“Azərbaycanın indiyə kimi ən başlıca problemlərindən biri tullantı sularının normal qaydalara uyğun idarə olunmamasıdır”.
Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “feysbuk” səhifəsində canlı yayımlanan “Ekspert saatı”nda Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov danışıb. Sədr qeyd edib ki, Bakının təxminən 50-55 faizə qədər hissəsində mərkəzləşdirilməmiş kanalizasiya şəbəkələri mövcuddur:
“Toplanan tullantı sular bu və ya digər vasitələrlə son nəticədə Xəzər dənizinə istiqamətlənir. Bu problemin köklü surətdə həll olunması üçün investisiya qoyulmalıdır. Məsələ şəhərbəşəhər təmin olunmalıdır. Bakı şəhəri və bütün rayonların tullantı sularının idarəolunması ilə bağlı master-lan mövcuddur. 30-a qədər rayonda , insanların sıx yaşadığı yerlərdə mərkəzləşdirilmiş nasosxana sistemi ilə birlikdə kanalizasiya sistemi qurulub, təmizləyici qurğular artıq fəaliyyət göstərir. Əlbəttə ki, bu yetərli deyil. Bakı şəhərində müxtəlif qəsəbələrdə kanalizasiya şəbəkəsinin olmaması göllərin əhatə dairəsinin artmasına, müəyyən mənada ətrafın çirklənməsinə, o cümlədən atmosferin, torpaqların çirklənməsinə səbəb olur”.