirlər ki, biz torpaqlarımızı işğalçılardan belə az itkilərlə azad etdik. Nəyə görə? Çünki bütün əməliyyatlar planlaşdırılanda ən vacib amillərdən biri itkilərin az olması idi. Hər gün əməliyyat planını təsdiq edərkən o amil ön planda idi.


Müharibə itkisiz olmur. Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün örnək olmalıdır, gənc nəsil üçün örnək olmalıdır və olacaq.


Biz ədaləti bərpa etdik, otuz il ərzində işğal altında olan torpaqları qaytardıq və dövlətimizin, xalqımızın gücünü göstərdik. Müharibənin ilk günündən üstünlük bizim tərəfimizdə idi. Düşmən demək olar ki, panikaya, isterikaya qapılmışdı. Ermənistan ordusunda onların özlərinin etirafına görə 10 mindən çox fərari olmuşdur. İndi Ermənistan dövləti bilmir ki, bu fərariləri necə mühakimə etsin. Çünki bu da böyük problemlərə gətirib çıxara bilər. Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır. Halbuki Birinci Qarabağ müharibəsində fərarilər olub.


Birinci Qarabağ müharibəsində bizim qəhrəman övladlarımız şücaət göstərmişdilər. Ancaq o vaxt Azərbaycanın başında olan insanlar lazımi tədbirlər görə bilməmişdilər. Xüsusilə AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi və faktiki olaraq müharibənin sonrakı gedişatını şərtləndirdi. Çünki Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılmışdır və ondan sonra digər torpaqların işğalı üçün ermənilərin çox böyük üstünlüyü yaranmışdır.


O vaxt faktiki olaraq bizim bölgələrimizin müdafiəsi demək olar ki, özünümüdafiə qüvvələrinin öhdəsinə buraxılmışdı. Nizami ordu yox idi. Hətta insanları Kəlbəcərdən, Laçından çıxarmaq üçün lazımi tədbirlər görülməmişdi, ona görə də, əhali arasında böyük itkilər olmuşdu. Sabah Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir. Bu cinayəti Ermənistan dövləti törədib.

Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər