Modern.az

Bakıda oxuyan pakistanlı qız azərbaycanlı oğlana ərə getdi - FOTO

Bakıda oxuyan pakistanlı qız azərbaycanlı oğlana ərə getdi - FOTO

Mədəni̇yyət

15 Aprel 2021, 14:26
Bakı Ali Neft Məktəbinin (BANM) azərbaycanlı məzunu bu təhsil ocağının pakistanlı tələbəsi ilə ailə həyatı qurub.


Modern.az xəbər verir ki, BANM-ın Neft-qaz mühəndisliyi ixtisasının məzunu Elvin İsmayılov eyni ixtisasın III kursunda təhsil alan pakistanlı tələbə Masuma Rizvi ilə nikaha girib.

Gənclərin nikahı bu gün 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydə alınıb.

Müqəddəs Ramazan ayında baş tutan bu nikah mərasimində BANM-ınrektoru Elmar Qasımovla Pakistanın ölkəmizdəki səfiri Bilal Haye şahid qismində iştirak edib.

Rektor və səfir gəncləri təbrik edərək, onlara iki ölkə arasındakı isti və dayanıqlı münasibət kimi ailə həyatı arzulayıblar. Gənc ailəyə hədiyyələr təqdim olunub.

Hər iki ölkənin adət-ənənələri nəzərə alınan mərasimə karantin qaydalarına uyğun olaraq cütlüyün az sayda yaxın qohumları da qatılıb.

Onların hər ikisi BANM-in Tələbə evində məskunlaşıblar. Elə sevgi münasibətləri də təhsil aldıqları müddətdə yaranıb.

Elmar Qasımovun tapşırığı ilə gənclərin bundan sonra da Tələbə evində məskunlaşması üçün bütün şərait yaradılıb.

Elvin İsmayılov deyir ki, Vətən müharibəsində Pakistanın ölkəmizə dəstəyi və qardaşlıq mövqeyi onlar üçün də nümunə olub. Elə onları münasibətlərini daha tez rəsmiləşdirməyə ruhlandıran da bu olub.

“Bu nikah Azərbaycan və Pakistan qardaşlığının bir gözəl nümunəsidir. Eyni din, eyni adət-ənənləri olan xalqaların birlik simvoludur bu ailə. Bakı Ali Neft Məktəbi isə bu ailəni birləşdirən körpü rolunu oynadı.

Tələbələrimiz olan bəylə gəlini ürəkdən təbrik edir, onlara ailə səadəti, xoşbəxtlik, uzun, sağlam, bərəkətli ömür arzu edirəm. Sevgi dolu həyat diləyirəm”,-deyə rektor Elmar Qasımov bildirib.

Qeyd edək ki, nikah mərasimindən əvvəl gənclərin ailələri internet üzərindən bir-biri ilə tanış olub və onlara öz xeyir-dualarını veriblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi