Modern.az

“28 ildə köhnə şəkillərlə təsəlli tapmışıq” - Laçınlılar...

“28 ildə köhnə şəkillərlə təsəlli tapmışıq” - Laçınlılar...

18 May 2021, 16:06

Bu gün Laçın rayonunun işğal tarixidir. 1992-ci il mayın 18-də erməni silahlı birləşmələri Azərbaycanın Laçın rayonunu işğal etmişdi. Düz 28 il boyunca bu qara tarixi işğal günü olaraq qeyd etmişik. Artıq Laçın Ermənistan Silahlı qüvvələrinin nəzarətində deyil. 44 günlük Vətən müharibəsinin yekunu olaraq kapitulyasiyaya imza Ermənistan üçtərəfli bəyanatın şərtlərinə əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana qaytarmağa məcbur oldu.

Azərbaycan Ordusunun bölmələri 2020-ci il dekabrın 1-də Laçına daxil olub və burada dövlət bayrağımız qaldırılıb.

Artıq Laçın azaddır, onun işğalından 29 il ötmür.

Modern.az-ın əməkdaşı işğal günü ilə bağlı laçınlılarla danışıb.


İşğaldan öncə Laçın alayının komandiri olmuş Arif Paşa keçən illərdən fərqli olaraq bu il may ayının 18-ni böyük sevinclə qarşıladığını vurğulayıb:


“Vətən, yurd itkisi çox ağırdır. Hər il may ayının 18-i yaxınlaşdıqda içimizdə bir sarsıntı olurdu. Şükürlər olsun ki, bizim ordumuz böyük qələbə qazandı və artıq hər kəs qürur hissi keçirir. Bu hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm.

Mən hər zaman deyirdim ki, Laçın dağlıq İsveçrəyə bənzəyir. Təbiəti, təbiətin dəyişən fəsilləri, yağışdan sonrakı mənzərə, saymaqla bitməz. Ən önəmlisi isə insanlarıdır. Laçının çox ləyaqətli, mərd, qonaqpərvər insanları var”.


Arif Paşa Laçına ilk getdiyi zaman öncə məzarlığı ziyarət edəcəyini söyləyib:

“Uşaqlığımı keçirdiyim yerlərə gedib xatirələrimi təzələyəcəm. 29 ildən sonra bu hissləri dadmaq çox təsirlidir. Bir şeyə çox təəssüf hissi keçirirəm ki, artıq Laçında  tanıdığımız evlərdən bizə doğma olan insanlar çıxmayacaq, içimizdə dəhşət, ağrı yaradan budur”.


Laçının deputatı Mahir Abbaszadə də fikirlərini bizimlə bölüşüb:


“2020-ci il sentyabrın 27-dən başlayaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan ordusunun gücü sayəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız 44 günlük müharibə nəticəsində geri qaytarılıb. Azad olunan ərazilər içərisində mənim doğulub boya-başa çatdığım və bu gün parlamentdə təmsil etdiyim Laçın rayonu da var. Bu münasibətlə bütün laçınlıları təbrik edirəm, eyni zamanda,  bütün Laçın ictimaiyyəti adından Cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Bugünkü təəssüratlar olduqca böyükdür.

Biz böyüyüb boya-başa çatdığımız torpaqlardan köçməyə, başqa bölgələrdə məcburi köçkün kimi yaşamağa məcbur olmuşduq. Bu gün isə tarix əksinə davam edir.  Hər il Laçının işğalını  yad edirdik, indi isə başqa təəssürat var. Bizim illərdir işğalını qeyd etdiyimiz Laçın azaddır.

Azad edilən bütün torpaqlarımızda zamanla layiqli həyat bərpa olunacaq. Məcburi köçkün olan insanlar doğma yurdlarına qayıdacaqlar”.


“Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə deyib ki, yalnız laçınlılar deyil, bütün Azərbaycan xalqı bu illər ərzində may ayının 18-ni böyük kədər, acı xatirələrlə yada salıb:


“Ürəyimizdə hər zaman ümid vardı. Biz gec-tez doğma torpaqlarımıza qayıtmalı idik. 29 ildən sonra ilk dəfədir ki, laçınlılar mayın 18-ni böyük sevinc və qürur hissi ilə qarşılayır. Artıq mayın 18-i qara tarix deyil. Çünki doğma rayonumuz işğaldan azad olunub, Laçının müxtəlif yerlərində Azərbaycan bayrağı dalğalanır və biz həmin yerlərə birdəfəlik qayıtmışıq.

Torpaqlarımız bizə qayıtsa da, ermənilərin Azərbaycan xalqına qarşı etdiyi işğalçılığı, vəhşilikləri heç vaxt unutmarıq”. 


İmdad Əlizadə ötən 29 ildə çox hadisələr yaşandığını bildirib:


“Bu illər ərzində bizə ümid verən yalnız Azərbaycan dövlətinin, ordusunun güclənməsi olub. Hazırda laçınlılar arasında müzakirə olunan, hər kəsin bir-birindən soruşduğu söz qayıdışın nə vaxt başlamasıdır. 28 il ərzində hər kəs bir-birinə Laçından olan köhnə şəkilləri göstərirdi, indi isə o şəkillər unudulub, hamı Laçından yeni görüntülər axtarır. Biz 28 il ərzində köhnə şəkillərlə təsəlli tapmışıq. Artıq o şəkilləri yeniləri əvəz edib, ürəyimizi ağrıtsa belə. Gözəl kəndlərimizdən əsər-əlamət qalmadığını görürük. İnsanlar evlərinin dağıntılarını bir-birlərinə sevinclə göstərir. “Ən azından 28 il sonra evimizin dağıntılarını görə bildik”, deyib sevinirlər.

Bizim torpağımız artıq azaddır, tezliklə oralara qayıdacağıq”.

 

Mehri Qurban

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?