Modern.az

ABŞ-ın milli təhlükəsizlik müşaviri Əliyevlə Paşinyana zəng etdi - Ağ Ev sərhəd mübahisəsindən narahatdır

ABŞ-ın milli təhlükəsizlik müşaviri Əliyevlə Paşinyana zəng etdi - Ağ Ev sərhəd mübahisəsindən narahatdır

Hadisə

18 May 2021, 08:55

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi internet saytında dərc olunmuş məlumatda bildirilib. Qeyd edilib ki, Ceyk Sallivan Birləşmiş Ştatlar Cənubi Qafqazda sülh, təhlükəsizlik və firavanlığın yaradılmasında maraqlıdır.

 

Milli təhlükəsizlik müşaviri bununla yanaşı, Ermənistan və Azərbaycan arasında yaranmış son gərginlikdən narahatlığını ifadə edib.

 

O vurğulayıb ki, demarkasiya olunmamış sərhədlərin yaxınlığında hərbi hərəkətlər təhlükəli addımlardır.

 

Ceyk Sallivan iki tərəf arasında davam edən kommunikasiyanı və hər iki liderin məsələnin sülh yolu ilə həllinə sadiqliyini alqışlayıb.

 

O, habelə tərəfləri rəsmi müzakirələr aparmağa və iki ölkə arasındakı beynəlxalq sərhədi demarkasiya etməyə çağırıb.

 

Milli təhlükəsizlik müşaviri deyib ki, Birləşmiş Ştatlar regional barışığın əldə edilməsi üçün həm ikitərfəli, həm də Minsk qrupunun həmsədri kimi danışıqlara sadiqdir.

 

Xatırladaq ki, sərhəd mübahisəsinin kökündə duran səbəb Ermənistanın 1992-ci ildə Laçını işğal edəndən sonra bu ərazidə dövlət sərhədini irəli çəkməsidir. Laçın bölgəsini 2020-ci il noyabrınadək işğal altında saxlayan Ermənistan son günlər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etməsilə razılaşmır. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri mayın 12-də Laçınla Ermənistanın Gorus bölgəsi arasında yerləşən Qaragöl istiqamətində dövlət sərhədinin dəqiqləşdirilməsinə - delimitasiya və demarkasiya işləri görməyə çalışır. 
Ermənistan tərəfi isə təxribat xarakterli bəyanatlar yaymaqla Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub. İşğalçı ölkənin rəsmiləri bununla bağlı hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da müraciət edərək hərbi yardım istəyib.
 

Azərbaycan Prezidenti İlham Əliyev də bazar ertəsi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı deyib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. 

İlham Əliyev bildirib ki, Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?