Modern.az

\"Bu, etibarlı münasibətlərimizə kölgə salmaq deməkdir\" - Ülvi Quliyev

\

23 Aprel 2021, 12:25

Avropa Şurası Parlament Assambleyasında “erməni əsirlərin qaytarılması” ilə bağlı erməni deputatların anti-Azərbaycan, beynəlxalq hüquqa zidd olan təşəbbüsünü dəstəkləyənlərdən biri də Gürcüstan oldu. Dostluğuna güvəndiyimiz, müttəfiq hesab etdiyimiz Gürcüstan Azərbaycana xəyanət etdi. Deputatlarımızın məsələyə münasibətini öyrənmək istədik. Modern.az-ın ilk müraciət etdiyi millət vəkili Ülvi Quliyev sualımızı belə cavablandırdı:

”Əgər Gürcüstan hakimiyyəti yaxasını kənara çəkib, bunu hakimiyyət bölgüsü, demokratiya anlayışları ilə izah etmək istəsə belə, inandırıcı olmayacaq və gürcü deputatların qeyri-dost davranışına cəmiyyətimizin münasibəti dəyişməyəcək. Ən azından ona görə ki, bu yaxınlarda Gürcüstanda səfərdə olan Ermənistan prezidenti A.Sarkisyan orada imza atdığı “Fəxri qonaqlar” kitabına Ağrı Dağının rəsmini çəkmişdi. Gürcüstan prezidenti S.Zurabişvili ”rəssamlıq” etməyə həvəsiyən erməni həmkarının “əl işini” nədənsə mediada böyük həvəslə paylaşmışdı. Gürcüstan liderinin bu paylaşımı çəkilən rəsmin təqdiri, rəsmlə çatdırılmaq istənilən arzu və mövqenin təşviqi anlamına da gəlir. Sözsüz, bilməmiş deyildilər ki, bu cür təqdir Türkiyə və Azərbaycanda necə qarşılanacaq, münasibət necə olacaq. Ola bilsin, bayaq dediyimiz nədənsənin kökü elə buradadır. Ona görə də demokratiya, deputatın müstəqil fikri, hakimiyyət bölgüsü və sair buna bənzər izahlara elə həmin andan kölgə salınıb. Bilərəkdən, yoxsa bilməyərəkdən, bu, başqa bir məsələdir. İstənilən ölkənin, xüsusən dost sandığımız dövlətin birinci şəxsinin bu cür həssas məsələlərdə nəyisə hesablamadan, bilməyərəkdən edə biləcəyi məntiqlə və birinci şəxsin statusu ilə uzlaşmır. Amma o da var ki, xanım S.Zurabişvili Fransa doğumludur, hətta Vikipediyada təkcə gürcü deyil, həm də fransız siyasətçisi və dövlət xadimi kimi təqdim olunur. Fransızların Ermənistana “sevimli, kiçik bacı” gözü ilə baxdıqları məlumdur. Bu məqamı sadəcə yadıma düşdüyü üçün xatırlatdım. O ki, qaldı xəyanət məsələsinə, bu cür ağır ifadənin işlədilməsi üçün hansı əsasların verilməsindən asılı olmayaraq, ondan istifadəni doğru hesab etmirəm. Çünki xanım S.Zurabişvili azərbaycanlıların və Azərbaycan Dövlətinin həmişə özünə etibarlı dost hesab etdiyi qədim gürcü xalqının rəhbəridir. Gürcüstanlı deputatların AŞPA-da xalqlarımız arasındakı etibara uyğun davranmadıqları və ona ciddi kölgə saldıqları şəksizdir. Kimin hansı “rəsmi” təqdir etməsindən asılı olmayaraq,inanıram ki, Azərbaycan və Gürcü xalqları qədim dostluqlarını qoruya biləcəklər. Bunun əksi hər iki xalqın maraqlarına, tarixi bağlarına, siyasi və iqtisadi çıxarlarına ziddir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır