Modern.az

Atam illərlə uğrunda vuruşduğu bir Qələbəni gördü, amma...

Atam illərlə uğrunda vuruşduğu bir Qələbəni gördü, amma...

10 May 2021, 10:53

...heyf ki, Qarabağ Qələbəmizi görmək ona qismət olmadı...

 


...1941-45-ci illər müharibəsinin odlu yollarını keçərək, böyük bir Qələbəni görmüş atam Abdurahman Məhəmməd oğlu Abdurahmanov elə həsrətindəydi ki, ikinci qələbəni də - öz qələbəmizi də görsün. Ancaq tale də qismət eləmədi, bəzi bədxahlar, nanəciblər də onun infarkt keçirərək, 1996-cı ildə - 73 yaşında dünyadan köçməsinə səbəb oldular.


Vəfatına qədər atam haqqında bir müharibə veteranı kimi heç nə yazmamışdım. Doğrusu, Qarabağ dərdlərimizə qədər mən və mənim yaşıdlarım, bütünlükdə bizim orta nəsil təəssüf ki, 1941-45 müharibəsi haqqında söhbətlərə o qədər də diqqət verməz, maraq göstərməzdik. Əslində heç atam da o barədə danışmağı xoşlamazdı. Hərdən söhbət düşəndə, sadəcə (sadəcə?..) köks ötürüb, başını bulayardı: “oğul, getsin o günlər, gəlməsin!”. Bizə bir şey deməsə də, yəqin qəlbən onunla təsəlli, rahatlıq tapırdı ki, daha müharibə yoxdur, Azərbaycanda, doğma elində-obasında əmin-amanlıqdır, güllə səsləri eşidilmir...


1941-
ci ildə - 18 yaşında cəbhəyə yollanan atam 1945-ci il qələbəsindən sonra da hələ iki il "Qızıl Ordu" sıralarında saxlanmışdı. O zaman döyüşlərdə necə vuruşduğu haqda özü danışmasa da, ölümündən sonra cəbhə dostu Lətif dayının (Mirzəyevin) onun haqqında dedikləri az da olsa, məndə müəyyən təəssürat yaratdı. O etiraf edirdi ki, "Abdurahman savadlı idi, rus dilini yaxşı bilirdi və bizim hamımızdan hünərli, şücaətliydi. Nə gizlədim, mənim kimisi çox vaxt canını qorumağa çalışırdı, ancaq o, qorxu-zad bilmirdi, cəsarətliydi, elə həmişə irəli cumur, irəli can atırdı. Bacarıqlı, qorxubilməz olduğunu görüb, komandirimiz onu tez-tez kəşfiyyata göndərirdi. Elə vaxtlarda onunla hər ehtimala qarşı qucaqlaşıb, xudahafizləşəndə gülərək deyirdi ki, Lətif, qorxma, sağ-salamat qayıdacam. Qayıdırdı da."


Lətif dayı danışırdı ki, “düşmən mövqeyi barədə məlumat əldə etmək üçün Abdurahman vaxtaşırı komandirin əmri ilə bizdən xeyli irəli getməli olurdu. Bir dəfə qalın meşəlik arxasında olarkən növbəti dəfə kəşfiyyata göndərilir. Məsafə uzaq olduğundan komandirdən xahiş edir ki, tapşırığı tez yerinə yetirmək üçün ora həmin ərəfədə hardansa əlimizə keçmiş velosipedlə getməsinə icazə versin. Komandir bunun təhlükəli olacağını bildirsə də, Abdurahman onu inandırır ki, yolun çox hissəsini velosipedlə, sonra isə piyada gedəcək, ehtiyatı əldən verməyəcək. Elə də edir və çox keçmədən mühüm məlumatla qayıdır. Lakin bir dəfə yenə də meşə yolu ilə gedərkən o, qəfildən atəşə tutulmağa başlayır. Velosipedi o yan-bu yana qaçırmaqla cəldlik göstərərək, birtəhər aradan çıxır. Növbəti dəfə də bu hal təkrar olunanda Abdurahman bildirir ki, ona atəş yerdən yox, hansısa ağac başından açılır. Ona görə də növbəti “səfərə” ciddi hazırlıq görülür. Abdurahmana biri snayper olmaqla iki yoldaş da verilir. Müəyyən bir yerə çatanda yenidən ona atəş açılır. Atəş nöqtəsi müəyyən olunur və snayperimizin sərrast atəşi ilə düşmən nöqtəsi vurulur. Sən demə, bu, uca bir ağac başına çıxmış düşmən snayper... qız imiş. Atəş açılmağı ilə onun əlindəki silahla birgə ağacın altına döşənməsi bir olur”.


***


Allah Lətif kişiyə də rəhmət eləsin, artıq o da dünyadan köçüb. Ancaq atam haqqında söylədiyi xatirə hələ də yadımdadır və bir daha inandım ki, mənim atamla öyünməyə, fəxr etməyə bu gün həqiqətən haqqım var!


Bəlkə mən indi də qeyri-təvazökarlıq hesab edərək, atam haqqında yazmağa tərəddüd edərdim. Ancaq iki il əvvəlki 9 May günündə gördüm ki, Rusiya jurnalistləri, artistləri, şair və yazıçıları Moskvanın müxtəlif telekanallarında özlərinin müharibə iştirakçısı olmuş ata-babaları haqqında böyük fəxrlə, ağız dolusu danışır, şəkillərini nümayış etdirirlər. Belə olan halda bəs niyə mən təvazökarlıq edərək, atam haqqında heç nə deməməliyəm? Axı, o, həqiqətən mərd, qorxmaz bir döyüşçü olub. Müharibə dövründə layiq görüldüyü “Qırmızı ulduz”, 1-ci dərəcəli “Vətən müharibəsi” ordenləri, “Almaniya üzərində qələbəyə görə”, “Döyüş xidmətlərinə görə” medalları və digər orden-medallar təbii ki, döyüşlərdə göstərdiyi igidliyinə, şücaətinə görə verilib. Sovetlərin 13-cü ordusunun 211-ci Suvorov ordenli Çerniqov diviziyasının tərkibində yüzlərlə kilometr uzun və ağır döyüş yolu keçmiş atam bir-neçə dəfə güllə, qəlpə yaraları alsa da, hər dəfə qospitalda müalicəsi başa çatar-çatmaz yenidən döyüşə yollanıb. Müharibədən sinəsində orden-medallarla, bədənində isə qəlpələrlə, güllə yaraları ilə qayıtmışdı. 2-ci qrup müharibə əlili idi. Buna baxmayaraq, dinc quruculuq illərində uzun müddət Şəkinin taxılçılıq sovxozunda çalışdı, kənd Sovetinin deputatı oldu, doğma elinin-obasının xeyrində-şərində yaxından, fəallıqla iştirak etdi.


1990-cı ilin 20 yanvar faciəsi baş verəndə atam göz yaşını saxlaya bilməyərək, vaxtilə xidmət etdiyi Sovet ordusuna, xəyanətkar, satqın M.Qorbaçova lənətlər yağdırmışdı. Gücü yalnız ona çatmışdı ki, səhərisi günü kəndin ortasında öz gücü ilə, bacardığı kimi (ustalığı da vardı) şəhidlərimizə xatirə abidəsi düzəltsin. Sovxoz rəhbərliyi, kəndin camaatı, məktəblilər axın-axın gəlib, abidə önünə gül dəstələri düzür, günahsız həlak olmuş şəhidlərimizin, həmçinin eloğlumuz Fərman Məmmədovun o qanlı gecədə öldürülmüş məktəbli qızı Larisanın ruhunu yad etmişdilər. Atam elə ilk günlər abidənin yaxınılığındaca çadır quraraq, sonralar isə öz həyətimizdə şəhidlərimiz üçün yas məclisləri - "cümə axşamları", "40" mərasimi də vermişdi.


Atam öz ömrünü mənalı yaşadı, 6 övlad böyütdü, onlarla nəvə-nəticə babası oldu. Bircə ona heyfsilənirəm ki, uca boylu, cüssəli-gövdəli olsa da, bəzi “yaxın naxələflər” ucbatından dünyadan vaxtsız - ömrünün 73-cü ilində köçdü...


***


...Atam illərlə uğrunda vuruşduğu 9 May Qələbəsini gördü, təəssüf ki, kiçik qardaşı, hərbçi mayor Zabit Abdurahmanovun oğulları ilə birgə uğrunda döyüşdüyü, daim arzusunda olduğu Qarabağ Qələbəsini görmək ona qismət olmadı... Axı, bütün xalqımız kimi atam da Qarabağımızın, Şuşamızın elə böyük həsrətində, arzusunda idi ki!


Allah Sənə, dünyadan köçmüş bütün döyüş dostlarına rəhmət eləsin, ey doğma Vətənini, el-obasını, ailəsini, övladlarını, nəvələrini dünyalarca sevən, onların xoşbəxtliyi üçün daim özünü oda-közə vuran, heç zaman unudulmayacaq əziz, unudulmaz ATAM!


İndi yəqin Sənin ruhun xalqımızın qeyrətli, qəhrəman oğlu, Azərbaycanımızın vətənpərvər Prezidenti, Ali Baş komandanımızın müdrik rəhbərliyi sayəsində qüdrətli, müzəffər Milli Ordumuzun igidlərinin azad etdiyi, son günə qədər həsrətində, arzusunda olduğun Qarabağın, müqəddəs Şuşamızın başı üzərində dolaşır! Yəqin ki, Şuşanın azadlığı, Vətən Qələbəsi xəbəri Sənə dünyanın ən xoş müjdəsi kimi elə göylərdə yetişib! Sənin də, müharibədən qayıtymamış 18 yaşlı əmin oğlu, adını babamın öz nəvəsinə vermiş Nazim Abdurahmanovun da gözü aydın, ruhunuz şad və rahat olsun, əziz Atam!


Hər zaman Sənə böyük övlad sevgisi və ehtiramla:


oğlun Rəhman ORXAN

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?