Son günlər İsraillə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq diqqət çəkir. Bu əməkdaşlığın digər sahələri də əhatə edəcəyi gözlənilir.
Modern.az mövzu barədə Milli Məclisin yəhudi deputatının mövqeyini öyrənməyə çalışıb. Deputat Anatoli Rafailov qeyd edib ki, bu tərəfdaşlığı üçbucaq kimi xarakterizə etmək olar:
«Biz hər zaman Türkiyə-İsrail münasibətlərinin normallaşmasının tərəfdarı olmuşuq. Azərbaycan həm Türkiyə ilə, həm də İsraillə strateji tərəfdaşlığa malikdir. Türkiyə-İsrail yaxınlaşmasının Azərbaycan-İsrail münasibətlərinə də müsbət təsiri var. Ona görə də bu əməkdaşlığı strateji üçbucaq kimi xarakterizə etmək olar».
Yəhudi deputat Azərbaycanın İsraildə səfirlik açması məsələsinə də toxunub:
«Təbii ki, gələcəkdə Azərbaycan İsraildə səfirlik açacaq. Ancaq cənab prezident İlham Əliyevin çox gözəl bir fikri var: «Mən bilirəm ki, nəyi və nə zaman etmək lazımdır». Hesab edirəm ki, nə zaman vaxtı yetişəndə o zaman da səfirliyimiz açılacaq»